Samid İmanov
Samid Gülağa oğlu İmanov (14 oktyabr 1981, Həsənabad, Neftçala rayonu – 4 aprel 2016, Talış, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin və Xüsusi Təyinatlı Qüvvələrin mayoru, Aprel döyüşləri şəhidi və Azərbaycanın Milli Qəhrəmanı.
Samid Gülağa oğlu İmanov 14 oktyabr 1981-ci ildə Neftçala rayonunun Həsənabad qəsəbəsində Gülağa və Xuraman İmanovların ailəsində anadan olmuşdur. Samid İmanov ailənin birinci oğul övladı idi. Onun özündən böyük Aybəniz və Gülbəniz (d. 1978) adında iki bacısı, Sadiq adında isə bir qardaşı var idi.
Samid İmanov 1988-ci ildə Neftçala rayonu 1 nömrəli tam orta məktəbinin birinci sinfinə getmiş, 1998-ci ildə isə həmin məktəbi bitirmişdir. Ardınca təhsilini Heydər Əliyev adına Ali Hərbi Məktəbdə davam etdirən İmanov 2003-cü ildə həmin hərbi məktəbi fərqlənmə diplomu ilə bitirmiş və Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən mükafata layiq görülmüşdür.
Samid İmanov 2013-cü ilin iyununda dayısı qızı Badam xanım ilə ailə həyatı qurdu. Şəhidin 2014-cü il təvəllüdlü Fidan adlı qızı və 2016-cı il təvəllüdlü Turan adlı oğlu yadigar qalıb.
Samid İmanov 2004-cü ilin iyun ayından müxtəlif illərdə Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsində qrup komandiri müavini, qrup komandiri, bölük komandiri, dəstə komandiri və hərbi hissənin qərargah rəisi vəzifələrində xidmət edib.