1. Keçmişdə, əsasən, qoyun dərisindən, indi isə süni tüklü dərilərdən tikilən yaxud içi ya üzü bu kimi dəri ilə örtülü olan isti qış geyimi. Kürk tikmək. Kürkü geymək.
– Telli … Rizvanın da kürkünü Gülpərinin çiyninə salırdı.
Soyuq bir cəhənnəm, bir yaman ölkə; Soyuq güc gətirdi, sığındım kürkə.
Balkanlılar tərsinə geydi köhnə kürklərin; Qorxutmağa durdular Avropanın türklərin…
// Qiymətli xəzdən tikilmiş qadın, uşaq isti üst geyimi. Dovşan dərisindən kürk.
– Yumşaq tükdən boz kürkümə; Anam büküb bu yaz məni.
2. Məc. mənada. Örtük, pərdə. Dağlar ağ kürkə bürünmüşdü.
– Siyasi dumanların kəsif kürkünə girib … nəşələr dünyasında üzən bu şəhər [Bağdad] minlərcə … xəfiyyələrin əlində idi.
◊ Kürkünə birə dolmaq (düşmək) – təşvişə düşmək, əl-ayağa düşmək, həyəcan keçirmək, narahat olmaq.
Bu son aylar nədənsə Nemətullayevin kürkünə birə dolmuşdu.
Kürkünə birə salmaq – birini təşvişə salmaq, qorxuya salmaq, bir şeylə qorxudaraq narahat vəziyyətə salmaq.
Bağır bayaqdan bəri qonşusunun atmacalarını vecinə almırdı, amma Piti Namazın indi dedikləri kişinin kürkünə birə saldı.
Kürkünü sudan çıxarmaq – çətin vəziyyətdən özünü çıxara bilmək (çıxarmaq), öz işini düzəltməyi bacarmaq.