Zamiq Əliyev
Zamiq Balarza oğlu Əliyev (25 may 1950, Bakı) — azərbaycanlı tarzən, bəstəkar, prezident mükafatçısı, xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən).
== Həyatı ==
Zamiq Balarza oğlu Əliyev 1950-ci il, may ayının 25-də Bakı şəhərində anadan olmuşdur. 1957-ci ildə Bakıda 132 saylı orta məktəbə getmişdir. Məktəbi bitirdikdən sonra, 1968–72-ci illərdə M.A.Əliyev adına İncəsənət İnstitutunda ali təhsil almışdır. 1970-ci ildə hələ institutda təhsil alarkən o, Azərbaycan Dövlət Filarmoniyasına tarzən kimi işə qəbul olunmuşdur. O filarmoniyanın tərkibində bəstəkar, əməkdar incəsənət xadimi Ağası Məşədibəyovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblında tarzən kimi fəaliyyətə başlamışdır. Həmin dövrdə Hacı Məmmədov, Əliağa Quliyev, Sərvər İbrahimov, Həbib Bayramov, Habil Əliyev, xanandələr Xan Şuşinski, Yaqub Məmmədov, Əbülfət Əliyev, Şövkət Ələkbərova, Sara Qədimova, Teymur Mustafayev, Sabir Mirzəyev, Niyaməddin Musayev, Zaur Rzayev kimi sənətkarları müşayət etmişdir. Filarmoniyada işlədiyi dövrdə Azərbaycanın əksər rayonlarında qatrol səfərlərində iştirak etmişdir. İnstitutu bitirdikdən və 1972–73-cü illərdə hərbi xidməti başa vurduqdan sonra yenidən Azərbaycan Dövlət Filarmoniyasında çalışmağa başlamışdır.
1974-cü ildən etibarən Əməkdar İncəsənət Xadimi Gülarə Əliyevanın rəhbərlik etdiyi "Dan Ulduzu" instrumental ansamblında tarzən kimi dəvət olunmuşdur.