Mollacəlilli məscidi və ya Sünnilər məscidi — Azərbaycanın Gəncə şəhərində yerləşən məscid və tarix-memarlıq abidəsi.
Mollacəlilli məscidi | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Gəncə |
Yerləşir | İ. Məmmədov küçəsi 5. |
Tikilmə tarixi | 1815 |
Üslubu | Arran memarlıq məktəbi |
Vəziyyəti | qəzalı |
İstinad nöm. | 3892 |
Kateqoriya | Məscid |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Mollacəlilli məscidi Gəncənin Mollacəlilli məhəlləsində tikilib.[1] Məscidinin tikilməsi ilə bağlı məlumatlar fərqlidir. Mənbələrin birinə görə məscid 1815-ci ildə tikilib. Digər mənbəyə görə isə məscid 1916-cı ildə Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin və yerli camaatın köməkliyi ilə tikilib.[2] Məsciddən sünni məzhəbindən olan müsəlmanlar istifadə etdikləri üçün bəzən "Sünnilər" məscidi də adlandırılıb.[3] Məscid Gəncəyə xas olan üslubda qızmızı kərpicdən inşa edilib və günbəzsizdir.[2]
Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar.[4] Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi.[4] Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1928-ci ildə 1369, 1933-cü ildə isə 17 idi.[4][5] Mollacəlilli məscidi də bu dövrdə ibadətə bağlanıb, binasından əvvəlcə utilizasiya idarəsi kimi daha sonra isə Gənc Texniklər Stansiyası kimi istifadə olunub.[1]
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscid Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[6]
Hazırda məscid fəaliyyətsizdir.[7]