1. Bərk bir şeyi dişlərilə dişləmək, bərk sıxıb parçalamaq, çeynəmək; didişdirmək. İtin peşəsi sümük gəmirmək olar. Əlini gəmirmək.
– Həsi çalışıb Hatəmxanın sağ əlinin baş barmağını iti dişləri arasına keçirtdi, bütün qüvvəti ilə elə gəmirdi ki, Hatəmxanın qolu keyiyib dondu…
[İt] əsla tələsmədən əti götürdü və bir-iki addım kənara çəkilib ədəblə gəmirdi…
2. Çeynəmək, yemək, qırıb tökmək. Siçan ipləri gəmirib.
– [Novruzəli:] …Qoy ulağın qıçını bağlayım, yoxsa gedər ağacları gəmirər.
// Məc. mənada.
Az qalır sahili gəmirsin dəniz; Tufan içindədir bu gün ölkəmiz.
Dənizdə tufan qalxır, Xəzərin ağ köpüklü çılğın dalğaları sahili gəmirirdi.
3. Bir sıra isimlərlə yanaşı gələrək mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: bığını gəmirmək, içini gəmirmək, ürəyini gəmirmək.