Boksçu Homer
"Boksçu Homer" (ing. The Homer They Fall) — "Simpsonlar" cizgi serialının səkkizinci mövsümünün üçüncü seriyası. İlk dəfə 10 noyabr 1996-cı ildə yayımlanmışdır. Bu seriyada Homer aldığı zərbələrdən yıxılmamaq kimi qəribə xəstəliyinin olmasını öyrənir və bundan sonra dostu Mo Sizlakın menecerliyi ilə boksçu karyerasına başlamaq qərarına gəlir. Seriyanın rejissoru Mark Kirklend, ssenari müəllifi isə Conatan Koler olub. Seriyanın dəvət olunmuş qonaq ulduzları öz rolunu ifa edən Maykl Baffer və Lüsius Svit rolunda çəkilən Pol Uinfild olub.
Simpsonlar yüksək texnologiyalı qurğular mağazasına baş çəkirlər, burada Bart Komiks satıcısından 4 dollara hər cür faydasız mexanizmlərdən ibarət olan kəmər alır, aldığı bu kəməri sonradan geri qaytarmaq istəsə də, alış qəbzi olmadığı üçün bunu edə bilmir. Bart aldığı kəməri məktəbdə hər kəsə göstərməyə başlayır, amma tezliklə Dolf, Cimbo və Kerni kəməri ondan alırlar, özünü isə döyürlər. Bundan sonra Homer dələduzların ataları ilə Monun tavernasında söhbət etmək qərarına gəlir, bu söhbət zamanı Dolf, Cimbo və Kerninin ataları Homeri döyürlər, ancaq onlar Homeri yıxa bilmədikləri üçün onu döyməkdən tezliklə təngə gəlirlər. Daha sonra Mo Dolf, Cimbo və Kerninin atalarını tavernadan qovur.