Şamoy Çobanov
Şamoy Çobanov (19 yanvar 1965, Ağköynək, Qazax rayonu – 19 avqust 1990, Yuxarı Əskipara, Qazax rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.
== Həyatı ==
Şamoy Məhyəddin oğlu Çobanov 19 yanvar 1965-ci ildə Qazax rayonunun Ağköynək kəndində anadan olmuşdur. 1982-ci ildə 1 saylı Qazax şəhər ortaməktəbini bitirdikdən sonra, avtonəqliyyat müəssisəsində əmək fəaliyyətinə başlamışdır. Ş. Çobanov 1983-cü ildə Sovet Ordusu sıralarına çağırılır. 1985-ci ildə ordudan tərxis olunaraq, Qazax rayonuna qayıdır. 1989-cu ildə Qazax Rayon Polis Şöbəsində işə qəbul olunur.
Ermənilərin Xeyrimli, Yuxarı Əskipara, Bağanis Ayrım kəndlərinə hücuma keçdiyi zaman Ş. Çobanov da xüsusi qəhrəmanlıq nümayiş etdirmişdir. Cəsur polis işçisi tez-tez döyüş bölgələrinə gedir, erməni yaraqlıları ilə üzbəüz gəlirdi. 1990-cı il 19 avqustda Yuxarı Əskipara kəndində gedən döyüşdə Şamoy xüsusi qəhrəmanlıq nümayiş etdirərək, ermənilərə qarşı döyüşür. "Qanlı dərə" deyilən yerdə erməni silahlı qüvvələrinə qarşı rəşadət nümayiş etdirir.