Hacıəmiroğulları bəyliyi
Hacıəmiroğulları (türk. Haciemiroğulları), həmçinin Əmiroğulları (türk. Emiroğulları), Hacimiroğulları (türk. Hacimiroğulları) və ya Bayramoğulları (türk. Bayramoğulları) — 1301–1427-ci illər arasında mövcud olan Anadolu bəyliyi, həmçinin onu quran və idarə edən türk sülaləsi. Bizans və Trebizond salnaməçiləri onu "Xalibiya əmirliyi" adlandırırdılar.
Kiçik bir padşahlıq olduğu üçün mənbələrdə bu haqda az məlumat verilmişdir. Bəylik kiçik bəyliklər qrupunun bir hissəsi idi və onlar ümumi olaraq Canik bəylikləri adlanırdı. Hacıəmiroğulları bu bəyliklərin ən şərqində idi, Trebizond imperiyası ilə birbaşa həmsərhəd olan ərazini tuturdu.