Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Azərbaycan tarixi |
---|
Etimologiya • Xronologiya • Etnogenez |
Azərbaycan portalı |
Ağsunqurilər (türk. Aksungurlar, fars. احمدیلی) və ya Marağa atabəyləri (fars. اتابکان مراغه, translit. Atābakān-e Marāghe) — 1122–1227-ci illərdə Marağada hakimiyyətdə olmuş türk xanədanı.
Atabəylik | |
Ağsunqurilər | |
---|---|
|
|
Paytaxt | Marağa |
Vikianbarda əlaqəli mediafayllar |
1108-ci ildə Rəvvadilər sülaləsindən olan Əhmədili ibn İbrahim ibn Vəhsudan ər-Rəvvadi Böyük Səlcuq hökmdarı Məhəmmədə düşmənləri ilə mübarizədə köməklik etdiyinə görə Marağanın hakimi təyin edildi. Onun hakimiyyət dövrü tarixə Əhmədililər sülaləsinin hakimiyyəti dövrü kimi də daxil olmuşdur.
1111–1112-ci illərdə Əhmədili Mosul, Diyarbəkr, Xilat və digər yerlərin hakimləri ilə birlikdə Suriya ərazisində xristianlara qarşı aparılan döyüşlərdə iştirak etmişdir, lakin 1117-ci ildə Əhmədili ismaili təriqətinin radikal qollarından biri olan nizarit agentləri tərəfindən Bağdadda öldürüldü. Onun keçmiş qulu, türk mənşəli Ağsunqur əl-Əhmədili yaranmış bu əlverişli şəraitdən istifadə edərək Marağada hakimiyyəti ələ keçirib Ağsunqurilər sülaləsinin əsasını qoydu. O, Marağadan başqa, Rəvanduz qalasını da ələ keçirdi.
İraq Səlcuq sultanı II Mahmudun sarayında böyük nüfuza malik olan Ağsunqur onun oğlanları Davudun və Məsudun atabəyi olmuşdur. 1131-ci ildə İraq Səlcuq sultanı Mahmudun ölümündən sonra Marağa hakimi Aqsunqur əl- Əhmədilinin köməyi ilə Davud Sultan elan edildi, lakin Davudun qardaşları-Məsud, Toğrul və Səlcuq şah bununla razılaşmadılar. 1132-ci ildə xəlifə əl Müstərcid yeni sultan Məsudun adına xütbə oxunması üçün əmr verdi. Tezliklə Sultan Məsud öz atabəyi Ağsunqur əl-Əhmədili və çoxlu türk əmiri ilə birlikdə Azərbaycana gəldi.
1133-cü ildə Ağsunqur Həmədanda nizaritlər tərəfindən öldürüldü.. Hakimiyyətdə atasını əvəz edən Nüsrətəddin Xassbəy Arslan Abanın dövründə Marağa hakimliyi özünün ən yüksək inkişaf mərhələsinə çatdı. O, hətta bir müddət Dərbənd keçidindən İran körfəzinə qədər geniş ərazini əhatə edən Azərbaycan Atabəylər dövləti ilə də bərabər səviyyədə mübarizə aparmışdır. 1161–1162-ci illərdə Şəmsəddin Eldənizin vassalı kimi onun Gürcüstana hərbi səfərində iştirak etmişdi. Eldənizlərin tabeliyindən qurtarmaq məqsədilə Nüsrətəddin Xassbəy Arslan-Aba mərkəzi hakimiyyətə qarşı çıxan feodal hakimləri müdafiə edir və Səlcuq hökmdarı Məhəmmədin oğlu Mahmudun sultan elan olunmasına çalışırdı. 1161-ci ildə Həmədan yaxınlığında baş verən döyüş Şəmsəddin Eldənizin qələbəsi ilə nəticələndi. O, Marağa hakimi Nüsrətəddin Arslan Abaya elçi göndərərək Şahzadə Mahmudun ona verilməsini, özünün də sultan xidmətinə gəlməsini tələb etsə də, rədd cavabı aldı.
Tərəflər arasında Səfidrud çayı sahilində baş verən döyüşdə Məhəmməd Cahan Pəhləvan Marağa hakiminin və ona kömək edən Xilat hakiminin birləşmiş qüvvələri tərəfindən məğlub edildi. Bunun nəticəsi olaraq, yeddi cildlik Azərbaycan tarixi əsərinin ikinci cildində qeyd edildiyi kimi, Azərbaycan Atabəyləri ilə Marağa hakimləri arasında münasibətlər uzun illər boyu gərgin vəziyyətdə qaldı. Yalnız Qızıl Arslanın hakimiyyəti dövründə Marağa hakimi vassal asılılığını etiraf etməklə kifayətləndi.
