Kirenaçılar (yun. Σχολή της Κυρήνης) — sokratçı məktəblərindən birinin ardıcılları olmuşdurlar. Onlara ilk hedonistlər də deyirlər.
Kirenaçıların çoxusuna görə insan çevrəsindəki dünyanı duyğular vasitəsilə qavrayır (dərk edir); ona görə də duyğu qavramın əsasında duran əsas amildir[1]. İnsana xoş gələn duyğular qəbul edilməli, gəlməyənlər isə rədd edilməlidir.
İnsanın məqsədi həyatdan həzz almaq və ağrıdan çəkinməkdir[2]. Həzz keçmiş və gələcəyə deyil, yalnız indiki mövcud zamana aid edilə bilər. Məhz, bu kimi həzzə can atılmalıdır. Keçmiş və gələcək isə bizim hökmümüzün xaricindədir. Ona görə nə keçmişdəki günahlarımızdan peşman olub üzülmək, nə də gələcəyin sınaqlarından qorxmaq lazımdır. Azadlıq xoşbəxtliyə aparan nemətdir.
Kiniklər kimi bir çox kirenaçılar da əxlaqi qadağanların insan təbiətinə zidd olduğunu iddia edib, onlara riayət edilməsini vacib saymırdılar[3]. Hətta, “xeyir” və “maddi zənginlik” kimi anlayışlar əslində həzz almaq üçün vasitədirsə, onda gərəkli və yararlı sayıla bilərlər. Belə olmasa onda onlar mənasızdır.
Kirenaçılar dinə qarşı da inkarçı mövqedə durmuşdular. Ona görə də onların bəzilərini “ateist” adlandırırdılar. Onların fikrincə vətənə bağlanmaq yox, dünya vətəndaşı olmaq lazımdır. Onlardan bəziləri bu dünyada yaşamağın mənasız olmasını və intihar etməyin üstünlüyünü də iddia edirdilər.
Eyni zamanda, kirenaçıların mötədilləri də olmuşdur. Mötədillər bu kimi aşırı fikirləri qəbul etmirdilər. Onların fikrincə insan cəmiyyətdə yaşamalı, onun qanunlarına tabe olmalıdır. Ancaq eyni zamanda bacardığı qədər həyatından həzz də almalı, narahatlıqlardan qaçmalıdır.