Azərbaycanın tunc kəmərləri (son tunc-ilk dəmir dövrü)

Azərbaycanın tunc kəmərləri (son tunc-ilk dəmir dövrü)Cənubi Qafqazda, xüsusilə Azərbaycan ərzisində tapılmış son tunc-erkən dəmir dövrünə aid tunc kəmərlərin tədiqi və öyrənilməsi.

Azərbaycan dünyada qədim insanların məskunlaşdığı, həmçinin, qədim mədəniyyətlərin yaranıb, ətraf regionlara yayıldığı ərazilərdən biridir. Arxeoloji ədəbiyyatda Xocalı-Gədəbəy mədəniyyəti adı ilə tanınan son tunc-ilk dəmir dövrü Azərbaycanın qədim tarixinin öyrənilməsində xüsusi rol oynayır. Bu dövrdə cəmiyyətin həyatındakı əsaslı dəyişikiliklər, təsərrüfatın bütün sahələri — əkinçilkik, maldarlıq, metallurgiya,metalişləmə və digər sənətkarlıq sahələrinin inkişaf edərək,yüksək səviyyəyə çatmasına rəvac verdi.

Azərbaycan xalqının metalişləmə sənətkarlığının inkişaf etməsində xammal ehtiyatının zənginliyi mühüm rol oynamışdır. E.ə. II minilliyin sonu-I minilliyin əvvəllərində Xocalı-Gədəbəy mədəniyyətinin yaradıcıları metaldan,xüsusilə tuncdan müxtəlif əşyalar, silahlar,əmək alətləri, yüksək bədii tərtibata malik bəzək və geyim aksesuarları istehsasl etmişlər ki, onlarında içərisində nadir incəsənət əsərləri sayılan tunc kəmərlər xüsusi yer tutur. Tunc kəmərlərin üzərində olan kompazisiyalar qədim Azərbaycanda yaşamış tayfaların zəngin dünyagörüşünü, estetik zövqünü, ibtidai dini təsəvvürlərini və s. özündə əks etdirir. Kəmərlərin üzərindəki təsvirlər müxtəlif heyvan, insan rəsmlərindən, döyüş, ov, təbiət səhnələrindən, həmçinin astral işarələrdən, müxtəlif həndəsi fiqur və naxışlardan ibarətdir.

Tunc kəmərlər üzərindəki təsvirlər öz zənginliyinə və mürəkkəb işlənmə texnikasına görə Cənubi Qafqazın digər yerlərindən aşkar edilmiş tunc kəmərlərdən tamamilə fərqlənir. Qafazda tunc kəmərlər əsasən Azərbaycanda tapılıb. XIX əsrin sonlarından indiyə qədər Azərbaycan ərazisindən 80-dən çox tunc kəmər əldə edilmişdir. bunların çoxu, V.Belkin və A.A.İvanovskinin Gədəbəydən, E.Reslerin Xocalıdan tapdıqları tunc kəmərlər rusiyanın Sankt-Peterburq şəhərindəki Ermitaj, Almaniyanın Berlin Tarixə qədər və qədim tarix muzeylərində və başqa muzeylərdə qorunur. Azərbaycan muzeylərində XX əsrin 30-cu illərindən etibarən tapılmış tunc kəmərlər mövcuddur. Bu tunc kəmərlər Milli Azərbaycan Tarix Muzeyində, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi ekspozisiya mərkəzində, Şirvanşahlar Dövlət Tarix qoruğunda, Gəncə şəhər tarix muzeyində və Naxçıvan Dövlət tarix muzeyində qorunur.

Tunc kəmərlər tapılmış abidələr

[redaktə | mənbəni redaktə et]

Azərbaycanın,eləcədə cənubi Qafqazın və nəhayət bəşəriyyətin nadir maddi mədəniyyət nümunələrindən olan Gədəbəyin qəbr abidələrindən qarət olunmuş bir çox tunc kəmərlər, II Dünya müharibəsindən sonra rus ordusu tərəfindən Berlin muzeyindən oğurlanmış və Rusiyaya gətirilərək muzeylərə paylanmışdır.

Cənubi Qafqaz ərazisində ilk dəfə tunc kəmər 1872-ci ildə F.Bayern tərəfindən Samtavrdan (Gürcüstan) 591№-li daş qutu qəbirdən tapılmışdır.[1]:4

Fransız arxeoloqu Jak de Morqan təxminən 7 il ərzində 1880-1887-ci illərdə Azərbaycanın cənub bölgəsində və Qərbi Azərbaycanda, indiki Ermənistan ərazisindəki Şeytan-Tağı, Ağtala, Sadıxlı, Musayeri nekropollarında arxeoloji qazıntı işləri aparmış və qəbir abidələrindən digər materiallarla yanaşı bir neçə tunc kəmər əldə etmişdir. Azərbaycan ərazisində ilk dəfə tunc kəmərlər Gədəbəydən əldə edilmişdir.[2]:115-116

Almanların Gədəbəydə tikdiyi misəritmə zavodunda işləmiş, ixtisasca elektroliz mühəndisi olan V.Belk 1888-1891-ci illərdə Gədəbəydə Qalakənd, BöyükKiçik Qaramurad, Göydəyə, Qamışlı kəndlərində 274 ədəd daş qutu tipli qəbir açmış¬dır.[3]:212 O, Gədəbəydə arxeoloji qazıntıları Rudolf Virxovun təşəbbüsü və onun öz fondundan ayırdığı vəsait hesabına aparmışdır. Arxeoloji abidələrdən əldə edilmiş maddi mədəniyyət nümunələri Almaniyaya göndərilmiş və Berlin muzeylərinin Qafqaz eksponatlarını xeyli zənginləşdirmişdir.[3]:9 Tədqiq olunan qəbirlərdən 50-dən çox tunc kəmər aşkar edilmişdir. Bu tunc kəmərlərdən 14 ədədi saya, yəni üzərində heç bir təsvir olmayan, 19 ədədi üzərində həndəsi naxışlar həkk olunmuş, 9 ədədi üzəri heyvan, insan və müxtəlif naxışlar həkk olunmuş kəmərlərdir.

N.Qədirova Rusiya muzeylərindəki Qafqaz kolleksiyalarını araşdırmış və Rusiya Federasiyası Moskva Dövlət Tarix muzeyi və Sankt Peterburq Ermitaj Dövlət muzeyində saxlanılan Azərbaycandan və əsasəndə Gədəbəydən tapılmış tunc kəmərlərin yerini müəyyənləşdirərək onları kataloq halında çap etdirmişdir. Çox təəsüf ki tunc kəmərlər də daxil olmaqla Rusiya muzeylərində qorunan Qafqaz kolleksiyalarının saxlandığı apxivlər tədqiqatçıların üzünə bağlıdır.[4] Bu tunc kəmərlərin sayı 12 ədəddir.

