Kiçik Hərəmi palçıq vulkanı
Kiçik hərəmi palçıq vulkanı- eyni adlı tirənin cənub-şərq qurtaracağında yaranmış yəhərvari alçalamada yerləşir.
== Ümumi məlumat ==
440 m mütləq yüksəkliyə malik olan bu vulkan Hacıqabul şəhərindən şimalda dəniz səthindən 395-400 m ucalır. Bu vulkan Kiçik hərəmi braxiantiklinalının Məhsuldarqat çöküntülərinin üzə çıxdığı, eləcədə eninə və uzununa istiqamətdə keçən sınmaların kəsişdiyi yerdə yaranmışdır. Vulkanın ətraf hissələrində Məhsuldarqatdan başqa Ağcagil, Abşeron və aşağı Dördüncü dövr süxurları da intişar tapmışdır (Ə.Ə.Yaqubov, Ə.Ə.Əlizadə, M.M.Zeynalov, 1971). Hazırda palçıq vulkanının kraterində bir neçə təpəcik və qrifonlar vardır. Onlardan zəif də olsa bulanıq su və palçıq ayrılır.
Kiçik hərəmi palçıq vulkanının ümumi geomorfoloji quruluşunda, ancaq bu vulkana xas olan bir cəhət vardır. Bu vulkan brekçiyalarının ana süxurlardan təşkil olunmuş dik yamacların arası ilə axaraq sıxılması, qatı brekçiyanın qabarması, qədim brekçiyalardan qismən hündür pillələrdə ayrılması və nəhayət onlara dərinliyi 15-20 m bəzən daha artıq olan yarğanların kəsilməsidir. Kiçik hərəmin palçıq vulkanının krater sahəsində brekçiyalardan əlavə ana süxurlar da üzə çıxdığından onun səthi cavan quruluşlu yastanı xatırladır. Krater sahəsi zəif parçalanmışdır.