İskəndəriyyəli Hierokles (yun. Ἱεροκλῆς, m. V-ci yüzilliyin ikinci yarısı) — yeni-platonçuluğun İskəndəriyyə məktəbinin ən tanınmış nümayəndələrindən biri onun yaradıcısı. O, bir çox əsərlərin müəllifi idi. Onlardan bəziləri günümüzə gəlib çatmışdır. Bizə çatmış əsərlərin ən tanınmışları pifaqorçuların "Qızıl şeyrlər" kitabına şərhlər və "Tale haqqında" əsərindən fraqmentlərdir.
Hierokles | |
---|---|
Doğum tarixi | IV əsr |
Vəfat tarixi | güm. V əsr |
Fəaliyyəti | filosof, yazıçı |
Hierokles artıq Xristianlığın çox geniş yayıldığı dövrdə yaşamışdır. Ona görə də bəzi araşdırmaçılar hesab edirlər ki, onun fəlsəfəsində bu dinin ilahiyyatı neoplatonizm fəlsəfəsi ilə qarışmışdır. Ancaq, başqaları bununla razılaşmış və iddia edirdilər ki, Hieroklesin fikirləri Platon fəlsəfəsinin fərqli yorumudur.
Hierokles, başqa neoplatonçulardan fərqli olaraq, birinci və hər şeydən uca olan İlk başlanğıcı dünyanın yaradıcısı olan Demiurqosdan ayırmır və onları birlikdə olan Tanrı kimi görürdü. Onun fikrincə maddə və dünya da əbədi olmamış, onları Tanrı öz iradəsinin və xeyrinin gücü ilə heç nədən yaratmışdır. Bu xristian ilahiyyatı ilə uyğunlaşan məqamlardır. Ancaq, Xristianlıqdan fərqli olaraq Hieroklesin Tanrısı hansısa anda dünyanı yaratmamışdır. Dünya və maddə elə Tanrının özündədir, onun təbiətinə uyğun hərəkət edir. Ona görə də yaradılış əbədi olaraq hər zaman baş verir. Bu bir işlək orqanizmə bənzəyir.[1]
Hierokles Tanrı tərəfindən qurulan qanunauyğunluq (lat. providentia), tale və insan azadlığı problemləri üzrə düşüncələri ifadə etmişdir. Providentia hər bir şeyə uyğun olan yoldur. Tale isə bu yolda baş verən Tanrı hökmüdür. Bununla belə insanın hökmündə olan şeylər də vardır.
Hierokles providentia, tale və insan azadlığı haqqında söhbət açarkən Tanrının şərlə münasibətləri (teodiseya) məsələsinə də toxunmuşdur. Əgər şər maddədə və dünyadadırsa, onda onları yaradan Tanrı da ona bulaşmış olur. Deməli, Tanrını təmizə çıxartmaq üçün bir tərəfdən şərin özəl təbiətinin olması sübuta yetirilməlidir, başqa tərəfdən isə onun var olmasının məsuliyyəti insan üzərinə atılmalıdır. Tanrı dünyanı yaradıb və hər şey onun qoyduğu qanunauyğunluğa tabedir. Belə olmasaydı, onda dünyada düzən olmazdı. Ancaq bu o demək deyil ki, şər də Tanrı tərəfindən yaradılmışdır.[2]
Şərin təbiəti ikilidir: biri məruzqalan, digəri törədiləndir. Məruzqalan şər xəstəlik, yaxınların itkisi, təbii fəlakətlər kimi hadisələrdir. Bunlar həqiqi şərlər deyil, çünki insan tərəfindən törədilmir, onun ruhuna ziyan yetirmir[2]. Deməli, bunlar təbii axarla baş verən hadisələrdir, hansı ki bunlara şər deyildirlər.
Həqiqi şər isə insan tərəfindən düşünülmüş şəkildə törədilir[2]. Bu da ona verilmiş azadlıqdan irəli gəlir. Azadlığı isə ona Tanrı vermişdir ki, o öz əməllərinə görə sorumlu olsun. Deməli, insan taleyində onun günahları və onlara görə cəzalar da vardır. Beləliklə, Tanrı tərəfindən qurulmuş providensia insanı seçim qarşısında qoyur, onun seçimi isə tale olur.
Hieroklesə görə Demiurqos və materiya arasında iyerarxia vardır. Bunlar göy tanrıları, göy və yer arasındakı tanrılar, tanrı iradəsinin carçıları olan demonlar və insanlardır. Ruhların da iyerarxiası vardır. Ən yüksəkdə ayüstü məkanının ruhlarıdır; sonra ayaltı, daha sonra isə yerüstü və yerdə olan ruhlar gəlir.[3]