Qantəmir Qafur
Qantəmir Qafur (tam adı: Qafur Sədrəddin oğlu Əfəndiyev; 22 may 1888, Potu, Göyçay qəzası – 28 yanvar 1944, Cizak vilayəti) — Azərbaycan görkəmli maarif xadimi, pedaqoq, yazıçı.
1888-ci ildə Göyçay mahalının Potu kəndində anadan olub. Deyilənə görə, Qafurun atası Sədrəddin Əfəndi mədrəsə müəllimi olsa da, dövrünün tanınmış ziyalılarından sayılıb. Hətta Sədi Salis təxəllüsü ilə şeirlər də yazardı. Qafur da elə ilk təhsilini məhz atasının müəllim işlədiyi mədrəsədə alıb. Uşaqlıq illərindən klassik şairləri, xüsusilə də Şərq ədəbiyyatını müntəzəm mütaliə edər, sənətə, elmə xüsusi maraq göstərərdi. Şair təbiətli Sədrəddin kişi oğlunun qabiliyyətindən xəbərdar olduğundan onu mükəmməl oxutmaq arzusunda idi. Bu səbəbdən də Qafur 1905-ci ildə Göyçaya gələrək o dövrün açıqfikirli, dünyagörüşlü, tanınmış ziyalılarından olan İbrahim Həqqinin yeni üsulda açdığı məktəbdə oxuyub.
İstanbul Darülfununun tarix-ədəbiyyat fakültəsini (1914), Azərbaycan Dövlət Tibb İnstitutunun stomatologiya fakültəsini (1929) bitirmişdir. Qantəmir 1908-ci ildə Göyçayda pedaqoji fəaliyyətə başlamışdır.