Zərnişan Azayeva
Zərnişan Azayeva (d.9 avqust 1959, Şamaxı r.) — şair-publisist, ssenari müəllifi, kino redaktoru, Əməkdar jurnalist.
Azayeva Zərnişan İnqilab qızı 9 avqust 1959-cu ildə Şamaxı rayonunda ziyalı ailəsində anadan olmuşdur. Hələ orta məktəb illərindən Samaxıda fəaliyyət göstərən "Gənc Sabirçilər" ədəbi dərnəyinin üzvü olmuş, 9-cu sinifdə oxuyarkən "Dəniz və qız" adlı ilk şeirlər kitabı "Gənclik" nəşriyyatı tərəfindən çap edilmişdir. Elcə də o dövrün "Azərbaycan gəncləri", "Sovet kəndi"….qəzetləri, "Ulduz", "Müxbir", "Göyərçin", "Azərbaycan" jurnallarında məqalələr, resenziyalar, şeirlərlə çıxış etmişdir.
1984-cü ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olan Zərnişan İnqilab qızı təhsil illərində tələbə elmi cəmiyyətinin üzvü olmaqla respublika mətbuatı-qəzet və jurnallarla fəal əməkdaşlq edib, radio-televiziya üçün verilişlər hazırlayıb. 1989-cu ildə " fərqlənmə diplomu" ilə Universiteti bitirən Zərnişan Azayeva elə həmin ildən Dövlət Radio-Televiziyasında radio-televiziya şərhçisi kimi işə qəbul olunur.
Dövrün məşhur mətbuat xadimi Leonid Tahirovun iki illik jurnalistika kursunda yüksək göstəricilərlə təhsil almış, Kiyevdə, Moskvada xüsusi təcrübə dərsləri keçməklə Ümumittifaq Radiosunun ştatdankənar müxbiri kimi fəaliyyət göstərmişdir.
Vaxtilə radionun "Bulaq" ,"Şəbəkə" verilişlərinin ssenari müəlliflərindən olan Z. Azayevanın hazırladığı proqramlardan televiziyanın "Tariximiz-soykökümüz", "Söz araşdırıcılarimiz", "Dostun evi könüllərdir","İrəvanda xan qalmadı", "İmza", "Dünya yaxşılarındır", "Vətən qürbətə qalmaz", "Bizim ellər yerindəmi", "Turan" kimi hər sayı televiziyanın "qızıl fondu"na daxil edilməklə qorunmaqdadır. Zərnişan İnqilabqızı (Turan) Azərbaycantelefilmin istehsali olan iyirmi səkkiz sənədli filmin ssenari müəllifi və eləcə də digər qurumlarla birgə işlədiyi on səkkiz sənədli, iki bədii-sənədli filmin ssenari müəllifi və rejissorudur. Bu filmlər respublika daxili festivallarla yanaşı, ölkəmizdən kənarda keçirilən sənədli film yarışmalarında da qalib yerlər tutmuş, xüsusi mükafatlara layiq görulmüşdür.