Məhəmmədəli Tərbiyət Təbrizi
Məhəmmədəli Tərbiyət (27 may 1877, Təbriz – 18 yanvar 1940, Tehran) — ziyalı, jurnalist, Tərbiyət kitabxanasının yaradıcısı, Məşrutə inqilabının iştirakçısı.
Mirzə Məhəmmədəli Mirzə Sadıq oğlu Tərbiyət 1887-ci il mayın 26-da Təbriz şəhərində anadan olub. Şəhərdə mütərəqqi fikirli ziyalı kimi tanınan Mirzə Sadıq oğlunu məhəllədəki Molla Zeynalabdinin açdığı ibtidai məktəbə qoyur. Mirzə Sadıq oğluna özü yaxşı bildiyi fənləri tədris etməklə yanaşı, Təbrizin adlı-sanlı həkimlərindən olan Mirzə Nəsrullaxanın və bir müddət Təbrizdə yaşamış Məhəmmədəlixan Küfrinin yanında avropa və şərq təbabətini öyrənməyə göndərib. Hər iki həkimin tövsiyəsilə Məhəmmədəli fransız və alman dillərini öyrənib. Nücum, riyaziyyat və tibb sahəsində özəl dərslər almasına baxmayaraq sonradan pedaqoji sahəyə maraq göstərib. Ərəb, fars, fransız və ingilis dillərini mükəmməl öyrənib.
1894–1895-ci illərdə Təbrizdə hökumətin açdığı Müzəffəriyyə mədrəsəsində təbiət fənnindən, 1898–1912-ci illərdə isə yeni açılmış Loğmaniyyə mədrəsəsində nücum və coğrafiyadan dərs deyib. O, müəllim işləməklə yanaşı, daim öz üzərində çalışmış, dövrün tanınmış alimi Mirzə Abdulladan xüsusi dərslər almışdır. Ölümündən sonra alimin vəsiyyətinə uyğun olaraq şəxsi kitabxanası Məhəmmədəliyə verilmişdir.