1. Bir şeyi əlinə götürərək, yaxud dalına yükləyərək olduğu yerdən başqa yerə köçürtmək, çatdırmaq (aparmaq ziddi).
// Eyni mənada nəqliyyat haqqında. Trolleybus adamları gətirdi. Təyyarə çoxlu yük gətirdi.
// Çatdırmaq. Məlumatı vaxtında gətirdilər.
2. Birinin hərəkətini yönəltmək, özü ilə bərabər bir yerə gəlməsinə kömək, yaxud özü ilə bərabər gəlməyə məcbur etmək. Uşağı evə gətirmək. Məktəbliləri gəzməyə gətirmək.
3. Özü ilə bərabər götürüb gətirmək, qovub gətirmək. Sel çoxlu kötük gətirdi. Yel özü ilə yağmur gətirdi.
4. Bar vermək, meyvə vermək, məhsul vermək. Ağac yaxşı alma gətirib.
// Məc. mənada.
5. məc. Hər hansı bir işdə müvəffəqiyyət qazanmaq, müvəffəqiyyət əldə etmək, uğurlu olmaq. Əli gətirmək. Bəxti gətirmək.
6. Təlqin edərək, inandıraraq və yaxud dilə tutaraq birini öz əqidəsindən, fikrindən döndərməyə, bir şeylə razı salmağa nail olmaq (adətən isimlərə qoşularaq işlədilir). Razılığa gətirmək. İnsafa gətirmək. İmana gətirmək.
7. İfadə etmək, davam etdirmək, çatdırmaq, başa çıxmaq. Sözün dalını gətirə bilmədi. – [Oğlan] tez-tez danışır, dili də şirindir, “r” səsini gətirə bilmir.
8. Bir şeyin nəticəsi olmaq, törətmək, səbəb olmaq, vermək. Fərəh gətirmək. Sevinc gətirmək. İstilik gətirmək.
9. Bir sıra isimlərə qoşularaq, müxtəlif ifadələr və mürəkkəb sözlər əmələ gətirir, məs.: üzr gətirmək, pənah gətirmək, tab gətirmək, bəhanə gətirmək, şəkk gətirmək, dünyaya gətirmək.