Aleksandr Çayanov
Çayanov Aleksandr Vasilyeviç (29 yanvar 1888, Moskva – 3 oktyabr 1937, Almatı) – şair və yazıçı, rus iqtisadçısı, kənd təsərrüfatı mütəxəssisidir.
== Həyatı ==
1911-ci ildə Moskva Kənd təsərrüfatı institutunu bitirərkən 18 məqalənin müəllifi olub.
1919-cu ildə Xalq torpaq komissarlığında işləyib. Kəndli əmək təsərrüfatları nəzəriyyəsi, kooperasiya, istehsalın yerləşdirilməsi nəzəriyyəsi, aqronomluq onun tədqiqatının əsas istiqamətləridir. O, kooperativ hərəkatının inkişafına böyük fikir verib. Çayanov sübut etmişdi ki, kənd təsərrüfatının effektiv inkişafı böyük olmayan ailə-əmək təsərrüfatlarının fəaliyəti nəticəsində əldə edilir.
== İqtisadi fəaliyyəti ==
Rus iqtisadçısı və eyni zamanda şair və yazıçı kimi də məşhurlaşmış Aleksandr Vasilyeviç Çayanov ensiklopedik təfəkkürlü tanınmış alimlərdən olmuşdur. Kooperasiya ideyalarının davamlı təmsilçisi A.V.Çayanov həm də rus-sovet elitasının 1937-ci il qurbanlarındandır. Onun müvafiq istiqamətdə əsas elmi araşdırma və tədqiqatları "Kəndli təsərrüfatının təşkili", "Kooperasiyanın qısa kursu", "Kənd təsərrüfatı kooperasiyasının başlıca formaları və ideyaları" əsərləri təşkil edir. A. Çayanovun nəzəriyyəsi konseptual istiqamətlərini təşkilati planlılıq və müəssisənin istehsal xərclərinin ölçülərində təcəssüm olunan diferensial optimumları ehtiva edir.