Avqustín Avrélius (lat. Aurelius Augustinus Hipponensis; 13 noyabr 354 – 28 avqust 430[1]) — qərb Xristianlığının ən böyük ilahiyyatçılarından və filosoflarından biri, Xristian kilsəsinin müqəddəs atası, 395-ci ildən Hippon şəhərinin yepiskopu. Onun təlimi bir neçə yüzillik ərzində Qərb xristian kilsəsinin ideologiyasının əsasını təşkil etmişdir.
Avqustin Avreli | |
---|---|
lat. Aurelius Augustinus | |
Doğum tarixi | 13 noyabr 354 |
Vəfat tarixi | 28 avqust 430[1] (75 yaşında) |
Dəfn yeri |
|
Əsas maraqları | fəlsəfə, teologiya |
Təsirlənib | Müqəddəs Ambrosi |
Vikianbarda əlaqəli mediafayllar |
Erkən xristianlıq |
Yunandilli apologetika:
Yustin • Tatian • Afinoqor • Teofil Latındilli apologetika:
Minusius Feliks • Arnobius • Laktansius • Tertullian Qnostiklərə qarşı olanlar:
|
Xristian ehkamlarının formalaşması
Rəsmi kilsəyə qarşı duran təriqətlər:
Rəsmi kilsə tərəfdarları:
Atanasius • İoann Xrisostom • Saxta Dionisius Xristoloji mübahisələr səbəbilə ayrılan təriqətlər:
|
Latın qərbində Kilsə Ataları
Boesius • Kassiodor • Avqustin Avrelius |
Avqustin Şimali Afrikanın Taqasta şəhərində anadan olmuşdu. Onun atası bütpərəst, anası isə xristian olmuşdu. O öz təhsilini Taqastada almışdı, sonra Kartacanın (Karfagenin) ritorika[2] məktəbində davam etdirmişdi. On doqquz yaşında Avqustin mani dinini qəbul etmişdi. Maniliyin dualist təliminin əlamətləri, Avqustinin əqidəsində və əsərlərində, Xristianlığı qəbul edəndən sonra da özünü göstərirdi.
383-cü ildə Avqustin Romaya gəlib, orada ritorika məktəbini təsis etmişdi. Daha sonra o Mediolan şəhərinə köçmüş və orada yepiskop Ambrosiusla tanış olmuşdur. Onun çıxışları Avqustinin ürəyinə yatmış və o, Xristianlıqla maraqlanmağa başlamışdır. Nəhayət, 387-ci ildə, Avqustin bu dini qəbul edib, onun əsas ideoloqlarından birinə çevrilmişdir. Onu da qeyd etmək lazımdır ki, Avqustinin təlimində neoplatonizm fəlsəfəsinin əlamətləri vardır. O, Plotinin əsərləri ilə yaxından tanış olub, onun ideyalarını Xristianlıq üçün tətbiq etmişdi.
Xristianlığı qəbul edəndən sonra, Avqustin Şimali Afrikaya qayıtmışdırdır. O, ömrünün axırına qədər Hippon şəhərində yaşamışdır və 396-cı ildən başlayaraq, bu şəhərin yepiskopu olmuşdur. Avqustin rəsmi xristian kilsəsini tanımayan xristianlara qarşı çox sərt mübarizə aparırdı.
Avqustin Avrelius çoxlu əsər yazmışdı. Onun ən məşhur əsərlərindən biri "Confessiones" (Tövbə) adlanır[3]. Bu avtobioqrafik əsərdir. Burada Avqustin öz həyatını mistik və mənəvi təcrübə baxımından təsvir edir. Bu əsərdə o Xristianlığa hansı yollarla gəldiyi haqqında yazır.
