Nişapur xanlığı və ya Qara Bayat əmirliyi — Xorasanda 1747-ci ildən[1][2] 1800-cü ilə qədər[3][4] mövcud olmuş yarımmüstəqil[2] xanlıq. Xorasanda mövcud olmuş xanlığın paytaxtı Nişapur şəhəri olmuş və Qara Bayat tayfası[2][5] tərəfindən idarə edilmişdir.[6] Nadir şahın ölümündən sonra Əfşar imperiyasının parçalanması şçəraitində formalaşmış xanlıq daha sonra Qacar tayfası tərəfindən 1800-ci ildə ələ keçirilmişdir.
Xanlıq | |
Nişapur xanlığı | |
---|---|
|
|
Paytaxt | Nişapur |
Rəsmi dilləri | Azərbaycan dili fars dili |
Dövlət dini | İslam |
İdarəetmə forması | Mütləq monarxiya |
Sülalə | Bayat tayfası |
Qara Bayat tayfası ənənəvi olaraq Nişapur ətrafında məskunlaşmışdılar və bölgədəki Qızılbaş hakimiyyəti zamanı buranın hakimi rolunu icra etmişdilər. Bu Qacar sülaləsi dövrünə qədər davam etmişdir.[2] I İsmayılın Xorasana yürüşü zamanı (1510-cu ildə) bölgədəki Qara Bayat tayfasından olan hakimlər ona tabe oldular. Məhəmməd Xudabəndənin hakimiyyəti dövründə Xorasanda özbəklərlə olan müharibələr zamanı Qara Bayat tayfasının döyüşçüləri özbəklərə qarşı şiddətli müqavimət göstərdikləri üçün Səfəvi şahı onları vergidən azad etmişdi.[2] I Abbasın hakimiyyəti dövründə tayfanın başçısı olan Məhəmməd Sultan Bayat İsfərayenin, Nişapurun və Səbzəvarın hakimi təyin etdi. Əfqan istilası zamanı Qara Bayat əmiri Mələk Mahmud Sistaniyə tabe olmuş, lakin sonra ona qarşı üsyan etmiş və edam edilmişdir.[2]
1747-ci ildə Əhməd xan Bayat Qara Bayat xanlığının əsasını qoydu. Bu hadisə Nadir şahın ölümündən sonra onun imperiyasının dağılması fonunda baş vermişdi. Bu zaman Əhməd xanın tabeliyində 10 min ailə var idi.[2][1] 1 oktyabr 1748-ci ildə Bayat tayfasından olan digər Xorasandan olan tayfa başçıları ilə birləşərək İbrahim Mirzə Əfşarı oradan qovaraq Şahrux şahı şah elan etdilər.[7][4] Mir Seyid Məhəmməd tərəfindən Şahrux şahın 14 yanvar 1750-ci ildə devrilməsindən sonra Əhməd xan türkman süvari döyüşçü bölüyünün komandanı təyin edildi.[8] Bir müddət sonra Əhməd xan Abbasqulu xan tərəfindən öldürüldü və xanlığın hakimiyyəti onun əlinə keçdi. 20 mart tarixində Şahruxun yenidən şah olmasından sonra Xorasandakı ali hakimiyyət dağıldı və tayfa başçıları oradakı ali hakimiyyəti ələ keçirmək üçün müharibələrə başladılar.[1]
Ümumi hakimiyyət boşluğundan istifadə edən Əhməd şah Dürrani 1750-ci ilin iyulunda Heratı ələ keçirdi və Məşhədi mühasirəyə aldı.[4] Əhməd şaf 10 noyabrda Məşhədin mühasirəsindən əl çəkdi və Nişapuru mühasirəyə almağa yollandı. Lakin əfqan ordusu ağır şaxtalar nəticəsində xeyli itki vermişdi və buna görə də, 1751-ci ilin qışında geri çəkilməyə məcbur oldular.[4][5][7] Bundan sonra Xorasandakı tayfa başçıları yenidən öz aralarında çəkişmələrə başladılar. Onlardan biri olan Mir Aləm xan Kuzeymə digər bütün qüvvələrdən üstün oldu və Kuçan kürdləri, Kalat-i Nadir cəlairiləri də daxil olmaqla, bütün qüvvələri özünə tabe etdi.
