Məhəmməd bəy Sulkeviç
Süleyman bəy Sulkeviç (belar. Мацей Аляксандравіч Сулькевіч, həmçinin Məmməd bəy Sulkeviç, rus. Мамед бек Сулькевич; 20 iyun 1865 – 15 iyul 1920, Bakı) — polyak əsilli Rusiya-Azərbaycan hərbi xadimi, general-leytenant (1915), krım-tatar dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyəti ordusunun Baş Ərkani-hərb (Baş qərargah) rəisi. Mənşəcə Belarus-Litva tatarlarındandır.
== Həyat və fəaliyyəti ==
=== Rus ordusunda ===
Süleyman bəy Sulkeviç Voronejdə Mixaylovski kadet korpusunu və Peterburqda Mixaylovski artilleriya məktəbini bitirmiş, poruçik rütbəsində ikən 1888-ci ıl oktyabrın 3-də Rusiyanın Baş Qərargah Akademiyasına daxil olmuşdu. Sonradan qərargah zabiti kimi Odessa hərbi dairəsində xidmətini davam etdirmişdir.
1899-cu ildə Sulkeviç həm podpolkovnik rütbəsi, həm də Müqəddəs Stanislav ordeninə layiq görülmüş, Odessa hərbi dairəsi qərargahının baş yavəri vəzifəsinə təyin olunmuşdu. 1904–1905-ci illər Rusiya-Yaponiya müharibəsində iştirak etmiş, xidmətlərinə görə 2-ci dərəcəli Müqəddəs Anna və 4-cü dərəcəli Müqəddəs Vladimir ordenləri ilə təltif edilmişdi.
1910-cu ildə general-mayor rütbəsinə layiq görülərək İrkutsk hərbi dairəsinin general-kvartirmeysteri vəzifəsinə irəli çəkilmişdi. 1912-ci ildə ona 7-ci ordu korpusunun qərargah rəisi vəzifəsi həvalə olunmuşdu.