"De civitate Dei" (Tanrı şəhəri haqqında) kitabı Xristianlığın apologiyasına həsr olunmuşdur[4] Birinci 10 kitab bütpərəst əqidəsinin rədd edilməsinə həsr edilmişdir. Daha sonra 2 şəhər (dünyavi və İlahi) bir-birinə qarşı qoyulur. Bu əsərin yazılmasının səbəbi, 412-ci ildə Romanın vestqot[4] Alarik (Alarich) tərəfindən fəth olunması hadisəsi olmuşdur. Bu hadisə bütün Qərb dünyasını sarsıtmışdır. Bu faciənin səbəblərini izah etməyə cəhd edən Avqustin, Romanın yalnız bu dünyanın şəhəri olduğu haqqında yazırdı. Bu dünyada isə əbədi heç nə yoxdur. Əbədilik yalnız Tanrıya məxsusdur.
Müxtəlif təriqətlərə qarşı çıxış edən Avqustin, maniçilərə və donatçılara qarşı rəddiyələr yazmışdı[5]. O, britaniyalı rahib Pelagiusa da qarşı bir neçə rəddiyələrin müəllifi olmuşdur[6]. Pelagius ilk günahın mövcud olmasını inkar edirdi. O deyirdi ki, insanlar bu dünyaya günahsız gəlir. Günahları isə, onlar öz əməlləri ilə qazanırlar. Buna qarşı çıxış edən Avqustin insan təbiətinin Adəmin günahından sonra günahkar olduğunu iddia edirdi. Onun fikrincə, Adəmin günahını bütün insanlar daşıyır və onlar bu dünyaya günahkar gəlirlər. Yalnız Xristianlığı qəbul edəndən və xaç suyuna salınma mərasimindən çıxandan sonra bu günah silinir.
"De Trinitate" (Üçlük haqqında) kitabı Avqustinin daha bir tanınmış əsərlərindən biridir On the Holy Trinity; Doctrinal Treatises; Moral Treatises.. Bu əsərdə o, ilahiyyata aid fikirlərini açıqlamışdır.
Bundan başqa Avqustin "De libero arbitrio" (Azad iradə haqqında), "De magistro" (Müəllim haqqında)[7], "Contra academicos"[8], "De immortalitate aniniae" (Ruhun ölməzliyi haqqında) və başqa əsərlərin müəllifi olmuşdur[9].
Avqustinin fəlsəfəsində Tanrı hər bir ideyanın, düşüncənin mərkəzindədir. Ona görə də, onun fəlsəfəsi teosentrikdir. Tanrının hər şeydən əvvəl olması fikri Avqustini ruhun bədən, iradənin düşüncə üzərində yüksəlməsi fikrinə gətirmişdi. Bu yüksəlmə həm metafirik, həm qnoseoloji, həm də etik xarakter daşıyır.
Avqustin fəlsəfəsində Tanrı ən yüksək varlıqdır (summa essentia). Yalnız Onun varlığı onun öz təbiətindən irəli gəlir. Dünyada mövcud olan başqa şeylər isə Onun tərəfindən yaradılıb və Onun iradəsinə tabedir. Eyni zamanda, Tanrı, hər bir varlığın mövcud olmasının səbəbidir. O, dünyanı yaradıb mühafizə edir. Onun yaratmaq qabiliyyəti bununla kifayətlənmir. O hər an yaradılışı davam edir (creatio continua).[10]
Platon fəlsəfəsindən fərqli olaraq, Avqustin Tanrını bir şəxsiyyət kimi qəbul edirdi. Antik dünyada yayılmış taleyin hər şeyə qadir olması inancına gəldikdə, Avqustin onu inkar etmədən tamamilə Tanrının iradəsinə tabe edir[11]. Tanrının iradəsi isə onun mahiyyətinə aiddir[12].
Hər şeyin Tanrının iradəsindən asılı olması fikri Avqustini bir tərəfdən fatalizmə, digər tərəfdən isə, gerçəkliyin irrasional yozulmasına gətirmişdi. Ətraf mühit insan əqli ilə dərk edilməyən möcüzələrlə doludur. Bu möcüzələrin arxasında isə, Tanrı durur.
