Məzahir Cəlilov
Cəlilov Məzahir Həmdulla oğlu — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2013).
Məzahir Cəlilov 23 aprel 1946-cı ildə anadan olmuşdur. 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsini bitirmişdir. 1980-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışır və teatrın səhnəsində müxtəlif səpgili obrazlar yaratmışdır.
Bunlardan Vəkil Vadenbirn (L. Frank "Yad adam"), Barmen və 4-cü polis (Anar "Səhra yuxuları"), Qasid, Həkim, Keşiş (Şekspir "Maqbet", "Kral Lir", "Hamlet"), Sərkis (M. İbrahimov "Közərən ocaqlar"), Papas (H. Cavid "İblis"), Şeyx Alı (S. Vurğun "Vaqif"), Sıldırım (N. Xəzri "Torpağa sancılan qılınc"), Sərkərdə (M. S. Ordubadi "Qılınc və qələm"), Kəlbəlixan (İ. Əfəndiyev "Hökmdar və qızı"), Ergin (B. Vahabzadə "Özümüzü kəsən qılınc"), Kərbəlai Muxtar (C. Məmmədquluzadə "Ölülər"), Ağsaqqal (B. Vahabzadə "Dar ağacı"), Ya O (Ç. Aytmatov "Sokratı anma gecəsi"), Hacı Salah (M. F. Axundzadə "Lənkəran xanının vəziri"), Məmur (N. Hikmət "Kəllə"), Məlüküldövlə (İ. Əfəndiyev "Xurşidbanu Natəvan"), Xondulu (İ. Şıxlı "Ölüləri qəbiristanlıqda basdırın"), Məşədi Cahangir (M. Cəlal "Dirilən adam"), Karpe (O. İoseliani "Kaş araba aşmayaydı"), Roberto ("Silindr", Eduardo de Filippo), Mir Bağır ağa ("Ölülər", Cəlil Məmmədquluzadə), Zemlyanika ("Müfəttiş", Nikolay Qoqol), qazı ("Qətibə İnanc", Məmməd Səid Ordubadi) və s. obrazlarını göstərmək olar.
Məzahir Cəlilov bir çox televiziya tamaşalarında – "Nişan üzüyü"ndə kolxoz sədri, "Ömrün yollarında" mühəndis, "Günahsız Abdulla"da kişi, "Yurd yeri"ndə Əhməd kimi maraqlı obrazlar yaratmışdır.
25 iyun 2013-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür.
Əlavə iz (film, 1981)
Ömrün yolları (film, 1982)
Günahsız Abdulla (film, 1984)
Apardı sellər Saranı (film, 1996)
Canavar balası
Yurd yeri 2
Biz qayıdacağıq (film, 2007)
Cavad xan (film, 2009)
Ölüm növbəsi (film, 2009)
Yaddaş (film, 2010)
Mürafiə vəkillərinin hekayəti (film, 2011)
Həkimlər
Ultionis
Tək olanda qorxma... (teleserial, 2013)
Məzahir Cəlilov
Tapdıq Əlibəyli, "Sənət ecazkarlığı", "Sözün dan yeri" (kitab), "Elm və təhsil" nəşriyyatı, 2014, səh.112–119.