Efeslí Heraklít (q.yun. Ἡράκλειτος ὁ Ἐφέσιος; təq. e.ə. 535, Efes, Qədim Yunanıstan – təq. e. ə. 470-ci illər, Efes, Qədim Yunanıstan) — qədim yunan filosofu. Onun həyatı haqqında bilgilər çox azdır. O çağdaş Türkiyənin ərazisində yerləşən Efesdən idi. Dərin fikirliyinə görə və ifadəsinin sirrliliyinə görə Qaranlıq təxəllüsü almışdır.
Efesli Heraklit | |
---|---|
q.yun. Ἡράκλειτος ὁ Ἐφέσιος | |
Doğum tarixi | təq. e.ə. 535 |
Doğum yeri | |
Vəfat tarixi | təq. e. ə. 470-ci illər |
Vəfat yeri | |
Vəfat səbəbi | şiş |
İstiqaməti | Sokrataqədərki fəlsəfə, antik fəlsəfə, Avropa fəlsəfəsi |
Əsas maraqları | fəlsəfə |
Təsirlənib | Hippasus, Ksenofan |
Vikianbarda əlaqəli mediafayllar |
Sonra həyatının bəlli zamanında o insanlara nifrət edib abid həyatı ilə yaşamağa başlamışdır. Bundan sonra o otlarla qidalanaraq dağlarda yaşamışdır.
Heraklitin ölümü də qeyri-adi olmuşdur. Rəvayətlərə görə, o qəsdən özünü nəcizlə sürtüb ölmüş və onun meyitini itlər yemişdirlər.
Heraklitin başqa yunan filosoflarının əsərləri ilə tanış olub-olmaması haqqında məlumat yoxdur.
"Təbiət haqqında" adlı kitabın müəllifi olmuşdur. Onun yalnız bəzi fraqmentləri günümüzə gəlib çatmışdır.
Heraklitin fəlsəfəsinin əsasında dünyanın dəyişkən olması ideyası dayanır[1]. Bu barədə onun "İki dəfə bir axara girmək olmaz"[2] kimi məşhur ifadəsi də vardır. Platon Heraklitin bu ifadəsini "Kratil" dialoqunda işlətmişdir.
Ona görə də Heraklit dialektikanın əsasını qoyan filosoflardan biri sayılır[3]. O qeyd edir ki, dünyada hər zaman varlıqlararası mübarizə müşahidə edilməkdədir. Bir varlıq başqasını yox etməyə çalışır və bunu edərkən o özü üçün həyat qazanmış olur. Beləliklə, soyuq-isti, qaranlıq-işıq kimi dualistik anlayışlar bir-biri ilə ziddiyyət və mübarizədədirlər. Bu kimi qarşıdurmaların nəticəsində inkişaf və dəyişikliklər baş verir. Çünki, bu ziddiyyətlər olmasaydı dünyada durğunluq müşahidə edilərdi. Eyni zamanda, bu ziddiyyətlər bir-biri ilə vəhdətdədir. Məsələn, qaranlıq olmasaydı işığın, soyuq olmasaydı istinin nə olduğu bilinməzdi.
Heraklitə görə dünyada olan dəyişkənlik "yuxarı və aşağıya doğru hərəkətdir"[4]. Belə ki, od qatlaşaraq suya, sonra isə bərkiyərək torpağa çevrilir. Bu məhz aşağıya doğru hərəkətdir. Digər tərəfdən yer və sudan buxarlanma baş verir və bu da yuxarıya doğru hərəkətdir. Göründüyü kimi bu fikirlərdə hər şeyin dairəvi hərəkətdə olması və maddələr mübadiləsi ideyaları ortaya çıxır.
Buxarlanma "qaranlıq" və "işıqlı" olur. İlin fəsilləri, gündüzün gecə ilə dəyişməsi kimi olaylar bunun nəticəsidir. Gün və yay "işıqlı", gecə və qış isə "qaranlıq" buxarlanmalardan doğur.[4]
Heraklit hesab edirdi ki, dünyanın əsasında ilk maddə durur. Onun fikrincə bu maddə oddur[5]. O, odun şölələnməsində varlığın dəyişkənliyini və formasını dəyişdirdiyini görürdü. Heraklitə görə hər şey oddan yaranır və oda qayıdır. Ona görə bu proses daim təkrarlanmaqdadır. Bu səbəbdən də Heraklit qeyd edirdi ki, əgər bu dünya məhv olarsa odun şölələnməsi nəticəsində başqa dünya yaranar[5]. Odun ən çox cəmləşdiyi yer günəşdir. Araşdırmaçılara görə Heraklitin bu baxışları Zərdüştiliyin təsiri altında formalaşmışdır.
Heraklitə görə dünyanı heç kəs yaratmamışdır. O əbədidir, hər zaman hərəkətdədir[6]. Ancaq onu idarə edən bir prinsip var, bu da "Loqos"dur. Loqos qanunauyğunluq, mütləq qanun, fələk, tale və alın yazısıdır. Hər şey, hətta tanrılar belə ona tabedir[7].
Heraklitə görə həqiqətin meyarı kütlələrin razılaşdığı fikir ya da ayrı-ayrı adamların rəyi deyil. Həqiqət Loqosdur. Bizim fikirlərimiz onun bir hissəciyidir. Ona görə həqiqət hər kəsdə vardır. Ancaq, köz oddan uzaq düşəndə sönən kimi, fərdi düşüncə də Loqosa yaxınlaşmasa həqiqətdən uzaqlaşır. Həqiqətə çatmaq istəyən hər şeyi başqa şeylərlə və dünya ilə bağlılıqda görməlidir. Şeylərin bir-birindən ayrılıqda təsəvvür edilməsi yanlışlıqdır. Əslində çoxluq yoxdur, yalnız birlik vardır və o müxtəlif formalarda özünü göstərir. Buna görə də, kainatda ümumi qanunauyğunluq vardır. Beləliklə, Loqos həm birlik, həm də qanunauyğunluqdur, həm də taledir.[8]
Heraklit hesab edirdi ki, insan dünyanı duyğular və düşüncə ilə qavrayır. Ancaq o, duyğulara etibar etməmiş, yalnız həqiqətin tək bir meyarı kimi düşüncəni tanıyırdı. Onun fikrincə yetkin insan duyğulara etibar etməz, bunu cahil adamlar edirlər. Eyni zamanda, hər bir düşüncə də həqiqəti açmır. Bunu yalnız Loqosa uyğunlaşan düşüncə edə bilir. Beləliklə, insan öz təbiətinə görə ağılsızdır. Yalnız öz üzərində işləməklə, düşünməklə, çevrəni (ətrafı) anlamaqla, bilikləri əldə etməklə ağıl sahibi olur.[9]