Ümumiyyətlə Avqustin əqlə yox, iradəyə üstünlük verirdi. Onun fikrincə, hər bir şeyin mahiyyəti onun aktivliyindədir, passivliyində deyil. Deməli insan mahiyyətini passiv olan əql deyil, aktiv olan iradə təşkil edir. Buna görə də ruhun mahiyyətini azad iradə təşkil edir. Bu fikri Avqustin Tanrıya da aid edirdi və onun mahiyyətində iradənin üstünlüyünü qeyd edirdi. Beləliklə, onun fəlsəfəsi rasionallıqdan uzaqlaşaraq, voluntarizmə[13]
Avqustina görə, hər bir şeyi Tanrı yaratmışdır. Məxluq cismə malik ola bilər, olmaya da bilər. Məlakələr və insanın ruhu olduğu kimi yaradılmışdı. Onlar mənəvi aləmə aiddir. Bütün başqa şeylər isə materiya ilə bağlıdır. Materiyanın əsasını təşkil edən dörd ünsür — yer, su, hava və od — olduğu kimi, Tanrı tərəfindən yaradılmışdır, neoplatonizmdə olduğu kimi, emanasiyanın nəticəsi deyil. Neoplatonizm dünya Vahidin (Tanrının) emanasiyasıdırsa, Avqustinin fəlsəfəsində o, Tanrı iradəsinin məhsuludur. Avqustdə Tanrı ilə dünyanın dualizmi ideyası, neoplatonizmin monizmini (yəni Tanrı ilə dünyanın eyniliyi ideyasını) əvəz etmişdi. Eyni zamanda Tanrıda Platonun ideyaları cəmlənir və Onda gerçək dünyanın ideal nümunəsi gizlənib. Beləliklə həm Platoda, həm də Avqustində iki dünya var. Biri Tanrıda olan ideal dünyadır. Digəri isə, ideyaların Tanrının iradəsi ilə materiyada əks olunan, yaradılan maddi dünyadır.
Yaradılan dünyada inkişaf proseslərini Avqustin bu dünyada mövcud olan potensial səbəblərlə izah edirdi. Yəni insanların, heyvanların, bitkilərin böyüməsi və tədricən inkişaf etməsi, Onları yaradan Tanrı tərəfindən əvvəlcə nəzərdə tutmuşdu və onlarda bu inkişafın səbəbləri Onun tərəfindən yaradılmışdı. Burada Avqustin stoiklərin təlimindən istifadə etmişdir, lakin səbəblərin yaradılışını Tanrı ilə bağlayırdı.
Tanrı üç hipostasisdən (sifətdən) ibarətdir. Onlar bir-birindən ayrılmazdır. Bunun necə baş verdiyini insan düşüncəsi ilə dərk etmək olmaz. Üç insan bir insan ola bilməz, lakin Tanrının üç sifəti bir şəxsiyyətdir.[14]
Avqustinin fəlsəfəsində Tanrı yalnız xeyri yaradır. Şər ona məxsus deyil. Hələ mani dinində olan dövrlərdə şərin təbiəti problemi Avqustini düşündürürdü. Lakin onu manilikdəki kimi, ayrıca bir başlanğıc, substansiya kimi qəbul etmək xristian təliminə zidd idi. Buna görə, bu problemin monoteizm çərçivəsində həll olunması üçün Avqustin neoplatonizmə müraciət edib. Neoplatoçular şəri xeyrin çatışmaması kimi başa düşürdülər. Avqustin də hesab edirdi ki, şər təbiətdə yoxdur, o xeyirlə ziddiyyət təşkil etmir. Şər yalnız xeyrin olmamasıdır. O, yalnız xeyir əməllər edilməyəndə yaranır, ali məqsədlərdən yayınmadır, təkəbbürdən irəli gəlir. Sükut — səsin, qaranlıq — işığın olmaması kimi, şər də xeyrin olmamasıdır. Avqustinun teodiseyası[16] bundan ibarətdir.
