Vadim Xubanov
Xubanov Vadim Ələddin oğlu (1963, Moskva) — Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini.
Vadim Xubanov 1963-cü ildə Moskva şəhərində anadan olmuşdur. 1985-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. Əmək fəaliyyətinə 1985-ci ildə SSRİ Dövlət Bankının Azərbaycan Respublikası kontorunun baş iqtisadçısı vəzifəsində başlamışdır.
1985-ci ildən 1987-ci ilədək ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur.
1987-ci ildən SSRİ Dövlət Bankının Azərbaycan Respublikası kontorunun 26 Bakı komissarı adına rayon şöbəsində iqtisadçı, həmin ildən Mənzil-kommunal Təsərrüfatı və Sosial İnkişaf Bankında iqtisadçı, böyük iqtisadçı, I dərəcəli iqtisadçı işləmişdir. 1991-ci ildən Azərbaycan Respublikası Xarici Əlaqələr Bankında Kredit-plan şöbəsinin rəisi, 1992-ci ildə Azərbaycan Respublikası Beynəlxalq Bankında İqtisadi təhlil, beynəlxalq əlaqələrin inkişafı müdiriyyətinin direktoru vəzifəsində işləmişdir. 1993-cü ildən Səhmdar-Kommersiya Beynəlxalq Bankı İdarə Heyəti sədrinin müavini, 1995-ci ildən isə İdarə Heyəti sədrinin birinci müavini işləmişdir.
1996-cı il iyunun 14-dən Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin üzvü, həmin ilin sentyabrın 24-dən isə İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilmişdir. 2001-ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə ikinci dəfə, 2006-cı ilin dekabr ayında üçüncü dəfə, 2012-ci ilin fevral ayında dördüncü dəfə, 2017-ci ilin mart ayında isə beşinci dəfə Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü seçilmişdir.