Rusiya Federasiyası Moskva Dövlət Tarix muzeyi və Sankt Peterburq Ermitaj Dövlət Muzeyində saxlanılan Azərbaycandan və Gədəbəydən tapılmış tunc kəmərlər
Sıra № Inventar № Tapıldığı yer Saxlanıldığı yer Əlavə qeydlər
1 IIId 2763 Cənnət qalası,Qalakənd Moskva Dövlət Tarix Muzeyi Tuncdur. Uzunluğu-26 sm
2 III 2547c Gədəbəy, Göydəyə Ermitaj deposu
3 III 2544a Gədəbəy, Göydəyə Ermitaj deposu Berlin muzeyinin müharibə itgisidir.
4 III d 2598u3 Yeri naməlum Moskva Dövlət Tarix Muzeyi Tuncdur
5 IIId 2761 Qalakənd Ermitaj deposu Nəfis naxışlıdır, uzunluğu 93,5 sm, eni-13,5 sm
6 IIId 2619a Cənnət Qalası, Qalakənd Moskva Dövlət Tarix Muzeyi İki hissədən ibarətdir.Uzunluğu-7;13,5 sm, Eni 2,8
7 IIId 908 Yeri naməlum Ermitaj deposu Spiralvari naxışlıdır.Uzunluğu-88 sm Eni 12,5 sm
8 III 2548 Gədəbəy, Göydəyə Ermitaj deposu
9 IIId 2547c Gədəbəy, Göydəyə Ermitaj deposu
10 IIId 2456c Gədəbəy, Qamışlı Ermitaj deposu
11 IIId 2905 Yeri naməlum Moskva Dövlət Tarix Muzeyi Həndəsi naxışlıdır. Uzunluğu 23,7 sm, eni 11,8 sm
12 IIId 2907 Yeri naməlum Moskva Dövlət Tarix Muzeyi

Almaniya və Rusiya muzeylərindəki kataloqları araşdırarkən məlum oldu ki Berlin muzeyində qorunan Gədəbəydən 8 saylı qəbirdən tapılmış, inventar nömrəsi III d 2547c olan tunc kəmərlə Ermitaj deposunda qorunan tunc kəmərin göstəriciləri eynidir. Bütün bunlar onu göstərir ki bu kolleksiyalarin yenidən yerli və xarici mütəxəsisslərlə birgə işlənilməsinə ehtiyac vardır. N.Qədirova–Atəşi tunc kəmərlər tapılan qəbirlərin əksəriyyətini qadın qəbirləri hesab edir və bu qəbirlərin amazonlara aid olduğunu qeyd edir ki, bu da çox mübahisəli məsələdir.

Tunc kəmərlərin funksiyası və semantikası haqqında müxtəlif fikirlər mövcuddur. Tədqiqatçılar tunc kəmərlərin funksiyası haqqında fikir yürüdərkən, əsasən onların hərbi geyimin bir hissəsi olub, xəncər, silah saxlamaq üçün, eyni zamanda enli tunc kəmərlərin qarın boşluğunu zərbələrdən mühafizə etmək üçün istifadə edildiyini bildirmişlər. Nəzərə alsaq ki, enli tunc kəmərlər olduqca nazik tunc təbəqədən hazırlanmışdır, bu zaman iti bıçaq, xəncər və ya nizə ilə bu kəmərlərin deşilməsi çox asan olardı. Ensiz saya və həndəsi naxışlı tunc kəmərlər hərbi geyimin bir elementi olub, sıravi döyüşçülərə aid olmuş, eyni zamanda onlardan silah gəzdirmək üçün də istifadə olunmuşdur. Üzərində müxtəlif kompozisiyalar təsvir edilmiş enli tunc kəmərlər tayfa başçılarına və ya sərkərdələrə məxsus, xüsusi günlərdə taxılan dini məna kəsb edən, eyni zamanda hərbi mərasim geyiminin bir elementi olmuşdur.

Abşeronun son tunc-ilk dəmir dövrü abidələrini tədqiq edən Q.M.Aslanov 1963-cü ildə ŞüvəlanMərdəkan qəsəbələrində yerləşən Ağdaş düzü II adlanan ərazidə apardığı arxeoloji qazıntılar zamanı 13 qəbir tədqiq etmişdir. Bunların içərisində 11 saylı qəbirdən üzəri təsvirli tunc kəmər aşkar olunmuşdur.

Bakı-Tibilisi-Ceyhan neft kəmərinin çəkilişi ilə əlaqədar olaraq kəmərin marşrutunda yerləşən Şəmkir rayonu əra-zisində 2003-cü ildə Zəyəmçay nekropolunda aparılmış arxeoloji qazıntılar zamanı N.Ə.Müseyibli tərəfindən 60 №-li dağılmış torpaq qəbirdən tunc kəmər tapılmışdır. Tunc kəmər xırda parçalardan ibarət olub üzəri sayadır, qıraqlarında onu dəri üzərinə tikmək üçün xırda deşikləri və kiçik ilgəyi vardır.[5]

Gədəbəydən təsadüfən dağılmış qəbirdən əldə edilmiş üzəri təsvirli tunc kəmər 2012-ci ilin may ayında Gədəbəy ra-yon tarix diyarşünaslıq muzeyinə təhvil verilmişdir. Kəmər 2008-ci ildə Gədəbəy rayonunun ərazisində Yenikənd adlanan ərazidə (keçmiş adı Quldurlu) tikinti işləri apa-rılarkən dağıntıya məruz qalmış daş qutu tipli qəbirdən tapılmışdır.

Son illərin tədqiqatları göstərmişdir ki, Azərbaycan ərazsindən tapılmış bir neçə tunc kəmər vardır ki, onlar elmi dövriyyədən kənar qalmışdır. N.Qədirova ilk dəfə Berlin Erkən Və Qədim Tarix muzeyində Qraf fon Şveinitzin orjinal hesabatını və kolleksiyasını tədqiq etmiş, onun Dağlıq Daşkəsən tarixi abidələrində, Gəncəçay və ətraf bölgələrdə (konkret olaraq yer adları göstərilmir T.G) tədqiq etdiyi 28 qəbir abidəsinin hesabatını ilk dəfə olaraq azərbaycan dilinə təqrcümə edərək elmi dövrüyyəyə gətirmişdir.[6]:153 Məlum olmuşdur ki, bu qəbirlərin üçündən 18, 21, və 23 saylı qəbirdən tunc kəmərlər aşkar olunmuşdur.

Qalakənd — 6 №-li daş qutu qəbirdən uzunluğu 90 sm,eni 17 sm, üzərində naxış olan tunc kəmər tapılmışdır. V. Belk,əvvəl üç dəfə burulmaqla diyircəyə çevrilmiş əşyanın nə olduğunu müəyyənləşdirə bilməmiş, sonradan onun açılıb lövhə halına düşdüyünü gördükdə onun bədənin hər hansı bir hissəsi üçün nəzərdə tutulduğunu düşünmüşdür.[7] Bu fakt onu göstərir ki,bu tapıntı V.Belkin Gədəbəyin daş qutu qəbirlərindən tapdığı ilk tunc kəmərdir.

Qalakənd — 17 №-li daş qutu qəbrin quruluşu və ölçüsü barədə V.Belk məlumat verməmişdir. Bu qəbirdən üzəri saya, bəzəksiz tunc kəmər tapılmışdır.[7]:96

Qalakənd — 30 №-li qəbrin istiqaməti 45° şimal-şərqdən 45° cənub-qərbə,ölçüləri,uzunluğu 1,80 m, eni 1,40 m, dərinliyi 2,60 m olmuşdur. Qəbirdən iki insan skeleti aşkar olunmuşdur. Buradan tapılan tunc kəmər enli olub,üzəri təsvirsiz olub.[7]:100

Cənnət qalası

[redaktə | mənbəni redaktə et]

Cənnət qalası – 14 №-li daş qutu qəbrin istiqaməti 15° şimal-şərqdən 15° şimal-qərbədir. Qəbrin uzunluğu 1,60 m, eni 1,10 m, dərinliyi 1,40 m-dir. Qəbirdə iki insan dəfn olunmuş¬dur. V.Belk bu qəbirdən üzərində yüksək zövqlə quş və heyvan təsviri həkk edilmiş tunc kəmər tapıldığını qeyd edir.

Cənnət qalası – 25 №-li qəbirdən bir skelet, 4 saxsı qab, saya bəzəksiz tunc kəmər, ucları bir-birinə keç¬miş, üzəri kəsmə xətlərlə bəzədil¬miş tunc bilərzik tapılmışdır.[7]:72

Cənnət qalası – 38 №-li qəbirdən üzərində spiralvarı naxış olan tunc kəmər, 6 ədəd saxsı qab, nizə ucluğu və 4 ədəd obsidian parçası tapılmışdır.[7]:72

Cən¬nət qalası – 39 №-li qəbirdən spiralvarı naxışlarla bəzədilmiş tunc kəmərlə yanaşı 8 ədəd saxsı qab, tunc xəncər, tuncdan yastı üzük və s. tapılmışdır.[7] :78

Cənnət qalası – 48 №-li qəbrin ölçüləri böyükdür. Onun uzunluğu 3,50 m, eni 1,60 m, dərinliyi 2,60 m-dir. Bu qəbirdən 6 sm enində, üzərində nöqtələr və ziqzaq təsvirlər olan tunc kəmər əldə edilmişdir. Qəbirdən 5 ədəd saxsı qab, xeyli sayda tunc silah, tunc xəncər, nizə ucluğu, dəstəkli iti uclu tunc boru, baltaya oxşar dəstəyi olan tunc qılınc, şəbəkəli bəzədilmiş qılınc dəstəyinin başlığı, həmçinin tunc bəzəklər, dingə, qalın bilərzik, qalxana bənzər 4 lövhə, tunc boyunbağı və s. əldə edilmişdir.[7]:82

Qamışlı – 1 №-li qəbrin istiqaməti 40° şimal-qərbdən 40° cənub-şərqədir. Uzunluğu 2,10 m, eni 1,02 m, dərinliyi 2,40 m olan qəbirdən bir skelet aşkar olunmuşdur. Qəbirdən tunc kəmər, 8 ədəd saxsı qab və tunc xən¬cər əldə edilmişdir.[7]:155

Qamışlı – 8 №-li qəbrin istiqaməti şərqdən-qərbə, ölçüləri, uzunluğu 1,80 m, eni 1,10 m, dərinliyi 2,10 m olan qəbirdən bir neçə insana məxsus skelet qalığı ilə yanaşı tunc kəmər, tunc xəncər və 8 ədəd saxsı qab tapılmışdır.[7]:155

V.Belk qeyri peşəkar olduğu üçün arxeoloji qazıntıları son dərəcə bəsit metodoloji üsullarla aparmışdır. O, qazdığı qəbirlərdəki dəfn adə¬ti¬ni izləməmiş, təkcə qəbir avadanlığını sadalamaqla kifayətlənmişdir. V.Belkin R.Virxova göndərdiyi məktublardan da məlum olur ki, onun əsas məqsədi qəbirlərdən qiymətli əşyaları əldə edib, onları Almaniyaya göndərməkdir.[7]:166-168

1 №-li Xanlar kurqanı

[redaktə | mənbəni redaktə et]

1 №-li kurqanın əsas qəbri kurqanın mərkəzindən 1,4 m şimal-qərbdən cənub-şərq istiqamətində yerləşmişdir. Uzunluğu 13,3 m olan torpaq qəbrin eni 3,5 m, dərinliyi 2,8 m olmuşdur. Torpaq quyuda müxtəlif istiqamətlərdə 24 qəbir aşkar olunmuşdur. Kurqanın ən böyük qəbrindən kollektiv dəfn aşkar olunmuşdur (6-7 in-san). Zəngin avadanlığa malik qəbirdən üzərində qabarıq xətt olan tunc kəmərlə yanaşı 50-yə qədər saxsı küp, xeyli tunc silah, 3 ədəd qılınc, xəncər, 2 ədəd təbərzin balta, 2 ədəd umbon, 14 ədəd obsidiandan ox ucluğu, taxtadan düzəldilmiş üzərində tunc mıxlardan bəzəyi olan baş bəzəyi, disk formalı tunc asma bəzək, üzərindən 4 quş fiquru, yanlarından zınqırov asılmış tunc asma bəzək, üzərindən 4 ədəd quş fiquru asılmış «qaşıqvari» asma bəzək, tunc zınqırov, ətəklərindən 6 ədəd kiçik zınqırovlar asılmış tunc zınqırov, aypara formalı tunc bəzək, üzərində üçbucaq kəsmə bəzəkləri olan disk formalı tunc təbəqə, ucları açıq üzərində naxışlar həkk edilmiş tunc bilərzik, tunc üzük, 1 ədəd iri, 10 ədəd orta və 85 ədəd kiçik həcmli tunc düymə, tunc borular, tunc qabdan fraqmentlər, tunc bəzəklərdən fraqmentlər, 232 ədəd serdolik, 1 ədəd ağ pasta, 19 ədəd müxtəlif şüşəvarı muncuq, bəzəkli sümük əşya, tunc toqqa bəndi və s. tapılmışdır. Qəbirdən aşkar olunmuş saxsı məmulatı əsasən, boz-qara rəngli üzəri ağ inkrustasiyalı bardaq, kasa və küpə tipli qablardan ibarət olmuşdur. Qabların üzərində müxtəlif həndəsi naxışlar (meandr, üçbucaq, sünbül, svastika) vardır.[8]

1946-1953-ci illərdə S.M.Qazıyevin rəhbərlik etdiyi arxeoloji ekspedisiya Mingəçevirdə 200-dən çox torpaq qəbir və bir neçə kurqan tədqiq etmiş və bu qəbirlərdən 10-dan artıq tunc kəmər tapmışdır.

1946-cı ildə Mingəçevirdən 33 №-li qəbirdən bir ədəd, Kürün sağ sahilindən XVIII kvadratdan iki ədəd təsvirsiz tunc kəmər tapılmışdır.[9]:86

S.M.Qazıyev tərəfindən 1946-cı ildə XXVII kvadratda dağılmış kurqandan tapılmış tunc kəmər parçasının üzərində qarşı-qarşıya dayanmış iki at təsviri həkk edilmişdir.[10]:83

Mingəçevirdən tapılmış daha bir tunc kəmər çox xırda parçalardan ibarətdir. Kəmər 1946-cı ildə Kürün sağ sahilindən tapılmışdır. Kəmərin üzərində ata bənzər heyvan rəsmləri, müxtəlif işarələr, üçbucaq təsvirlər, həndəsi naxışlar həkk edilmişdir.[11]

33-cü kvadratdan 17 №-li qəbirdən tapılmış tunc kəmərin üzəri təsvirsizdir. Qəbirdən çürümüş insan skeleti aşkar edilmişdir. Tunc kəmər skeletin bel nahiyəsindən tapılmışdır.[10]

1 №-li kurqandan tapılmış tunc kəmərin üzərində spiralvarı naxışlar olmuşdur.[10]:92-93

Tunc kəmərlərin hazırlanması texnologiyası

[redaktə | mənbəni redaktə et]

Hər bir sənətkarlıq sahəsinin əsasında xammalın əldə edilməsi məsələsi durur. Cənubi Qafqazda, həmçinin Azərbaycan ərazisində tunc kəmərlər tapılan ərazilərdə (Gədəbəy, Xoşbulaq, Xocalı) kifayət qədər mis, mərgümüş, sürmə yataqları mövcud olmuşdur ki, bunu a ərazidə aparılmış geoloji, arxeoloji qazıntılar bir daha sübut etdi.

Mis yataqlarının daha zəngin olduğu əsas bölgələr Kiçik Qafqazdadır. Böyük Qafqaz sıra dağlarında mis yataqları nisbətən azlıq təşkil edir. A.A.İessen Qafqazda mövcud olmuş 410 mis yatağından 309-nun Cənubi Qafqazda,o cümlədən 135-nin Borçalı, Allahverdi, Dilican, Gəncə, Qarabağda, 57-nin Naxçıvan və Zəngəzurda, 7-nin Arazın yuxarı axarında Türkiyə ilə həmsərhəddə yerləşdiyini söyləyir.[12]

Qərbi Azərbaycanda ən zəngin mis yataqları Gədəbəydə Misdağda və Söyüdlü kəndi ərazisindəki Başkənd dağında yerləşir. bu yataqlarda qədim şaxtaların izləri və ərisilmiş mis qalıqları (xılt) qeydə alınmışdır.[12]:54 qədim istismar izləri olan mis yataqları Şəmkir rayonunda Seyfəli, Nüzgər, Zəylik, Çardaqlı kəndlərində qeydə alınmışdır.[12]:55

Azərbaycanda mərgümüş yataqları Naxçıvanda Culfa rayonunda Darıdağda, Gədəbəydə, bitlibulaq kəndində mövcud olmuşdur.[13] Daşkəsən kobalt filizinin tərkibində də mərgümüş mövcuddur.[14]

Qalayı əvəz edən digər metallar sürmə və qurğuşun fiziki xassələrinə görə bir biri birinə çox yaxın metallardır.[15]. Kiçik Qafqaz ərazisində kifayət qədər sürmə yataqları vardır.[16] Şəmkir rayonunda Seyfəli və Nuzgər kəndlərində sürmə yataqlarının izləri aşkar edilmişdir.[17]

Azərbaycan ərazisindən təmiz sürmədən hazırlanmış xeyli bəzək əşyası da tapılmışdır ki, bu da ərazidə sürmənin ərazidə kifayət qədər olduğunu sübut edir. Təmiz sürmədən hazırlanmış bəzək əşyaları əsasən asma, pilək, muncuq və s. ibarət olub Gədəbəydən A.A.İvanovskinin qazıntılarından, Xoşbulaqdan, Qarabağdan,[18]:65 Naxçıvandan və s. yerlərdən əldə edilmişdir.[18]

Son tunc-ilk dəmir dövründə metallurgiyada və metalişləmə sahəsində köklü dəyişikliklər baş vermişdir. Bu dövrdə tunc istehsalı özünün ən yüksək inkişaf mərhələsinə çatır. Eyni zamanda metalişləmə sahəsində əhəmiyyətli keyfiyyət dəyişikliyi baş vermişdir. Son tunc dövründə qalay qarışıqlı tuncdan daha çox istifadə edilirdi. Belə ki, tunc silah, bəzək və s. əşyaların sayı artmaqla yanaşı, onların keyfiyyəti də artmış, yeni texniki üsullar meydana gəlmişdir. Mingəçevir arxeoloji qazıntılarından aşkar olunmuş 5 ədəd metaləritmə kürələri, daş qəlib, butələr və s. bunu sübut edə biləcək ən böyük faktlardandır.[19] Artıq bu dövrdə məhsuldar qüvvələrin inkişafı nəticəsində Azərbaycanda metallurgiya və metalişləmə təsərrüfatın digər sahələrindən ayrılaraq xüsusi sənət sahəsinə çevrilmişdir. Bu sahə isə sənətkarlıqda müxtəlif ixtisaslaşma, mis filizi çıxaranlar, mis ərintisi hazırlayanlar, ərintidən müxtəlif formalı əşyalar düzəldənlər, hazırlanmış metal əşyalar üzərində əlavə iş aparanlar və s. kimi sahələri birləşdirirdi.[17]:16

Yerli sənətkarlar tunc kəmərlərin hazırlanma texnologiyası və texnikasına yaxşı bələd olmuşlar. Qədim metallurqlar bu nadir sənət əsərlərini yaradarkən bütün texniki üsullarından, döymə, lehimləmə, qaynaqlama və naqqaşlığın bir çox növündən, oyma-naxış, həkketmə (qravüra), zərbetmə, basmanaxış və s.dən məharətlə istifadə etmişlər. Əldə olunmuş tunc kəmərlər döymə üsulu ilə nazik tunc təbəqədən hazırlanmışdır. Mövcud kəmərlərin təhlili onu göstərir ki, ensiz kəmərlər nisbətən qalın tunc təbəqədən hazırlanmışdır. Bu tip kəmərlərin üzəri əsasən bəzəksiz olub, ucları dəyirmidir. Uc tərəflərində ip keçirtmək üçün bir deşik vardır. Həndəsi naxışlı kəmərlər də enli və ensiz olmaqla iki qrupa bölünürlər. Ensiz kəmərlər 4,5-6 sm, enli kəmərlər isə 7-12 sm-dirlər. Üzəri heyvan və müxtəlif süjetli tunc kəmərlərin isə eni 8 sm-dən 18 sm-ə qədərdir. Uclarında ip keçirtmək üçün 3 deşik olur.

Basma və zərbetmə texniki üsulu ilə hazırlanmış tunc kəmərlər qabarıq naxışlara malikdir. Bu üsulla bəzək vurmaq üçün qızdırılmış metal təbəqə yumşaq özül üzərinə qoyulur, bundan sonra ucu qabarıq olan isti lövhənin üzərinə yerləşdirilərək usta tərəfindən güclü təzyiqlə basılır və nəticədə istənilən ölçüdə qabarıq formalı naxışlar alınırdı. [20]

O dövrdə həkketmə texniki üsulu metal işləmə sənətkarlığında əsas yerlərdən birini tuturdu. Son tunc dövründə tunc məmulatlarının, habelə tunc kəmərlərin bəzədilməsində istifadə edilən qravüra üsulu da təkmilləşdirilmişdir. Son tunc-ilk dəmir dövründə metallurgiya və metalişləmə sahəsində ən mühüm nailiyyətlərdən biri də dəmirdən istifadə olunmasıdır. İlk dəmir alətlərin e.ə. II minilliyin sonunda meydana gəlməsinə baxmayaraq, onun geniş tətbiqinə e.ə. I minilliyin əvvəllərində başlanmışdır.[21]:150 Dəmirin kəşfi ilə qravüra üsulunun yaranması Azərbaycanın ilk dəmir dövrü metalişləmə sənətində və tətbiqi incəsənətində yeni təkamül mərhələsi olmuşdur.[22]:25

Öz dövrünə görə qravüra sənəti böyük təcrübə və təkmilləşdirilmiş ustalıq bacarığı tələb edirdi. İti uclu alətlərin köməyi ilə oymaçı ustalar nazik tunc lövhələr üzərində çəkiləcək naxışın kontur cizgilərini cızır, sonra isə kəsici alətin vasitəsilə naxışları oyub qravüra edirdilər. Qravüra texniki üsulunun tətbiqində zərbetmə üsulundan da istifadə olunurdu. [12, 57].[23]:57

V.Belk tunc kəmərlərin hazırlanması haqqında yazır:

" Burada yüksək inkişaf etmiş istehsal mövcud olmuşdur ki, bu da bu cür kəmərlərin hazırlanmasına imkan vermişdir. "

O, kəmərlərin üzərindəki dəqiq işlənmiş rəsmlərin müasir maşınların belə onları yerinə yetirə bilməyəcəyi qənaətinə gəlmişdir.[24]:102-104

Tunc kəmərlərin istehsalında izlənilən texniki üsullar e.ə. II minilliyin sonu və xüsusən də I minilliyin əvvəllərində metalişləmə sənətinin özünün ən yüksək inkişaf mərhələsinə çatdığını göstərir.

Tunc kəmərlərin təsviri

[redaktə | mənbəni redaktə et]

Cənubi Qafqazdan, o cümlədən Azərbaycandan tapılmış tunc kəmərlər üzərində ilkin tədqiqatlar aparmış R.Virxov XIX əsrin sonlarında Azərbaycandan, xüsusilə GədəbəyXocalıdan tapılmış tunc kəmərləri üzərindəki təsvirlərə görə üç qrupa ayırmışdır. I qrupa o, üzəri saya kəmərləri, II qrupa həndəsi naxışlı, III qrupa heyvan, insan və müxtəlif səhnələr həkk edilmiş tunc kəmərləri aid etmişdir .[25] C.Ə.Xəlilov Mingəçevirdən tapılmış üzəri nəbatət təsvirli kəməri əsas tutaraq R.Virxovun bölgüsünə dördüncü qrupu da əlavə etmişdir.[26] İ.N.Avşarova isə Azərbaycandan tapılmış tunc kəmərləri 5 qrupa bölərək C.Ə.Xəlilovun sıralanmasında dəyişiklik etmişdir. O, I qrupa saya, II qrupa həndəsi naxışlı kəmərləri, III qrupa nəbati təsvirli kəmərləri, IV qrupa tək heyvan təsvirli kəmərləri, V qrupa isə müxtəlif süjetli kompozisiyalar həkk edilmiş kəmərləri aid edir.[27]

Üzəri saya kəmərlər

[redaktə | mənbəni redaktə et]

XIX əsrin sonlarından başlayaraq bu günə kimi Azərbaycanın son tunc-ilk dəmir dövrü qəbir abidələrindən kifayət qə-dər üzəri saya tunc kəmərlər tapılmışdır. Ümumilikdə, Azərbaycan ərazisindən tapılan üzəri bəzəksiz saya kəmərlərin sayı 30-a yaxındır. Lakin bu kəmərlərin heç də hamısı elmi ədəbiyyatda öz əksini tapmamışdır. Onların bir çoxu ilk olaraq kompleks şəkildə tarix üzrə fəlsəfə doktoru Tükəzban Göyüşova tərəfindən tədqiqata cəlb olunmuşdur. İndiyə qədər cəmi bir neçə ədəd saya tunc kəmər haqqında məlumat verilmişdir.[28][29]:98 V.Belk təkcə Gədəbəydən 14 ədəd saya tunc kəmər aşkar etmişdir.[30] R.Virxov öz əsərində cəmi bir saya kəmərin təsvirini verir. Kəmərin uzunluğu 78 sm, eni 9 sm, üzəri hamardır. Onun hər iki ucunda ip keçirmək üçün üç dairəvi deşik açılmışdır.[31]

Daha bir üzəri saya tunc kəmər Daşkəsən rayonunun Quşçu kəndindən daş qutu qəbirdən tapılmışdır. Kəmərin ucları yarımdairəvidir.[32] Mingəçevirdən tapılmış üzəri saya tunc kəmərlərin sayı dörddür. Onların eni 10 sm-dir. Tunc kəmərlərin ucları yarımdairəvidir. Onların hər iki ucunda ip keçirtmək üçün üç deşik açılıb. Kəmərlər xırda parçalardan ibarətdir.[33] (Tunc kəmərlər MATM-nin arxeoloji fondunda 981, 11696, 10591, 11215 saylı inventar altında qorunur).

Xoşbulaq kurqanlarından tapılmış üzəri saya tunc kəmərlərin sayı 5-dir.

Cəbrayıl rayonunun Niftalı kəndindən 1 №-li dağılmış kurqandan tapılmış üzəri saya tunc kəmər parçası fraqment halındadır.

Zəyəmçay nekropolunda 60 №-li qəbirdən tapılmış tunc kə¬mər xırda parçalardan ibarət olub üzəri sayadır. Kəmər parçasının qıraqlarında onu dəri üzərinə tikmək üçün xırda deşiklər açılmışdır. Kəmərin bir parçasının üzərində ilgək var.[34]:63 Tovuzçay nekropolundan 12 №-li torpaq qəbirdən tapılmış üzəri saya tunc kəmər də xırda parçalardan ibarətdir. Ağdamın “Palıdlı” nekropolundan 4 №-li torpaq qəbirdən tapılmış saya kəmər nisbətən enlidir. Bu kəmər də çox kiçik fraqmentlərdən ibarətdir (hər üç kəmər AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloji fondunda saxlanılır).

Üzəri həndəsi naxışlı kəmərlər

[redaktə | mənbəni redaktə et]

Azərbaycandan tapılmış tunc kəmərlər üçün ən səciyyəvi ornament həndəsi naxışlardır. Azərbaycanın son tunc-ilk dəmir dövrü abidələrindən 30-a qədər üzəri həndəsi naxışlı tunc kəmərlər tapılmışdır.

V.Belkin Gədəbəydə apardığı arxeoloji qazıntılardan 19 ədəd üzəri həndəsi naxışlı tunc kəmər məlumdur. Bu kəmərlərin üzərindəki naxışlar sadə, bəzi hallarda mürəkkəbdir. Kə-mərlərin üzərindəki təsvirlər həkketmə və zərbetmə üsulu ilə işlənmişdir. Onu da qeyd edək ki, Gədəbəyin II qrup kəmərləri öz orijinallığına və mürəkkəbliyinə görə Azərbaycanın, eləcə də Cənubi Qafqazın digər bölgələrindən tapılmış kəmərlərdən kəskin fərqlənir. Gədəbəyin daş qutu qəbirlərindən əldə olunmuş həndəsi naxışlı tunc kəmərlərin bəziləri kiçik parçalar halında olmuşdur. Kəmər parçasının üzərindəki təsvirlər əsasən hörükvari naxışdan, nöqtə və dairələrdən, üçbucaqlardan və qırıq xətlərdən ibarətdir.

Cənnət qalası 49 №-li qəbirdən tapılmış həndəsi naxışlı tunc kəmər öz orijinallığı ilə seçilir. Bu kəmərin üzərindəki naxışlar olduqca mürəkkəbdir. Kəmərin haşiyə zolaqları iki hissədən ibarətdir. Birinci haşiyə zolağının hər iki tərəfinə xırda nöqtələr döyülmüş, xətlərin arasında hörükvari naxış həkk edilmişdir. İkinci haşiyə zolağının kənarlarına xır¬da nöqtələr döyülmüş və paralel xətlər çəkilmişdir. Onların arasında isə içərisi nöqtələrlə bəzənmiş üçbucaq təsviri verilmişdir. İçərisi boş qalmış üçbucaqların alt hissəsində yarım dairələr çəkilmişdir. Kəmərin mərkəzi boyu çəkilmiş nisbətən enli haşiyənin kənarları xırda nöqtələr və hörükvari naxış elementləri ilə işlənmişdir. Mərkəz hissənin yan tərəflərində yarım dairələr çəkilmiş, içərisi xırda nöqtələrlə doldurulmuşdur. Yarım dairələr bir-birindən xətlərlə ayrılmışdır. Onların arası ştrix xətlərlə naxışlanmışdır. Kəmərin uc hissəsində böyük üçbucaq, onun daxilində kiçik üçbucaqlar təsvir olunmuşdur. Üçbucaqların içərisi maili xətlərlə doldurulmuşdur. Kəmərin ucları düz bucaqlı olub, ip keçirtmək üçün bir deşiyi vardır. Eni 8 sm-dir. [3]

Həndəsi naxışlı tunc kəmərlərdən 2 nüsxəsi E.Resler tərəfindən Xocalıdan tapılmışdır. 11 №-li qəbirdən tapılmış tunc kəmərin üzəri iki sırada qabarıq xətlərlə haşiyəyə alınmış, onların arasında dairələr zərb edilmişdir. Kəmərin ucları yarımdairəvidir və kəmərdə bir deşik var. Eni 6,5 sm, uzunluğu 85 sm-dir.[35]:71 Digər tunc kəmər 18 saylı kurqandan tapılmışdır.[36] Bu kəmərin üzərindəki naxışlar nisbətən mürəkkəbdir. Naxış elementləri başlıca olaraq spiral təsvirlərdən, üçbucaq və sünbülvarı naxışlardan ibarətdir. Kəmər iki sırada sünbülvarı naxışlarla haşiyəyə alınıb.

J.de Morqanın Lənkərandan tapdığı həndəsi naxışlı kəmər fraqmentlərdən ibarətdir. Tunc kəmərin kənarlarına qabarıq nöqtələr zərb edilmiş, ortasında qabarıq kəsik zolaqlar çəkilmişdir.[37]

Xoşbulaqda tapılmış bir başqa tunc kəmər parçasının üzərindəki həndəsi naxışlar maraqlıdır. Kəmər qalın hörükvari naxışlarla haşiyəyə alınıb. Hörüklərin hər iki tərəfinə bir sırada nöqtələr, nöqtə döyülmüş bir tərəfinə isə sınıq sünbül təsvirləri həkk edilib. Nöqtələrin altında xüsusi incəliklə işlənmiş tor təsvirləri vardır. Eyni naxışlar kəmərin mərkəzində təkrarlanır.

Üzərinə müxtəlif təsvir və kompozisiyalar həkk edilmiş tunc kəmərlər

[redaktə | mənbəni redaktə et]

Yüksək tərtibata malik bu tunc kəmərlərin üzərinə həkk edilmiş canlı varlıqlar, insan, heyvan, quş təsvirləri, nəqliyyat vasitələri, müxtəlif növ silah, həndəsi fiqur və naxışlar, nəbatət elementləri, astral işarələr dərin məzmuna malikdirlər.

Gədəbəyin daş qutu qəbirlərindən, Xocalı kurqanlarından, Mingəçevirin torpaq qəbirlərindən, eləcə də Qazax, Abşeron, Xoşbulaq və Naxçıvandan əldə edilmiş mürəkkəb kompozisiyalı tunc kəmərlər demək olar ki, bir birini təkrar etmir. Lakin onların süjet xəttində ümu¬mi oxşar cəhətlərə də rast gəlmək olur. Cənubi Qafqaz ərazisində III qrupa aid olan üzəri təsvirli tunc kəmərlər ən çox Azərbaycandan, xüsusilə də Gədəbəyin daş qutu qəbirlərindən tapılmışdır. Gədəbəydən tapılmış təsviri məlum olan, III qrupa aid tunc kəmərlərin sayı 10 ədəddir. Onların bəziləri bütövdür. Bəziləri isə kiçik fraqmentlərdən ibarətdir.

Gədəbəydən üzəri heyvan təsvirli tunc kəmər 1889-cu ildə Qalakənddən 6 №-li daş qutu qəbirdən tapılmışdır. Kəmərin eni 17 sm, uzunluğu 90 sm-dir.[38]:34,[7]:35

Üzəri heyvan təsvirli digər tunc kəmər parçası Gədəbəydən Göydəyən nekropolundan 14 №-li qəbirdən tapıldığı güman edilir.[38]:48-49,[7]:51 Kəmərin kənar haşiyəsi qoşa xətlə çəkilərək yarpaq şəkli almış iki sırada sünbülvarı naxışdan və onların arasını dolduran romblardan ibarətdir. Rombları əmələ gətirən bucaqların ortasında kiçik dairələr həkk olunmuş, içərisi xırda nöqtələrlə döyülmüşdür.

Tunc kəmərlərin üzərindəki təsvirlərin semantikası

[redaktə | mənbəni redaktə et]

Tunc kəmərlərin tapıldığı vaxtdan onların üzərində əksini tapmış müxtəlif təsvirlər, mürəkkəb kompozisiyalar demək olar ki, bu dövrlə məşğul olan bütün tədqiqatçıların diqqətini cəlb etmişdir. Tədqiqatçılar tunc kəmərlərin üzərinə həkk edilmiş təsvirlərə müxtəlif aspektlərdən yanaşmış, təsvirləri semantik cəhətdən təhlil etməyə cəhd göstərmişlər.

R. Virxov tunc kəmərlərin üzərindəki təsvir edilmiş hey-van təsvirlərinin yerli faunaya aid olduğunu bildirmişdir. C.Ə.Xəlilov Azərbaycandan tapılmış tunc kəmərlərin üzərin-dəki səhnələrin mövzusunun istehsalçının əhatə olunduğu tə-biətdən və onun təsərrüfatından götürüldüyünü yazır [45, 84], kəmərlərdə əksini tapmış süjetlərin əsasını qədim əfsanə-lərin təşkil etdiyini hesab edir.[39]:85 Xəlilov kəmərlərin üzərindəki simvolları göylə əlaqələndirir və onların dini xarakter daşıdığını qeyd edir. O, əcaibləşdirilmiş heyvan təs-virlərinin bəzilərinin də belə məqsəd daşıdığını hesab edir.[39]:87 N.İ.Rzayev, A.A.İvanovskinin Gədəbəydən 36 saylı daş qutu qəbirdən tapdığı tunc kəmərin üzərindəki təsvirləri se-mantik cəhətdən tədqiq edərək onu zərdüştlüklə əlaqələndirmişdir. Kəmərin üzərindəki kompozisiyada işıqla qaranlığın, həyatla ölümün mübarizəsinin təsvir edildiyini, nəticədə işıq və həyatın ölümə, eyni zamanda Hürümüzün (xeyrin) Əhri-mana (şərə) qalib gələcəyinin göstərildiyini yazır.[40]:82[41]

