Əsrin müqaviləsi
Əsrin müqaviləsi – 1994-cü ilin sentyabrın 20-də Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında 13 iri neft şirkəti arasında Bakıda bağlanmış müqavilə.
== Müqavilənin bağlanması ==
1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı Azəri–Çıraq–Günəşli yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında dəyəri 7,4 mlrd. dollar olan "məhsulun pay bölgüsü" tipli müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adlanmış, təxminən 400 səhifə həcmində və 4 dildə öz əksini tapmışdır. Müqavilənin 13 milyard ABŞ dolları həcmində qiymətləndirilməsi onun nə üçün "Əsrin müqaviləsi" adlandırılması sualına verilən cavablardan biri ola bilər. "Əsrin müqaviləsi"ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (ARDNŞ, Amoco, BP, McDermott, UNOCAL, Lukoyl, Statoil, Exxon, Türkiyə Petrolları, Pennzoyl, ITOCHU, Ramco, Delta) iştirak etmişdir. Bu müqavilədə Böyük Britaniyanın "British Petroleum" (qoyulacaq investisiyanın 17,12 faizi) və "Ramco" (2,08 faizi), ABŞ-nin "Amoco" (17,01 faiz), "UNOCAL" (11,2 faiz), "Pennzoil" (9,81 faiz), "McDermott" (2,45 faiz), Rusiyanın "Lukoil" (10,0 faiz), Norveçin "Statoil" (8,56 faiz), Türkiyənin "Türkiyə Petrolları" .şirkətinin (1,75 faiz) və Azərbaycan Neft Şirkətinin isə 20 faiz payı var idi. Bununla da "Yeni neft strategiyası" və doktrinası uğurla həyata keçirilməyə başlandı.
"Əsrin müqaviləsi" Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildi və 12 dekabr 1994-cü ildə qüvvəyə mindi. İlk dəfə hesablanmış çıxarılabilən neft ehtiyatı 511 milyon ton olmuş, sonralar qiymətləndirici quyuların nəticələrinə görə bu ehtiyat 730 milyon tona çatmışdır və bununla əlaqədar yataqların işlənilməsinə tələb olunan sərmayə xərcləri 11,5 milyard ABŞ dolları qəbul edilmişdir; ümumi təmiz gəlirdən Azərbaycanın payına 80%, sərmayəçilərin payına 20% düşür.