Təbəri
Əbu Cəfər Məhəmməd ibn Cərir ət-Təbəri (ərəb. أبو جعفر محمد بن جرير بن يزيد الطبري) — orta əsr müsəlman alimi, tarixçi, səyyah. Əsərlərini ərəbcə yazmışdır.
Əbu Cəfər Məhəmməd ibn Cərir ibn Yezid ibn Kəsir ibn Ğalib Təbəri Təbəristanın Amul şəhərində doğulmuşdu, ulu babaları iranlı idi. 7 yaşında ikən Quranı əzbərləmiş Təbəri müqəddimat təhsilini öz şəhərində alır, sonra Rey şəhərinə gedib, biliyini təkmilləşdirir. O, Bəsrə və Kufə şəhərlərində, habelə, Misir və Şamda hədis ustadları ilə görüşür, sonra Bağdadda məskunlaşır. Təbəri tarix və təfsir elmlərində misilsiz bacarıq sahibi idi. O, hədis elmini mükəmməl bildiyindən, öz əsərlərində hədislərin analizinə də yer ayırır, hər hansı məsələ barədə irəli sürülən nəzəriyyələr içindən ən düzgün saydığı variantı əsaslandırmağa çalışırdı.
Təbəri fiqh sahəsində də yeniliklər etmiş və atasının adı ilə adlandırdığı "cəririyyə" məzhəbinin əsaslarını işləyib-hazırlamışdı. Lakin cəririyyə məzhəbi digər fiqh məktəblərinin rəqabəti qarşısında davam gətirməyib, qısa müddət ərzində unuduldu.