Tanrı ilə dünyanın dualizmi, Avqustini zamanın nə olduğu sualına cavab verməyə məcbur edir. Məsələ bundadır ki, Tanrının əbədi, maddi dünya isə müvəqqəti və məhvə məhkum olması bir ziddiyyət təşkil edirdi. Bu ziddiyəti ortadan qaldırmaq lazım idi. Zamanla bağlı problemə Avqustin "Confessiones" əsərində toxunurdu[15]. Antik mütəfəkkirlər zamanın gedişini planetlərin hərəkəti ilə əlaqələndirirdilər. Lakin Avqustin bu fikri rədd edir, çünki planetlər də Tanrı tərəfindən yaradılıb[16]. Onun fikrincə zaman dünyada hər şeyin hərəkətinin və dəyişməsinin ölçüsüdür. Dünya yaradılandan öncə zaman anlayışı olmayıb. Yalnız yaradılışdan sonra şeylərin hərəkət və hal dəyişmə ölçüsü kimi yaranıb.
Daha sonra Avqustin indiki zaman, keçmiş və gələcək kimi zaman kateqoriyalarını izah etməyə cəhd etmişdir. Onun gəldiyi nəticəyə görə, əslində keçmiş və gələcək anlayışları mövcud deyil. Onlar indiki zamana aiddirlər. Yəni yalnız indiki zamanda o anlayışlar keçmiş və gələcək kimi düşünülə bilər. Keçmiş — insan yaddaşı ilə, gələcək isə — ümüdlə bağlıdır.
Keçmişi və gələcəyi indiki zamana aid etmə Avqustinin fəlsəfəsində İlahi mütləqiyyəti subut edir. Yəni yalnız Tanrıda indiki zaman keçmiş və gələcəkdə sıx bağlıdır.
Avqustinin fəlsəfəsində, Tanrının mütləq əbədiliyi ilə maddi dünyanın dəyişkənliyi arasındakı fərq və bu anlayışların bir-birinə qarşı-qarşıya qoyulma ənənəsi, xristian dünyagörüşünün əsaslanrından birini təşkil etmişdir.
Avqustinin fəlsəfəsində düşüncə və iman problemləri məsələsinə rast gəlmək olar. Bu məsələdə o, üstünlüyü imana verirdi. Bu cür münasibət xristian fəlsəfəsi üçün yeni bir şey deyildi. Lakin öncəki kilsə ataları imanın mənbəyini Müqəddəs Kitabda görürdülər. Avqustin isə, onlardan fərqli olaraq, onu daha da çox Kilsədə görürdü. Onun fikrincə, Kilsə günahlardan təmizlənmiş həqiqəti özündə saxlayan bir qurumdur. Avqustinin fikrincə Adəm tərəfindən törədilən ilk günah, insan təbiəti və şüurunda dəyişikliklərə səbəb olmuşdu, onları zəiflətmişdi. Buna görə də insan şüuru kamil deyil və İlahi biliklərə möhtacdır. Hər bir şeyi anlamaq üçün insan ilk növbədə iman etməlidir. Avqustin məktublarından birində demişdi: "Anlamaq üçün inan". Yəni iman anlamaqdan öncə gəlir. Lakin əqli dəlilləri o Tertullian kimi rədd etmirdi.
Avqustin idrak probleminə də diqqət yetirmişdi. İdrakın birinci mərhələsi, insanın ətraf mühitin əşyalarını hisslərlə duymasıdır. Lakin bu cür duyğulara arxalanan bilik etibarlı sayıla bilməz, çünki o səthidir. Bundan fərqli olaraq, bir insanın başqa insanlardan öyrəndiyi bilik, daha etibarlı, mükəmməl və zəngindir. Bunu Avqustin iman adlandırır.
Şübhəçilərdən (skeptiklərdən) fərqli olaraq, Avqustin idrakın mümkünlüyünü inkar etmirdi. Onun məqsədi, yanlışlığa gətirməyən idrak üsulunun axtarışı idi. Buna nail olmaq üçün o hesab edirdi ki, duyğu vasitəsilə əldə edilən idrak, insanı həqiqətə gətirə bilməz[19]. Duyğulara əsaslanan idrak insanı şübhəçiliyə gətirir. Deməli, Avqustinin fikrincə, obyektiv dünya ilə təmasın yaradılmasından həqiqi biliklər əldə edilə bilməz[17].
