Nuriyyə Əhmədova
Nuriyyə Əliağa qızı Əhmədova (26 dekabr 1950, Nuxa – 10 oktyabr 2015, Bakı) — Azərbaycan kinoaktrisası, Azərbaycan Respublikasının xalq artisti (2007), Prezident təqaüdçüsü (2004–2015).
Nuriyyə Əhmədova 1950–ci il 26 dekabrda Bakıda (bəzi mənbələrə görə Şəkidə) anadan olub. M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda aktyorluq fakültəsində təhsil alıb (1970–1974). İlk əmək fəaliyyətinə 1968-ci ildə Musiqili Komediya Teatrında başlayıb. Kinoya ilk gəlişi 1982–ci ildə "Mozalan" süjetlərində çəkildikdən sonra olub.
2007-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür.
Xalq artisti Əminə Yusifqızının qardaşı, musiqiçi Xanlar İbadovla evli olub və iki övladı dünyaya gəlib: ilk övladı olan qızı İlahə 20 yaşında (1976–1996) qətlə yetirilmiş, ikinci övladı olan oğlu Əli isə 37 yaşında (1977–2014) xərçəng xəstəliyindən vəfat etmişdi. Qız övladından Faiq İbadzadə (d. 1996) adlı nəvəsi var.
Nuriyyə Əhmədova 10 oktyabr 2015-ci ildə saat 04:30–da kəskin ürək tutmasından Bakıda vəfat etmişdir.