1754-cü ildə Mir Aləm xan Xuzeymə Abbasqulu xan Bayatın tabe olmaqdan imtina etdiyinə görə Nişapuru mühasirəyə aldı.[5] Lakin Əhməd şah gözlənilmədən yenidən Xorasana hücum etdi. Cəm yaxınlığında baş vermiş döyüşdə Mir Aləm xan məğlub oldu və 1754-cü ilin iyununda Tun ələ keçirildi.[4] İranika Ensiklopediyasının bildirdiyinə görə, həmin ildə əfqanlar Nişapuru mühasirəyə alsalar da, uğurlu ola bilməmişdilər.[7] 23 iyul Məşhəd yenidən əfqanlar tərəfindən mühasirəyə alındı. Beş ay davam edən mühasirədən sonra Səbzəvar əhalisi Mir Aləm xanı əfqanlara təslim etdi və o, edam edildi. 1 dekabr[4] və ya 2 dekabrda[5] şəhər əfqanların əlinə keçdi və 1755-ci ilin yayında Əhməd şah Dürrani yenidən Nişapura hücum etdi.
17 iyun 1755-ci ildə əfqanların yenidən Nişapurda peydə olmasından sonra Abbasqulu xan əfqanlara tabe oldu. Lakin qısa müddət sonra Qacar qüvvələrinin Mazinan yaxınlığında əfqan qüvvələri məğlub etdiyi xəbəri gəlib çatdı.[4] Nəticədə Bayat tayfasından olan döyüşçülər əfqanlara qarşı müqavimət göstərməyə həvəsləndilər və baş vermiş döyüş 7 gün davam etdi. Nəhayət 24 iyunda şəhər əfqanların əlinə keçdi, şəhər dağıdıldı və onun infrastrukturu Əhməd şahın əmri ilə parçalandı. Əhməd şahın Bayat döyüşçülərin cəsarətindən və döyüş bacarıqlarından heyrətləndiyi bildirilir. O, buna görə, onlardan bir qismini Əfqanıstana apararaq orada məskunlaşdırmışdı.[4]
Əhməd şah Abbasqulu xanı Kabula sürgün etsə də, o, oradakı əfqanların hörmətini qazandı. Əhməd şah Abbasqulunun bacısı ilə evləndi və Əhməd şahın qızı Abbasqulunun oğlu ilə evləndirildi.[1] Sonda Abbasqulu xanın Nişapura geri dönməsinə icazə verildi və Malkolmun bildirdiyinə görə, həyatının geridə qalan hissəsini şəhərin dağıntılarını ortadan qaldırmağa və onun əzəmətini bərpa etməyə həsr etdi.[1] Qaynaqlarda onun ədalətli və mərhəmətli hökmdar kimi təsvir edilir və onun hakimiyyətinin son dönəmində Nişapurda elə bir böyük siyasi hadisəninbaş vermədiyi bildirilir. Bircə istisna kimi isə Nadir şahın soyundan gələn, Şahrux şahın oğlu Nəsrullah Mirzə Əfşarın 1768-1769-cu ildə Məşhədi qardaşı olan Nadir Mirzə Əfşardan almasını göstərmək olar. Bundan sonra o, Nişapuru mühasirəyə aldı, çünki Abbasqulu tabe olmaqdan imtina etmişdi. Bundan istifadə edən Nadir Mirzə Əfşar bu şansı dəyərləndirərək Məşhədi mühasirəyə aldı. Nəsrullah Mirzə geri dönməyə məcbur oldi və Nişapurun mühasirəsini uğursuz şəkildə sonlandırdı.[7]
Abbasqulu xan öldükdən sonra varislik böhranı ortaya çıxdı. Onun 8 oğlu olsa da, onlardan yalnız ikisinin adı qaynaqlarda hakimiyyət uğrunda mübarizə aparanların siyahısında çəkilir. Onun ən böyük oğlu hakimiyyət üçün uyğunsuz olaraq dəyərləndirilirdi.[1] Buna görə də, onun ikinci oğlu Əliqulu xan hakimiyyəti ələ aldı. Lakin Əliqulunun hakimiyyət iddiası əmisi Cəfərqulu tərəfindən qəbul edilmədi. Qısa mübarizədən sonra Cəfərqulu Əliqulunun gözlərini kor etdirdi və yeni əmir oldu. O, azad olmaq şansını gözləyən adi insanlar arasında çox da populyar deyildi. Bu şans Ağa Məhəmməd xan Qacar 1796-cı ildə Xorasanı işğal edəndə gələcəkdi.[1]
1800-ci ildə Qacarlar əmirliyin ərazisini ələ keçirdilər.[3][4] Lakin bundan sonra da Nişapurun inzibati idarəetməsi ilə Bayat tayfasından olanlar məşğul olurdular. Həsən xan Saların qohumu Bəhman Mirzə Qacarın şahlıq iddiasını dəstəkləmək üçün üsyan qaldırdığı zaman Nişapur hakimi İmanverdi xan Bayat idi və o, şəhəri uğurlu şəkildə Həsən xan Saların ordusuna qarşı qorumuşdu.[4][9]