is. [
ər. ] Bir iş görən, bir işdə çalışan, iş görməkdə olan, bir işlə başı qarışıq olan. Müdir məşğuldur, qəbul edə bilməz.
– Nənəxanım Yetərlə söhbətə məşğul idi. Çəmənzəminli.
[Sona Ümidə:] Görünür, çox ciddi məşğulsunuz… B.Bayramov.
□ Məşğul etmək –
1) başını qarışdırmaq, əyləndirmək.
Yaşı otuzdan yuxarı olmasına baxmayaraq, [qadın] Zeynalı məşğul edə bilirdi. S.Hüseyn.
Həbibin söhbəti Salamı məşğul edə bilmədi. Mir Cəlal;
2) fikrini yayındırıb işinə mane olmaq, vaxtını almaq, işindən ayırmaq.
Məşğul olmaq –
1) bir sənəti olmaq, bir peşə sahibi olmaq, bir işdə işləmək. Müəllimliklə məşğul olur. Saatsazlıqla məşğul olmaq.
– [Ümid katibə:] Mənim nə işlə məşğul olduğumla maraqlanırsınızsa, gedib öz gözünüzlə görə bilərsiniz. B.Bayramov;
2) bir iş görmək, başı qarışmaq, çalışmaq. Mütaliə ilə məşğul olmaq.
– [Rəhim] bəylə ikimiz bir kənarda, otun üzərinə salınmış cecim üstündə əyləşib söhbətə məşğul olduq. Ə.Haqverdiyev.
Dərviş cavab verməyib, çörək yeməyə yenə dəxi məşğul oldu. A.Divanbəyoğlu;
3) fikir vermək, maraq göstərmək. Uşaqları ilə məşğul olmaq. Ata-anası onunla yaxşı məşğul olmamışdır;
4) özünə, öz səhhətinə, canına, üst-başına və s. baxmaq, qeydinə qalmaq. Sən heç özünlə məşğul olmursan.