Nağdəli Zamanov
Nağdəli Tapdıq oglu Zamanov (13 avqust 1961, Keşdək, Kəlbəcər rayonu) — Tibb üzrə fəlsəfə doktoru (1994), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2012), "Qızıl qələm" mükafatı laureatı (2012).
Nağdəli Zamanov 13 avqust 1961-ci ildə Kəlbəcər rayonunun Keştək kəndində müəllim ailəsində anadan olmuşdur. 1967–1975-ci illərdə Keştək kənd 8-illik, 1975–1977-ci illərdə isə Kəlbəcər 1 saylı orta məktəbdə oxumuşdur.
1979-cu ildə Azərbaycan Tibb Universitetinə qəbul olmuş, 1985-ci ildə ATİ-nin II müalicə profilaktika fakultəsini bitirmişdir.
1986–1990-cı illərdə Neftçala rayonunda terapevt işləmiş, 1990–1993-cü illərdə Pediatriya fakultəsi "Daxili xəstəliklər" kafedrasında aspirantura təhsili almışdır.
1993-cü il oktyabr ayından 2010-cu ilədək ATU-nun I Daxili xəstəliklər və reanimatologiya kafedrasının assistenti, 2010-cu ildən isə dosentidir. 2011-ci ildən Tədris Terapevtik Klinikanın III terapiya şöbəsinin müdiridir.
1994-cü ildə professor Sayalı xanım Tağıyevanın elmi rəhbərliyi ilə "Xəzər gəmiçiliyi üzgüsü heyəti arasında ürəyin işemik xəstəliyinin erkən diaqnostikası və mümkün profilaktika yolları" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Tibb üzrə fəlsəfə doktorudur.
2004-cü ildən əməkdar elm xadimi, professor A. Ə. Axunbəylinin elmi məsləhətçiliyi ilə "Revmatoid artritli xəstələrdə ürəyin koronar xəstəliyinin erkən diaqnostikası və differensial müalicə xüsusiyyətləri" mövzusunda doktorluq dissertasiyası üzərində işləyir.