Levkipp, Leukippus (yun. Λεύκιππος, e. ə. V əsr, güm. Milet – e. ə. V əsr) — qədim yunan filosofu.
Levkipp | |
---|---|
Λεύκιππος | |
Doğum tarixi | e. ə. V əsr |
Doğum yeri |
|
Vəfat tarixi | e. ə. V əsr |
İstiqaməti | Atomistika, Materializm, Sokrataqədərki fəlsəfə |
Əsas maraqları | fəlsəfə, Kosmologiya |
Vikianbarda əlaqəli mediafayllar |
Qədim yunan filosoflarından olan, Atomçuluq məktəbin nümayəndəsi Levkipp Miletdə doğulub. Bəziləri belə hesab edir ki, o, Abderdə və ya Eleada dünyaya gəlib. Epikür isə deyirdi ki, yunan fəlsəfi fikir tarixində Levkipp adında filosof olmamışdır. Belə fikir də vardır ki, Levkipp gənc Demokritin təxəllüsüdür, lakin son illərin tədqiqatları və xüsusən keçən əsrdə Dilsin, Zellerin, görkəmli fılosof və tarixçi Makovelskinin araşdırmaları sübut edir ki, Levkippin fılosof kimi mövcudluğu tarixi həqiqətdir. O, Miletdə yaşayıb, sonra Elea şəhərinə köçüb, orada Parmenidin, Ksenofanın və Zenonun tələbəsi olub. Dils Levkippin iki kitabını müəyyən edib. Onun başqa əsərləri və fikirləri haqqında məlumatı müxtəlif mənbələrdən almaq mümkündür.
Levkipp belə hesab edirdi ki, gerçəkliyin əsasında atomlar və boşluq durur. "Atomlar boşluqda hərəkət edən varlıqdır"[1]. O, boşluğu varlıq saymır, lakin qeyd edirdi ki, boşluq heç də varlıqdan kiçik bir şey deyildir. Atom haqqında təlimi birinci dəfə Levkipp irəli sürmüşdür. O göstərirdi ki, "vahid mövcud olan atomlar boşluqdur". Levkipp atomları öz böyüklüyü, forması, düzülüşü və vəziyyəti ilə xarakterizə edirdi. O sübuta çalışırdı ki, hadisələr səbəbiyyət əlaqələri ilə bağlıdır. Atomlar şeylərin səbəbidir, onların birləşməsi və ayrılması nəticəsində şeylər yaranır və məhv olur. Levkipp bu barədə "Əql haqqında" əsərində yazırdı: "Heç bir şey səbəbsiz meydana gəlmir, ancaq hər şey bir əsas üzərində zərurətdən yaranır". Levkippin bir xidməti də ondan ibarətdir ki, o, eleylilərin "dəyişməz varlığı" ilə Heraklitin "daim dəyişən" varlığını dialektikcəsinə birləşdirdi.