KÖRÜK

is.
1. Kürədə odu qızartmaq və s. məqsədlər üçün yanları büküşlü dəri və taxtadan düzəldilmiş alət. Dəmirçi körüyü.
[Molla İbrahimxəlil:] Molla Həmid, çadırdan tez zərgər kürəsini butası ilə, kiçik körük ilə çıxar, gətir. M.F.Axundzadə.

Körük basmaq – bax körükləmək.
Çəkici yavaş vurun! Körüyü yavaş basın! R.Rza.

Körük kimi – qabararaq, şişərək.
Baş aqronom ayağa qalxanda, qara şevyot şalvarının qalifesi körük kimi şişib boşaldı. Ə.Vəliyev.
Qocanın sinəsi körük kimi qalxıb endi… İ.Hüseynov.

// Qarmon kimi çalğı alətlərinin havanı sıxan körüyə oxşar hissəsi.
[Minayə] tez-tez başını aşağı salıb qarmonuna, bəzi yeri bir neçə dəfə yırtılıb yamandığına görə hava buraxan körüyünə diqqət edirdi. Ə.Əbülhəsən.

2. bax pərə.
Bu vaxt Pası burnunun körükləri qalxa-qalxa içəriyə girib qatlanmış kağızı Gülsənəmə uzadaraq: – Dur ayağa! – dedi. S.Rəhimov.

Etimologiya

  • KÖRÜK Körük və kürk kökdaş sözlərdir. Mənası “dəri” deməkdir. Bunların hər ikisi dəridən hazırlanıb və materialın adı ilə adlanıb
KÖRPÜSALAN
KÖRÜKBASAN

Digər lüğətlərdə