Ağadadaş Müniri
Ağadadaş Müniri (1863, Hövsan – 1940, Buzovna) — azərbaycanlı şair, "Məcməüş-şüəra" ədəbi məclisinin nümayəndəsi.
== Həyatı ==
Ağadadaş Müniri 1863-cü ildə Bakının Hövsan kəndində anadan olmuşdur. Yeddi yaşında atadan yetim qalmış, anasının təkidi ilə mədrəsəyə getmiş, on beş yaşınadək orada oxumuşdur. Müniri öz şerlərini qəzəl, məsnəvi, rübai, qitə, qəsidə şəkillərində yazmışdır.
"Müniri" təxəllüsünün, "Münir" sözündən (ərəb sözüdür, mənaca, "işıq" deməkdir.) götürən şairin yazılarının bəziləri, inqilabdan əvvəl və sonra mətbuatda dərc olunmuşdur. ("Dirilik", 1916-cı il; "Türkcə qəzəllər" kitabı, 1917-ci il, "Ədəbi parçalar", 1926-cı il və s.)
Şairin bədii irsi, onun klassik şerin müxtəlif janrlarında yazdığı ədəbi nümunələrdən ibarətdir. Bu günə kimi, Bakı şairləri haqqında yazılan müxtəlif kitablarda, şairin bir neçə qəzəli çap olunsa da bütövlükdə əsərləri tədqiq olunmamış qalmaqdadır. Bu əsərlər Azərbaycan Əlyazmalar İnstitutunun fondunda saxlanılır.
O, Buzovnalı Məşhədi Azər və Haşım bəy Sağiblə dostluq etmişdir. Üç oğlu olmuşdur.