Ən etibarlı idrak mənbəyi isə, insanın şüurudur, ruhudur. Məhz bu ruhun dərinliklərinə varanda xarici mühitdən asılı olmayan məzmuna rast gəlmək olar. Yəni biliyin xarici aləmdən alındığı fikri yanlışdır.
Əslində insan həqiqəti öz mənəvi aləmində tapır. Yəni əsl bilik təcrübədən asılı deyil. İnsan ruhunda həqiqət əvvəlcədən aprior şəkildə mövcuddur və onun mənbəyi Tanrıdır. İnsan ideyaları yaratmır, yalnız onları Tanrıdan alır. Həqiqi biliyi axtaran adam, onu İlahinin nurlanmasının nəticəsində tapır[18]. Beləliklə, Avqustinin idrak təlimi İlahi nurlandırmaya bağlıdır və mistik xarakter daşıyır.
Avqustin elmlə (scientia) müdrikliyin (sapientia) arasında fərqin olduğunu iddia edirdi. Elmlə nəticələnən bilik obyektiv dünyanın şüurlu idrakıdır. Müdriklik isə, əbədi olan İlahinin işlərinin və mənəvi obyektlərin dərk olunmasıdırDe[19]. Bilik şər olan bir şey deyil. O hətta insana müəyyən dərəcədə maddi dünyada yaşamaq üçün lazımdır. Lakin insan, yalnız bilik alma işini özü üçün bir məqsəd qoymamalıdır. Çünki Tanrının köməyi olmasa, dünyanı dərk edə bilməz. Buna görə insan elmi müdrikliyə tabe etməlidir, çünki ruhun xilası onun ən yüksək məqsədidir.
Antik fəlsəfi ənənəsinə zidd olaraq, Avqustin ruhun yalnız insanda olduğunu iddia edirdi. Başqa canlıların ruhu yoxdur.
Ruhlar Tanrı tərəfindən yaradılır. Yaradılandan sonra ölməzdir. Yəni onların əvvəli var, lakin sonu yoxdur. Ruhlar insanın ölümündən də sonra yaşayır. Onlar bir bədəndən başqa bədənə köçməzlər. Bununla Avqustin pifaqorçuların və yeni platoçuların fikirlərini rədd edirdi.
Avqustinə görə, ruhlar maddədən ibarət deyil. Onların heç bir məkan və ölçü keyfiyyətləri yoxdur. Düşüncə, yaddaş və iradə kimi xüsusiyyətlər ruhlara aiddir. Yaddaşın olduğuna görə, insan həyatında baş verən müxtəlif hadisələr itmir, müəyyən yerdə toplanır. Lakin bu yer məkanda heç bir yer tutmur. Bu da insan ruhunun maddə olmadığına dəlalət edir. Duyğu orqanları vasitəsilə alınan obrazlar, cismi olmadan ruhda (daha doğrusu onun tərkib hissəsi olan yaddaşda) saxlanılır. Zehni əmək nəticəsində əldə olunan etik, riyazi anlayışlar da yaddaşda cisimsiz şəkildə saxlayır.
Ruhlar insan bədəni ilə birləşərək onun hər bir yerində mövcuddur, təkcə hansısa bir yerlə məhdudlaşmır. Əslində ruh bədəndə deyil, bədən ruhdadır. Beləliklə Avqustin, ruhu bədəndən yüksək bir varlıq hesab edir. Ruh bədəni idarə edir. İnsanın əsl mahiyyəti onun ruhundadır, bədənində deyil.
Avqustin ruhun əqli fəaliyyətindən daha çox, onun iradəsinə əhəmiyyət verirdi. Məsələ bundadır ki, insan aktiv bir varlıqdır. Aktivlik isə əqldən irəli gələ bilməz, çünki əql ətraf mühitin şeylərini passiv şəkildə dərk edir. Beləliklə hər bir insan möhkəm iradəyə malik olaraq, İlahi həqiqəti axtarmalıdır, bu yolda fəaliyyət göstərməlidir, Tanrıya məhəbbət hissini bəsləməlidir. İnsan iradəsi azaddır. Bütün bu fikirləri Avqustin "De quantitate aniniae"[20] (Ruhun miqdarı haqqında) əsərində ifadə etmişdi.
