İlham Pirməmmədov
İlham Pirməmmədov — riyaziyyat üzrə elmlər doktoru,professor
İlham Teymur oğlu Pirməmmədov 18 aprel 1955-ci ildə Qazax rayonunda anadan olmuşdur. 1972-ci ildə Qazax rayonu Daş Salahlı kənd 1 nömrəli orta məktəbini bitirərək S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) "Mexanika" fakültəsinə qəbul olunmuş və 1977-ci ildə bu ali təhsil müəssisəsini həmin ixtisas üzrə bitirmişdir. Elə həmin ildə təyinatla Dənizneftqazlayihə Elmi-Tədqiqat İnstitutunda əmək fəaliyyətinə başlayan İ.Pirməmmədov 1977–80-ci illərdə həmin institutda mühəndis, kiçik elmi işçi vəzifələrində çalıçmışdır.1980–84-cü illərdə, o, Azərbaycan Memarlıq və İnşaat Universitetinin aspiranturasında təhsil alıb.1984–1989-cu illərdə Təhsil Nazirliyinin nəzdində Tələbə Elmi Tədqiqat işləri üzrə Respublika Şurasında baş referent, 1989–2015-ci illərdə hal-hazıra qədər Azərbaycan Respublikası Təhsil Nazirliyində müxtəlif vəzifələrdə (1-ci dərəcəli inspektor, aparıcı inspektor, baş inspektor, baş mütəxəssis, Rəhbərlik yanında aparatın rəhbəri, Aparat rəhbəri, nazirin müşaviri) çalışmışdır.
İ.Pirməmmədov 1995-ci ildə namizədlik, 2010-cu ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. O, fizika-riyaziyyat elmləri namizədi,riyaziyyat üzrə elmlər doktorudur. 35 elmi məqalənin və 1 monoqrafiyanın müəllifi, bir neçə dərs vəsaitinin həmmüəllifidir. İ.Pirməmmədov BDU-nun nəzdində FD.02.016 İxtisaslaşdırılmış Dissertasiya Şurasının üzvüdür.
Bununla yanaşı İ.Pirməmmədov əvvəllər Azərbaycan Memarlıq və İnşaat Universitetində, 2000-ci ildən isə Bakı Dövlət Universitetinin "Nəzəri mexanika" kafedrasında pedaqoji faliyyətlə məşğuldur. Hal-hazırda Azərbaycan Texniki Universitetinin elm və texnika üzrə prorektor vəzifəsində çalışır.
İlham Teymur oğlu Pirməmmədov təhsil sahəsində xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 04.10.2005-ci il tarixli sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülmüşdür.