Səfərabad məscidi — Azərbaycanın Gəncə şəhərində yerləşən məscid və tarix-memarlıq abidəsi. Məscid Aprel işğalından sonra sökülüb, yerində isə park salınıb.
Səfərabad məscidi | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Gəncə |
Yerləşir | Nizami və Qəmbər Hüseyinli küçələrinin kəsişməsi |
Üslubu | Arran memarlıq məktəbi |
Səfərabad məscidi XX əsrin əvvəllərində Gəncə şəhərinin Səfərabad məhəlləsində tikilib.[1] Məscidin tikintisi məhəllə sakinlərinin maliyyəsi ilə baş tutub.[2] Məscid günbəzsiz və minarəsiz olub.[1] Məscidin ilk axundu Hacı Yaqub Baratzadə olub.[3]
Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar.[4] Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi.[5] Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1928-ci ildə 1369, 1933-cü ildə isə 17 idi.[5][6] Səfərabad məscidi də bu dövrdə ibadətə bağlanıb daha sonra isə sökülüb. Məscidlə yanaşı məscidin yanında yerləşən Səfərabad qəbiristanlığı da dağıdılıb. Sonradan məscidin və qəbiristanlığın yerində park salınıb.[3]