Avqustin öz əsərlərində insanın azad iradəsi probleminə də toxunmuşdur. Onun fikrincə Tanrı insana azad iradə vermişdi. Lakin bunda məqsəd insanın könüllü olaraq İlahini tanıması və Onun buyuruqlarının yerinə yetirməsidir. Lakin ilk insan olan Adəm, ona Tanrı tərəfindən verilən azadlığı Ona qarşı üsyan üçün istifadə etmişdir. O, qadağan olunmuş ağacın meyvəsini yeyərək günaha batmışdır. Bununla onun təbitəində qüsur əmələ gəlmişdi və o günaha meyilli olmuşdur. Bu qüsurlar, sonra, onun övladları olan bütün bəşəriyyətə keçmişdir. O andan insanın azad iradəsi onunla Tanrı arasında bir ayrılığa, yadlaşmağa səbəb olmuşdur. Bu günahdan xilas olmaq üçün, Tanrı oğlu İsaya iman edilməlidir. O, insanla Tanrı arasında uçurumu ortalıqdan qaldırmaq üçün bu dünyaya gəlmişdir. O ona verilən bütün əzablara sinə gəlib, çarmıxa çəkilərək edam edilmişdir. Bununla o, bəşəriyyəti günahlardan təmizləmişdi. Hər bir insan ona iman edərək xilas olur və Tanrı tərəfindən bağışlanır. Lakin, eyni zamanda, hər bir insan kilsə üzvü olmalıdır, çünki kilsə İsanı təmsil edən bir qurumdur. Kilsə xaricində xilas olmaq mümkün deyil. Bundan başqa, dini ayinləri də icra etmək vacibdir.
Bu fikirləri irəli sürən Avqustin, Britaniyalı rahib Pelagiusla ixtilafa girmişdi. Pelagiusun fikrincə, Adəmin günah etməsi heç də bu günahın bütün bəşəriyyətə keçməsi demək deyil və "ilk günah" anlayışı yoxdur. Hər bir insan dünyaya günahsız gəlir və günahları həyatı boyu niyyət və əməllərinə görə qazanır. İsanın gəlişi də insanların günahlardan azad olması üçün baş verməmişdir. O yalnız ideal bir şəxsiyyət idi, hamı üçün möminlik nümunəsini olmuşdu. Pelagiusa görə, insana, onu xeyr və ya şər yolu ilə apara bilən azad iradə verilmişdir. Tanrı isə insana xeyrə yönəlməsində köməklik edə bilər. Beləliklə Pelagiusun fikirləri kilsə qanununun əhəmiyyətini heçə endirirdi. Buna görə də Avqustin onunla mübarizə apararaq öz fikirlərini irəli sürmüşdür.
Avqustinin sosial-siyasi baxışları ictimai bərabərsizlik prinsipinə əsaslanır. Bərabərsizlik ictimai həyatın əbədi və dəyişməz prinsipi olaraq, Tanrı tərəfindən yaradılmışdır və hiyerarxiyaya bənzəyir. Bu hiyerarxiyada hər bir üzv, özündən öncə gələn üzvə tabe olur. Belə ki, Avqustin ən yüksək olan göy hiyerarxiyasından və onun davamı olan yer hiyerarxiyasından danışır. Lakin ictimai həyatda bərabər olmayan insanlar, Tanrı qarşısında birdirlər və öz əməllərinə görə cavabdehdirlər.
