Yuri İşxanyan
Yuri Georgi İşxanyan (erm. Յուրի Գեորգիի Իշխանյան; 9 yanvar 1947, Stepanakert – 14 mart 1998, Xankəndi) — Ermənistan hərbçisi, Birinci Qarabağ müharibəsinin iştirakçısı, Xocalı soyqırımını törədənlərdən biri.
== Həyatı ==
Yuri Georgi İşxanyan 9 yanvar 1947-ci ildə Azərbaycan SSR-nin Xankəndi şəhərində anadan olmuşdur. Xankəndi şəhərində 1 saylı orta məktəbdə, sonra Xankəndi ticarət texnikumunda təhsil almışdır. O, Xankəndi şəhərinin "Qarabağ" futbol komandasında çıxış etmişdir. "Qarmetax" kombinatında, sonra Əsgəran Ticarət İdarəsində işləmişdir. O, müddətli hərbi xidmətini Bakıda başa vurmuşdur.İşxanyan Qarabağ hərəkatının və partizan fəaliyyətinin aktiv iştirakçısı olmuşdur. 1988-ci ildə Əsgəran hadisələrində iştirak etmiş, buna görə bir neçə gündən sonra həbs edilmişdir. O, aprel–avqust aylarında Bakı, Moskva və Şuşa həbsxanalarında saxlanmışdır. 1988–1994-cü illərdə müxtəlif könüllü dəstələrin, 9-cu rotanın komandiri kimi Ağdərə, Əsgəran, Laçın, Qubadlı, Kəlbəcər və Şuşa istiqamətlərində döyüşlərdə iştirak etmişdir.