Mirəsədulla Mirqasımov
Mir Əsədulla Mir Ələsgər oğlu Mirqasımov (17 noyabr 1883, Bakı – 20 iyul 1958, Bakı) — Azərbaycan cərrahı, Azərbaycan SSR EA-nın ilk prezidenti (1945–1947), Azərbaycanın ilk tibb elmləri doktoru (1927), professor (1929), Azərbaycan SSR EA-nın həqiqi üzvü (1945), Azərbaycan SSR əməkdar elm xadimi (1936). İlk azərbaycanlı alim-cərrah. SSRİ Ali Sovetinin (1–3-cü çağırış) deputatı.
== Həyatı ==
Mir Əsədulla Mirqasımov 17 noyabr 1883-cü ildə Bakı şəhərində ruhani seminariyasının müəllimi ailəsində anadan olmuşdur. 1908-ci ildə gimnaziyanı qurtarmışdır. Gimnaziyanın yuxarı siniflərində oxuyarkən o, ictimai fəaliyyətə başlamış, qəzet və jurnallara məqalələr yazmışdır. Bu məqalələrdə müəllif, əsasən, Şərq ölkələrində müsəlman qadınlarının acınacaqlı vəziyyəti məsələsindən bəhs etmişdir.
1913-cü ildə Odessa şəhərində yerləşən Novorossiya İmperator Universitetinin (hazırda İ. İ. Meçnikov adına Odessa Milli Universiteti) tibb fakültəsini bitirmişdir. 1916-cı ilədək Odessada həkim, 1916–1929-cu illərdə Bakıda hərbi lazaretdə, indiki Əzizbəyov adına 1 №-li doğum evində cərrah, Azərb. Dövlət Universitetinin tibb Fakültəsində dosent işləmişdir.