Azadə Rüstəmova
Azadə Cəfər qızı Rüstəmova (18 iyul 1932, Bakı, Azərbaycan SSR, SSRİ — 19 aprel, 2005, Bakı, Azərbaycan) — Azərbaycan və sovet şərqşünası və ədəbiyyatşünası, filologiya elmləri doktoru, professor, Azərbaycanın əməkdar elm xadimi, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü. Təxminən 300 məqalənin, həmçinin 20 kitab və monoqrafiyanın müəllifi. Azadə Rüstəmova əsasən klassik Azərbaycan poeziyasının nümayəndələri, xüsusən də Nizami Gəncəvini irsi haqqında tədqiqatları ilə tanınır.
== Həyatı ==
Azadə Cəfər qızı Rüstəmova 1932-ci il iyulun 18-də Bakı şəhərində anadan olub. O, 132 saylı şəhər orta məktəbini bitirdikdən sonra təhsilini Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində davam etdirib. Rüstəmova 1951-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmiş və Moskvada keçmiş SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspirantı (1953–1956) olmuşdur. O, 1956-cı ildə SSRİ EA-nın müxbir üzvü Yevgeni Bertelsin elmi rəhbərliyi altında Füzulinin "Leyli və Məcnun" poeması mövzusunda namizədlik dissertasiyası müdafiə edib.
Azadə Rüstəmova Azərbaycana döndükdən sonra Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi vəzifələrində çalışıb, 1971-ci ildə “XII-XVII əsrlərdə Azərbaycan epik şeirinin inkişaf yolları” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
O, 1961-1991-ci illərdə Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin müdiri işləyib, 1990-cı ildə professor adını alıb. Orta əsrlər Azərbaycan ədəbiyyatı, sonra Nizamişünaslıq şöbələrinə uzun müddət rəhbərlik edən Azadə Rüstəmova 1991-ci ildən Orta əsrlər şöbəsində baş elmi işçi olub.