Avqustin ictimai-tarixi problemlərə də toxunmuşdur. Bəzi tarixçilərin fikrincə o tarix fəlsəfəsi mövzusunda yazan ilk mütəfəkkirlərdən biri idi. Avqustin bu mövzuya marağı, onun 410-cu ildə Romanın Alarikin komandanlığı altında vestqotlar tərəfindən fəth edilməsi hadisəsinə qiymət verilməsi cəhdlərindən irəli gəlmişdir. Bu hadisəni bəzi adamlar keçmiş roma tanrılarının, Xristianlığı qəbul edən romalılardan qisas alması kimi qiymətləndirirdilər. Digərləri hesab edirdilər ki, Romanın süqutu ümumiyyətlə dünya tarixinin sonu deməkdir, çünki xristianlar, öz dinlərini təhrif edərək, ilkin dinin təmizliyini dövlət dini anlayışı ilə əvəz edərək günaha batmışdırlar və bu hadisə Tanrının onlara qarşı qəzəbindən irəli gəlir, qiyamətin əlamətidir.
Lakin Avqustin hər iki fikri rədd etmişdir. O bütpərəstlərin tanrılarını insan düşüncəsinin məhsulu adlandırırdı. Onların heç bir şeyə qadir olmadığı halda, dünyaları yaradan Tanrı hər şeyə qadirdir.
Ümumiyyətlə, Avqustinin tarix fəlsəfəsi haqqında yalnız şərti olaraq danışmaq olar. O bütün bəşəriyyətə xristian nöqteyi-nəzərindən baxır və Bibliyanı əsas götürür. Lakin, buna baxmayaraq, Avqustin "De civitate Dei" əsərində bəşəriyyətin taleyi problemini fəlsəfi düşüncə obyektinə çevirən ilk mütəfəkkir olmuşdur. Öz əsərində o, əsasən Bibliyada verilən yəhudilərin tarixini və Aralıq dənizi hövzəsində yaşayan başqa xalqların tarixlərini sintez şəklində düşüncə obyektinə çevirmişdi. Dünya tarixi Tanrının hökmü ilə inkişaf edib dəyişdiyinə görə, Avqustinin ideyalarını providensial[21] adlandırmaq olar.
Avqustinin fikrincə bütün bəşər tarixini İlahi və insani qurumların bir-biri ilə mübarizəsi təyin edir. Onlardan biri İlahi (Civitas Dei), digəri isə dünyavi (Civitas Terrena) çarlıqlardır. Beləliklə, burada Tanrı və təbiət dualizmi, ictimai inkişaf proseslərinə aid edilir. Tanrı çarlığında insanların az hissəsi təmsil olunur. Onlar möminlərdir, öz sədaqətləri və ibadətləri ilə Tanrının məmnunluğunu qazanmışdırlar. Onlara qarşı duran dünyavi çarlığını təmsil edənlər özlərindən razı, Tanrını yada salmayan, ehtiraslarının arxasınca gedən insanlardır. Onlar bəşəriyyətin əksəriyyətini təşkil edir. İsanın gəlişindən öncə Tanrı çarlığı mələklərdən, möminlərdən və Əhdi Ətiqdə adları keçən peyğəmbərlərdən ibarət idi. İsanın gəlişindən sonra isə bu çarlıq daha da möhkəmlənmiş, çoxalmışdır. Bu hadisədən sonra Tanrı çarlığını təmsil edənlər Kilsə qurumunda birləşmişdirlər və bu dünyaya qarşı davam gətirirlər. Göründüyü kimi bu fikirlərin neoplatoçuların və qnostiklərin dünyanın qaranlıq zülmət olduğu və burada Tanrıya, nura doğru yönələn az saylı bilikli insanların mövcud olması ideyaları ilə bənzərlik vardır. İlahi çarlığın (Kilsənin) nümayəndələri bu dünyada maddiyyata bağlı olan, Tanrını tanımayanlarla yaşamağa məcburdurlar və daim onlara qarşı mübarizə aparırlar.
Dünyada mövcud olan dövlətlər "quldur təşkilatlarıdır". Onlar yalnız qarət, başqa ərazilərin, insan mülkiyyətinin zəbt olunması məqsədini güdürlər. Bu dövlətlərdə insanlar arasında ədalətsizlik, bir-birinin üzərində ağalıq etmək cəhdləri, maddi sərvətlərin yığılması hökm sürür. Əslində romalılar bu keyfiyyətlərlə fəxr edirdilər. Lakin əslində bütün bunlar insanlar arasında nifaqa səbəb olur.