Q.M.Aslanov Abşerondan tapdığı mürəkkəb kompozisiyalı tunc kəmərin üzərindəki təsvirləri 4 təbiət ünsürü, yer, göy, su və yeraltı qüvvələrin arasında gedən fantastik müba-rizə hesab etmiş, kəmərin üzərindəki astral işarələri müqəddəs od və işıq rəmzi saymışdır.[42] N.E.Uruşadzenin fikirləri daha maraqlı və dolğundur. O, E.Reslerin Xocalıdan tapdığı kəməri semantik cəhətdən ətraflı sürətdə tədqiq edərək:

" Bütün Cənubi Qafqaz kəmərləri kimi bu kəmər də, ilk səpin günü, mal-qaranın yaylağa çıxması və enməsi günü, yağış çağırmaq və ya onu kəsmək üçün keçiri-lən ayinlər zamanı kahinlərin istifadə etdiyi dini əşyadır.[43]:68 "

Tunc kəmərlərin üzərindəki təsvir və naxışlar, işarə və həndəsi fiqurlar ayrı ayrılıqda dövrün digər maddi-mədəniyyət nümunələrinin, saxsı və metal məmulatlarının, silah və bəzəklərin üzərində, həmçinin qayalar üzərində öz əksini tapmışdır. Tunc kəmərlərin üzərindəki mürəkkəb süjetli kompozisiyalara isə adı çəkilən heç bir maddi mədəniyyət nümunələrinin üzərində rast gəlinmir. İ.N.Avşarova tunc kəmərlərin üzərində mürəkkəb süjetli kompozisiyaların verilməsini kəmərlərin həcmlərinin böyüklüyü ilə bağlayır.[44]

Tunc kəmərlərin üzərindəki at rəsmlərinə də eyni nöqteyi nəzərdən yanaşmaq olar. Tunc dövründə öküzlə bərabər at-dan da qoşqu vasitəsi kimi istifadə olunmuşdur. Atçılığın təşəkkülünü və at obrazının meydana gəlməsini arilərin Qafqaza miqrasiyasi ilə əlaqələndirirlər.[45]:29-32,[46]

V.H.Əliyev Gəmiqayadakı it təsvirlərinin Naxçıvanın qədim əkinçi maldar tayfalarının dini ideologiyası ilə bağlı olduğunu qeyd edir.[47]:36

Tunc kəmərlərin üzərində əksini tapmış heyvanlardan biri də balıqdır. Qobustan qayalarındakı iri həcmli balıq təs-virlərinə əsaslanaraq tədqiqatçılar bu daşların ibadət obyekt-ləri olduğu qənaətinə gəlirlər. Qobustanın, eləcə də dəniz sahi-lində yaşayan əhalinin təsəvvüründə iri balıqlar dəniz və ya su yiyəsi hesab olunurdu.[48]

N.E.Uruşadze Samtavr qəbirlərindən tapılmış tunc kə-mərlərin üzərindəki it təsvirlərini it-canavar adlandırır və onları əkinçilik kultu ilə bağlayır.[1]:29 Qədim türklərin dini etiqadlarında da it-canavar ayini geniş yayılmışdır.[49] İt-canavar təsvirləri totemik dini təsəvvürlərlə yanaşı astral təsəvvürlərlə də bağlı olmuşdur. Qazaxdan tapılmış tunc kə-mərin üzərindəki canavar təsvirlərinin bədənlərinə çəkilmiş Günəşi simvolizə edən ortasında çarpaz xətlər çəkilmiş dairələr bunu deməyə bizə əsas verir.

Tunc kəmərlərin üzərində əsas yer tutan obrazlardan bir digəri də ilandır. Tunc dövründə ilan obrazının geniş yayılması bu dövrdə yaşamış tayfaların dini etiqadları ilə bağlıdır. Azərbaycan nağıllarında ilan evin-ocağın, xəzinənin, yer altı dünyanın qoruyucusu kimi təsvir edilir.[50]:95-98

Qafqazda son tunc dövründə geniş vüsət tapmış obraz-lardan biri də maraldır. Maral təsvirləri məhsuldarlıq ideyasını təcəssüm etdirib Günəş kultu ilə bağlı olmuşdur.[51]

  1. 1 2 Урушадзе Н.Е. Бронзовая летопись древней Грузии. Тбилиси: Хеловнеба, 1984, 118 с
  2. J.de Morgan. Mission scientifique au Caucase. Etudes archiolo¬qiques et historiques. T. I. Paris, 1889. 231p.
  3. 1 2 3 Nagel V. Ştrommenger Y. Qalakənd. Cənubi Qafqazın Kirovabad /Yelizavetpol/ ərazisində erkən dəmir dövrü-nün arxeoloji tapıntıları.( F.Abbasovanın tərcüməsi). Bakı: Diplomat. 1999. 83.
  4. N.Qədirova. Avropa muzeylərində Qafqaz arxeoloji kolleksiyaları (dərs vəsaiti). Bakı. 2016. səh. 449.
  5. Müseyibli N.Ə. Zəyəmçay nekropolunda arxeoloji qazıntılar // Azərbaycan Arxeologiyası və Etnoqrafiyası 2004, № 2, s. 58-74
  6. N.Qədirova-Avropa muzeylərində Qafqaz arxeoloji kolleksiyaları (dərs vəsaiti) Bakı 2016. 449 s.N.Qədirova-Avropa muzeylərində Qafqaz arxeoloji kolleksiyaları (dərs vəsaiti) Bakı 2016. 449 s.
  7. 1 2 3 4 5 6 7 8 9 10 11 12 Nagel.V, Ştrommenger Y. Qalakənd.Cənubi Qafqazın Kirovabad/Yelizavetpol/ərazisində erkən dəmir dövrünün arxeoloji tapıntıları. (F. Abbasovun tərcüməsi). Bakı: Diplomat. 1999. səh. 35.
  8. Гуммель Я.И. Погребальный курган (№ 1) около Еленодорфа Азербайджанской ССР. Баку: 1931, 55 с.
  9. Göyüşova T.N. Azərbaycan muzeylərində qorunan tunc kəmər kolleksiyası // Azərbaycan Arxeologiyası və Etnoqrafiyası 2005, № 1, s. 82-89
  10. 1 2 3 Асланов Г.М., Ваидов Р.И., Ионе Г.И. . Баку: Изд-во АН Азерб. 1959. 53–54.
  11. Геюшева Т.Н. Бронзовый орнаментированный пояс из Мингечаура // Международная научная конференция. Археология, Этнология и фольклористика Кавказа. Баку: 2005, с. 71-73
  12. 1 2 3 Иессен А.А. К вопросу о древнейшей металлургии меди на Кавказе (10 nüs.). Москва-Ленинград: ГАИМК. 1935. səh. 31-32.
  13. Алиев К.Г. Античная Кавказкая Албания. Баку: Азернешр. 1992. səh. 136.
  14. Cəlilov B.M. azərbaycanın son tunc-ilk dəmir dövrü metalişləmə sənətkarlığı. Tarix elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın avtoreferatı. Bakı: 2006, 26s.
  15. Рагимова М.Н. Из истории использования свинца в древнем и средневековом Азербайджане. Баку: Элм. 1978. səh. 7.
  16. Казиев С.М. Археологические раскопки в Мингечауре // МКА т. I, Баку, 1949, с. 9-47
  17. 1 2 Xəlilov C.Ə. Qərbi Azərbaycanın tunc dövrü və dəmir dövrünün əvvəllərinə aid arxeoloji abidələri. (Şamxor və Zəyəm çayları hövzələri). Bakı: Azərb. SSR EA nəşriyyatı. 1959. səh. 46.
  18. 1 2 Джафаров Г.Ф. Курган у селения Баимсаров в Азер-байджане // РА № 2. Москва. 1992. səh. 176.
  19. Асланов Г.М., Ваидов Р.И., Ионе Г.И. Древний Минге¬чаур (эпохи энеолита и бронзы). XLVIII. Баку: Изд-во АН Азерб. ССР. 1959. səh. 133.
  20. Садыгзаде Ш.Г. Гаджиева Э.Г. О технике изготовления металлический украшений Азербайджана эпохи позд¬ней бронзы / Материалы к сессии посвященной ито¬гам археологических и этнографических исследований в 1970 года в Азербайджане. Баку. 1971. 60.
  21. Cəfərov H.F. Azərbaycan e.ə. IV minilliyin axırı və I minilliyin əvvəllərində (Qarabağın Qarqarçay və Tərtərçay hövzəsinin materialları əsasında). Bakı: Elm, 2000, 183 s.
  22. Кошкарлы К.О. Античная и раннесредневековая торев¬тика из Азербайджана. Баку: Элм, 1985, 138 с.
  23. Avşarova İ.N. Xocalı-Gədəbəy mədəniyyəti tayfalarının bədii tunc məmulatı (e.ə. XIV-VII əsrlər), Bakı: Nurlar, 2007, 190 s
  24. Вирхов Р. О культурно-историческом значении Кавказа. Перевод О.Куна с немецкого на русский // Научный архив Институт Истории. инв. 3869. 105 с.
  25. Геюшева Т.Н. Бронзовый орнаментированный пояс из Мин¬гечаура // Международная научная конференция. Археоло¬гия, Этнология и фольклористика Кавказа. Баку. 2005. 22.
  26. Xəlilov C.Ə. Qərbi Azərbaycanın tunc dövrü və dəmir dövrünün əvvəllərinə aid arxeoloji abidələri. (Şamxor və Zəyəm çayları hövzələri). Bakı: Azərb. SSR EA nəşriyyatı. 1959. səh. 70.
  27. Avşarova İ.N. Azərbaycanın son tunc-ilk dəmir dövrü təsviri incəsənət nümunələri üzərində olan öküz təsvirləri // Azər¬baycan Arxeologiyası və Etnoqrafiyası 2005, № 1, s. 62-68
  28. Xəlilov C.Ə. Azərbaycandan tapılmış tunc kəmərlər. VI. Bakı: Elm. 1962. səh. 70.
  29. Погребова М.Н. Закавказье и его связи с Передней Азией в скифское время. Москва: 1984, 247 с.
  30. Göyüşova T.N. Azərbaycanın tunc kəmərlərinin öyrənilmə tarixinə dair // Azərbaycan Arxeologiyası və Etnoqrafiyası 2007, № 1, s.68
  31. Гадирова-Атеши Н. История Археологии Кавказа Археологические и теоретические исследования. Баку, 2017, 412 с.
  32. Садыгзаде Ш.Г. Украшения Ходжалы-Кедабекской культуры Азербайджана как исторические источник (эпоха поздней бронзы и раннего железа). Диссерта-ция на соискание ученой степени кандидата истори-ческих наук. Баку: AMEA Tİ EA. 1969. 95–108.
  33. Göyüşova T.N. Azərbaycanın tunc kəmərlərinin öyrənilmə tarixinə dair // Azərbaycan Arxeologiyası və Etnoqrafiyası 2007, № 1, s.82
  34. Müseyibli N.Ə. Zəyəmçay nekropolunda arxeoloji qazıntılar // Azərbaycan Arxeologiyası və Etnoqrafiyası 2004, № 2, s. 58-74
  35. Xəlilov C.Ə. Azərbaycandan tapılmış tunc kəmərlər // AMM VI c. Bakı: Elm, 1962, s. 68-108
  36. Cəfərov H.F. Azərbaycan e.ə. IV minilliyin axırı və I minilliyin əvvəllərində (Qarabağın Qarqarçay və Tərtərçay hövzəsinin materialları əsasında). Bakı: Elm. 2000. səh. 183.
  37. J.de Morgan. II // Recherche prehistoriques dans le Talyche russe.(Lenkoran). Paris. 1885. səh. 103.
  38. 1 2 Вирхов Р. О культурно-историческом значении Кавказа. Перевод О.Куна с немецкого на русский // Научный архив Институт Истории. инв. 3869. 105 с.
  39. 1 2 Xəlilov C.Ə. Azərbaycandan tapılmış tunc kəmərlər // AMM VI c. Bakı: Elm, 1962, s. 68-108 C.Ə.
  40. Rzayev N.İ. Möcüzəli qərinələr. Bakı: Azərnəşr, 1984, 120 s.
  41. Рзаев Н.И. Некоторые вопросы искусства Азербай-джана древнего периода (VIII - I тысячелетия до н. э.). Исследования и материалы по архитектуре и искусству Азербайджана. Баку. 1966. 157.
  42. Асланов Г.М. Апшерон в начале эпохи железа. Баку. 1965, // Научный архив Институт Истории НАНА инв. № 5802.
  43. Урушадзе Н.Е. К семантике прикладного искусства древнего Кавказа и Закавказья // СА 1973, № 1. с. 54-69
  44. Avşarova İ.N. Xocalı-Gədəbəy mədəniyyəti tayfalarının bədii tunc məmulatı (e.ə. XIV-VII əsrlər). Bakı: Nurlar. 2007. səh. 79.
  45. Ковaлевская В.П. Конь и всадник. Москва: Наука, 1977, 151 с.
  46. Кузмина Е.Е. Распространение коневодство и культа коня у ираноязычных племен Средней Азии и других стран старого света // Средняя Азия в древности и средневековье. Москва: Наука. 1977. səh. 23-46.
  47. Əliyev V.H. Gəmiqaya abidələri. Bakı: Azərnəşr, 1992, 79 s.
  48. Алиев И.Н.,Гусейнова С.Б. Изображение рыбы в средневековых материалах Южного Кавказа / AMEA 2003-2004-cü illərdə aparılmış arxeoloji və etnoqrafik tədqiqatların yekunlarına həsr olunmuş elmi sessiyanın materialları. Bakı: Nafta-Press. 2005. səh. 106-107.
  49. Феодров - Давыдов Г. А. Курганы, идолы, монеты. Москва: Наука 1968.ст 19
  50. Azərbaycan Folklor Antologiyası. Bakı 1994. s 381
  51. Равдоникас В. И. Элементы космических представ-лений // СА 1957, № 4. с. 11-32

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

П:  Arxeologiya portalı