Hippias (yun. Ἱππίας m. ö.460 — 400) — qədim yunan filosofu, sofistlər məktəbinin nümayəndəsi, Sokratın çağdaşı[2]. Riyazi əyrinin (quadratrix) yaradıcısı.[3]
Gippi | |
---|---|
yun. Ἱππίας | |
Doğum tarixi | e.ə. 443 |
Doğum yeri | |
Vəfat tarixi | e.ə. 399 |
Vəfat yeri | |
İstiqaməti | Sokrataqədərki fəlsəfə |
Əsas maraqları | həndəsə, fəlsəfə[1] |
Yunanıstanın bütün şəhərlərində, xüsusən Afinada dərs deyən Hippias fenomenal yaddaşa sahib idi və dövrünün bütün elmlərini dərindən bilirdi. Bu səbəbdən Poliqistor ləqəbini qazanmışdı. O dövrdə məlum olan bütün ədəbiyyat növlərində qələmini sınamış, ilk dialoq yazmağa da cəhd etmişdir. Platonun iki dialoqu ("Hippias Major" (Dahi Hippias) və "Hippias Minor" (Kiçik Hippias)) onun adını daşıyır.[4] Həmçinin Platonun "Protaqor" dialoqunda aparıcı obrazlardan biridir.
Universal biliyə malik Hippias poeziya, qrammatika, tarix, siyasət, arxeologiya, riyaziyyat və astronomiya üzrə mühazirələr demişdir. Onun ədəbi irsinə nəsrdə yazılmış texniki traktatlarından əlavə elegiya və faciələr də daxildir. Homer haqqında mükəmməl bir əsər, yunan və digər xalqların ədəbiyyat nümunələrinə aid toplular, arxeoloji traktatlar ona aid edilsə də günümüzə bir neçə fraqment gəlib çatmışdır.[3]
O, həmçinin 300 ildən artıq dövrə aid Olimpiya oyunları qaliblərinin siyahısını tərtib etmişdir.
Hippias fəlsəfədə daha çox əxlaqi məsələlərə önəm verirdi. O, dövlət qanunlarının insana əzab verməsini iddia edir, onların əhəmiyyətini kiçildir, ata-anaya sayğı kimi ümumbəşəri dəyərlərin tanrılardan gəldiyini iddia edirdi. O cəmiyyətdə köləliyə son verməklə insanların eyni hüquqlu vətəndaş olmaları fikrin müdafiə etmişdir. Deməli, ehtimal etmək mümkündür ki, Hippias köləliyin əleyhinə çıxırdı[5].
Hippias təxminən m. ö.460-cı ildə riyazi əyrini kəşf etmişdir.[6] Sonrakı dövrlərdə bu əyri quadratrix adlandırılmışdır. Onun bu kəşfi sayəsində bucağı bərabər hissələrə bölmək və çevrənin kvadratını müəyyən etmək mümkün olmuşdur.[7]
Hippias varlığın davamlılığı doktrinasını irəli sürür. Bu doktrina varlıqdan meydana gələn fiziki obyektlərin davamlılığı kimi izah olunur. Doktrinanın incəlikləri bizə məlum olmasa da Hippiasın hadisələri keyfiyyət və fərdlər baxımından izah edilməsinə qarşı çıxması aydındır. Hippias üçün fenomenal reallıq bütün reallıq deməkdir. Filosof reallığı kokret fiziki obyektlərdən ibarət reallıq kimi qəbul edir. başqa sözlə istənilən qrupa aid edilən keyfiyyətlər, qrupun hər bir üzvünə də aiddir, ayrı-ayrı obyektlərdə müəyyən edilmiş keyfiyyətlər isə bütün qrupa aid edilir. Hippias Sokratın "gözəl" və "gözəl obyekt"i bir-birindən fərqləndirməsinə qarşı çıxmışdır.[8]