Lakin Tanrı və dünya çarlıqlarının mübarizəsinə baxmayaraq, onların hər ikisi Tanrının razılığı ilə mövcuddur. Buna görə də bu dünyanın dövlətlərinə qarşı çıxış etmək olmaz, çünki hər bir, (hətta pis) hakimiyyət Tanrıdandır. Dövlətin daxilində bu dünya ilə bağlı olmayan və Tanrı çarlığına aid olan Kilsə qurumu vardır. Dövlət Kilsəyə qulluq etsə və onun maraqlarını əks etdirsə vahid bir ictimai təşkilata nail olmaq olar. Beləliklə Avqustin teokratik[22] cəmiyyətin tərəfdarı idi. Teokratik dövlətlər təqdirə layiqdirlər. Dünyəvi dövlətlər isə pislənməlidir. Romanın siyasi nöqteyi-nəzərindən süquta uğraması şəraitində Avqustin, onun daxilində olan Kilsə qurumunun güclənməsinin ideoloqu idi. Yəni Roma öz günahları ucbatından məhv olduğu halda, onun içində İlahi çarlığın tərkib hissəsi olan Kilsə öz mənəvi, siyasi, iqtisadi qüvvəsini saxlamalı idi. Həqiqətən də Romanı süquta uğradan barbarlar, Kilsənin nüfuzuna heç bir zərbə vura bilməmişdilər. Sonda onlar Xristianlığı qəbul etdilər və öz mədəniyyətlərini bir neçə əsr ərzində bu dinin ehkamları üzərində qurdular.
Avqustinin teokratik hakimiyyətinin ideyaları Roma papazlarının hakimiyyətinin və hörmətinin möhkəmlənməsində böyük rol oynamışdır.
Tarixin Tanrının qəza və qədərindən asılı olduğunu vurğulayan Avqustin dünya dövlətlərinin tarixlərini dövrlərə bölür. Bu dövrləşmə Əhdi Ətiqdə bəhs edilən yaradılışın altı günü ilə, insan həyatının altı dövrü ilə və Bibliyada təsvir edilən Xristianlığın tarixi mərhələləri ilə aparılır. İnsan həyatının altı dövrü — körpəlik, uşaqlıq, yeniyetəmlik, gənclik, yetkinlik və qocalıqdır. Bu dövrlərin birincisi Adəm və Həvvanın yaradılışından Nuh tufanına qədər olan dövrdür, sonuncusu isə (qocalıq) İsanın gəlişi və Xristianlıq dövrüdür. Bu sonuncu dövr qiyamətə qədər davam edəcək. Göründüyü kimi, Avqustin dünya tarixini inkişafda və tərəqqidə görürdü. Eyni zamanda, bu inkişaf esxatoloji[23] xarakter daşıyırdı.
Avqustin Avreliusdan sonra Avropada fəlsəfi, siyasi-ictimai fikir tənəzzülə uğramışdır. Müqəddəs ataların fikirləri və kitabları Kilsə təliminin əsasını təşkil etmişdir və ehkam şəklində tədris edilirdi. Antik fəlsəfə, demək olar ki, sıxışdırılıb, unudulub, ortadan çıxarılmışdır. Antik ədəbiyyat isə, xristian təəssübkeşləri tərəfindən məhv edilmişdi, bir qismi isə, kilsə kitabxanalarında qalıb, tamamilə unudulmuşdu.
XIII yüzilliyə qədər Avropada mənəvi, ictimai və siyasi həyatın əsasını təşkil edən xristian fəlsəfəsi, neoplatonizmin güclü təsiri altında formalaşmışdır. Ancaq neoplatoçu filosofların əsərlərinə və şəxsiyyətlərinə maraq olmamışdır. O dövrün ilahiyyatçıları öz əsərlərində əsasən Avqustin Avreliusun təliminin müddəalarını təkrarlayırdılar, onu şərh edirdilər, bəzən isə onun müəyyən fikirlərini tənqid edirdilər.