Cənubi Qafqaz seçki dairəsi (Ümum-Rusiya Müəssislər Məclisinə seçkilər, 1917)
Cənubi Qafqaz seçki dairəsi (Ümum-Rusiya Müəssislər Məclisinə seçkilər,1917) — 1917-ci ildə Ümum-Rusiya Müəssislər Məclisinə seçkilər üçün yaradılmış seçki dairəsi. Seçki dairəsi Bakı quberniyasını, Yelizavetpol quberniyasını, İrəvan quberniyasını, Kutaisi quberniyasını, Tiflis quberniyasını, Batum vilayətini, Qars vilayətini, Suxumi qəzasını və Zaqatala dairəsini əhatə edirdi. Cənubi Qafqaz dairəsi üzrə seçkilərdə iştirak edən 15 partiya arasında menşeviklər, müsavatçılar və daşnaklar, ümumilikdə, səslərin 73%-ni qazandılar. Səslərin sayına görə Cənubi Qafqaz üzrə ikinci yerə çıxan müsavatçılar bolşeviklərdən 6 dəfə çox səs topladılar. Azərbaycan milli hərəkatında Müsavat Partiyasının aparıcı mövqeyi seçkilər nəticəsində əyani təsdiqini tapdı. Azərbaycan partiyalarının aldığı səslərin 66,5%-i Müsavatın payına düşürdü.
Azərbaycan partiyalarına verilən səslərin 17,2%-ini alan Müsəlman Sosialist Blokunun uğuru onun aqrar məsələlərdə radikal mövqeyi ilə izah oluna bilər. Belə ki, blok səslərin çoxunu Azərbaycanın qərbindəki kənd rayonlarında qazanmışdı. Azərbaycan partiyalarına verilən səslərin 9,1%-ini menşevik Hümmət, 7,2%-ini İttihad partiyaları aldı.
== Yaradılması ==
Ümum-Rusiya Müəssislər Məclisinə seçkilər üçün seçki dairələri adətən quberniyaların və ya bölgələrin sərhədləri daxilində keçirilirdi.