Ərəb tarixçisi ibn əl-Əsirin məlumatına görə, 1168-ci ildə Nüsrətəddin Arslan-Aba xəlifə əl-Müstəncidə müraciət edərək ondan Bağdadda sultan Mahmudun adına xütbə oxumağı xahiş etdi. Şəmsəddin Eldəniz qiyam qaldırmış əmiri itaətə gətirmək üçün yenidən oğlu Məhəmməd Cahan Pəhləvanı yenidən ona qarşı göndərdi. Marağa divarları yaxınlığında baş verən döyüşdə Arslan-Abanın ordusu darmadağın edildi. Məhəmməd Cahan Pəhləvan Marağanı mühasirəyə alsa da, tezliklə tərəflər arasında sülh bağlandı. Görkəmli Azərbaycan tarixçisi Ziya Bünyadov "Azərbaycan Atabəyləri dövləti (1136–1225)" əsərində yazırdı ki, 1175-ci ilin yazında Təbrizin və qonşu torpaqların hakimi Nüsrətəddin Arslan-Aba ibn Ağ-Sunqur öldükdən və onun yerinə varisi Fəlakəddin Əhməd keçdikdən sonra Məhəmməd Cahan Pəhləvan Ruin-Dej (Rəvanduz) qalasını mühasirəyə alır. Qalanı ələ keçirə bilməyən Məhəmməd Cahan Pəhləvan Marağanı, qardaşı Qızıl Arslan isə Təbrizi mühasirəyə alır. Marağa qazisi Sədrəddin əl-Maraği əhalini xilas etmək üçün şəhəri təslim etdiyinə görə Marağa, demək olar ki, döyüşsüz ələ keçirilir.
Tərəflər arasında bağlanmış sülh müqaviləsinə əsasən Məhəmməd Cahan Pəhləvan Təbrizə sahib olur, Marağa isə Ağsunqurilərin ixtiyarında qalır. Eldənizlərin köməyi ilə Marağanın yeni hakimi ədəbiyyatın xeyirxah himayədarı kimi şöhrət qazanan Əlaəddin Körpə Arslan olur. Məlum olduğu kimi, dahi Azərbaycan şairi Nizami Gəncəvi 1196-cı ildə yazdığı "Yeddi gözəl" əsərini Əlaəddin Körpə Arslana həsr etmişdir, lakin onun dövründə Ağsunqurilərin siyasi mövqeyi xeyli zəiflədi.
1205-ci ildə Marağa hakimi Əlaəddin Körpə Arslan, Ərbil hakimi Müzəfərəddin Kökburi ilə ittifaq bağlayaraq Təbrizə hücum etdi, lakin tezliklə sülh bağlamağa və tutduğu yerləri geri qaytarmağa məcbur oldu, əvəzində Urmiya şəhərini aldı. Atabəy Özbəyin oğlu Xamuşun Körpə Arslanın nəvəsi Sülafə xatunla evlənməsi bu müqaviləni möhkəmləndirir. Əlaəddin Körpə Arslan 1208-ci ildə vəfat etdi. Babasının və əmisi Əhmədin ölümündən sonra kişi vərəsə olmadığına görə Marağanın başsız olmağını bəhanə gətirən Atabəy Əbu Bəkr vilayəti Eldənizlər dövlətinə qatır. Rəvandüzün idarəsi isə Sülafə xatuna tapşırılır. Sülafənin hökmranlığı Azərbaycanın ən ağır dövrlərindən birinə təsadüf edir. Əvvəlcə gürcülərin, sonra isə monqolların viranedici yürüşləri başlayır. 1209-cu ildə Eldənizlər dövləti Marağanı ələ keçirdi. Əlaəddin Körpə Arslanın nəvəsi, hakimiyyətdə olan Sulafə xatunun ixtiyarında yalnız Rəvanduz qalası qaldı.
1221-ci ilin əvvəllərində Marağa yenidən Ağsunqurilərin əlinə keçdi, lakin elə həmin il martın 30-da şəhər Cəbə və Subutayın başçılıq etdikləri monqollar tərəfindən ələ keçirildi və yandırıldı. 1225-ci ildə Marağa döyüşsüz olaraq Xarəzmşah Cəlalədddinə təslim oldu, Sülafə xatunun əri Xamuş Xarəzmşahların xidmətinə keçdi. 1227-ci ildə Sülafə xatunla evlənən Xarəzmşah öz əmirini Marağaya hakim təyin etdi və beləliklə, Ağsunqurilər sülaləsinə son qoyuldu.[1]
# | Titulu | Adı | Hakimiyyət illəri | Vərəsəlik hüququ | Qeydlər |
---|---|---|---|---|---|
1 | ? ? |
I Ağsunqur | 1122–1134 | ||
2 | Nusrat ad-Din نصرت الدین |
Nüsrətəddin Arslan Aba | 1134–1175 | ||
3 | Falak ad-Din ? |
II Ağsunqur | 1175–1189 | ||
4 | Ala ad-Din علاءالدین |
Əlaəddin Körpə Arslan | 1189–1208 | ||
5 | Izz ad-Din ? |
II Arslan Aba | 1208–1209 |
Monarx, sülalə və ya onların nümayəndələri ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |