Hətəmxan Quliyev
Hətəmxan Məti oğlu Quliyev (24 mart 1990; Sumqayıt, Azərbaycan — 29 sentyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi.
== Həyatı ==
Hətəmxan Quliyev 1990-cı il martın 24-də Sumqayıt şəhərində anadan olub. Əslən Cəbrayıl rayonundan idi. 1997-2006-cı illərdə Sumqayıt şəhərində 4 nömrəli tam orta məktəbdə, 2006-2008-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2008-2012-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi.
== Hərbi xidməti ==
Hətəmxan Quliyev 2012-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi. Hətəmxan Quliyev 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə savaşıb.
Azərbaycan Ordusunun kapitanı olan Hətəmxan Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Hətəmxan Quliyev sentyabrın 29-da Madagizin azad edilməsi zamanı şəhid olub.