Empedokles (yun. Ἐμπεδοκλῆς, təq. e.ə. 494[1][2] – təq. e.ə. 434[2], güm. Etna[3]) — qədim yunan filosofu.
Empedokles | |
---|---|
Ἐμπεδοκλῆς | |
Doğum tarixi | təq. e.ə. 494[1][2] |
Vəfat tarixi | təq. e.ə. 434[2] |
Vəfat yeri | |
Vəfat səbəbi | yıxılma[d] |
İstiqaməti | Sokrataqədərki fəlsəfə |
Əsas maraqları | fəlsəfə, tibb |
Təsirlənib | Pifaqor[4] |
Vikianbarda əlaqəli mediafayllar |
Cənubi İtaliyanın Aqraqant şəhərindən idi. Tədqiqatlara görə onun ziddiyyətli şəxs olduğu qeyd edilir. Rəvayətlərə görə o özünü tanrı elan edərək püskürən vulkana atmışdır. Onun “Təbiət haqqında” və “Təmizlənmələr” adlı kitablarından zamanımıza bəzi fraqmentlər gəlib çatmışdır. O, Eleya fəlsəfi məktəbinin nümayəndəsi olan Parmenid kimi varlığın əbədiliyini və dəyişməzliyini iddia edirdi. Ancaq, Parmenid bütün varlığı tamlıq şəklində görürdüsə, Empedokl növlərin də mövcud olmasını inkar etmirdi. Deməli, onun fikrincə dünyada həm tam, həm də növlər vardır.
Empedokla görə hər şeyin əsasında od, hava, su və torpaq durur[5]. Hər şey bu ünsürlərin birləşməsindən yaranır. Şeylərin məhv olması isə onların dağılması deməkdir. Dünyanı heç kəs yaratmamışdır, çünki yoxluqdan varlıq yarana bilməz.
Empedokl fəlsəfəsində bir-biri ilə savaşan Sevgi və Nifrət dualizmi vardır ki[6], o da bu ünsürləri hərəkətə gətirir. Öncə Sevgi hökmranlıq edir. O bütün dünyanı birləşdirir, tamlıqda saxlayır. Sonra Nifrət gəlir, o isə hər şeyi parçalayır, ayırır və bunun nəticəsində növlər yaranır. Bu proses də daim təkrarlanmaqdadır. Tədqiqatçılara görə Empedoklun bu düşüncələri ilə zərdüştlük arasında bənzərliklər vardır. Belə ki, zərdüştlükdə də xeyrin substansiyası olan Hörmüzdün şərin təcəssümü olan Əhrimənlə qarşıdurması dünyanın əsasını təşkil edir.
Empedokla görə canlılar cansızlardan yaranmışdır. Öncə ayrı-ayrı cansız bədən üzvləri yaranmış, sonra Sevginin hakimiyyəti gücləndikcə onlar birləşmiş və beləliklə, canlılar yaranmışdır[7]. Sonra canlılar arasında qarşıdurma olmuş, bunun sonu olaraq ən güclüləri yaşamış, zəiflər isə məhv olmuşdur. Burada isə “təbii seçim” nəzəriyyəsinin ilk təzahürləri müşahidə edilir ki, onu XIX əsrdə Çarlz Darvin öz bioloji nəzəriyyəsində istifadə etmişdir.
Bundan başqa Empedokl belə bir fikir irəli sürmüşdür ki, fəzada işığın yayılması üçün ona müəyyən bir vaxt lazımdır. İşığın surəti o qədər böyükdür ki, biz onu duyğu orqanlarımızın sərhədlərini aşdığı üçün izləyə bilmirik. Bu fikirlər isə yalnız müasir dövrdə elmlərin inkişaf etməsindən sonra təsdiq edilmişdir[7].
Empedokla görə ətraf mühiti qavrama (dərk etmə) prosesi bədənin orqanlarının quruluşundan asılıdır. Onlar qavranılan obyektə uyğun olmalıdır. Bu uyğunluq olarsa ətrafdakı şeylər dərk edilir, uyğunluq olmazsa edilmir.