Lado Mesxişvili adına Kutaisi Gürcü Teatrı
Lado Mesxişvili adına Kutaisi Gürcü Teatrı — Gürcüstanın Kutaisi şəhərində yerləşən gürcü dram teatrıdır.
Teatr Rioni çayının sol sahilində, Qurucu David Meydanında, Gelati Manastırına aparan Gelati küçəsinin başında yerləşir. Yaxınlıqda Kolxida əfsanələrindən ibarət heykəllər olan gözəl Kolxida fəvarəsi var.
== Teatrın tarixi ==
Kutaisi şəhərində ilk teatr 1861-ci ildə qurulub. Teatr qurulmasından bir il əvvəl isə teatr binası tikilmışdır. Teatr binası Renessans üslubunda boz daşdan inşa edilmişdir. Bina 700 oturacaqlı oval zala malik idi. Fasadın qarşısında sütunların, heykəltəraşlıq nümunələrinin və tağlı pəncərələrin olması binanı memarlıq abidəsi halına gətirdi. Teatr binası nəinki o, dövrdə, hətta indi də Cənubi Qafqazın ən gözəl teatr binalarından sayılır. 1880-ci ildə A. Lordkipanidzenin rəhbərlik etdiyi Kutaisi teatrında ilk peşəkar truppa yarandı.