Şəmsəddin Sultanov
Şəmsəddin Qurban oğlu Sultanov (1917, Pirquluoba, Quba qəzası – 20 oktyabr 1976, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR ticarət naziri (1954), "Azərittifaq"ın sədri (1974–1976).
== Həyatı ==
Şəmsəddin Qurban oğlu Sultanov 1917-ci ildə hazırkı Xaçmaz rayonunun Pirquluoba kəndində yoxsul kəndli ailəsində anadan olmuşdur. Əmək fəaliyyətinə 16 yaşında kolxozun hesabdarı kimi başlamışdır.
1938-ci ildə Bakı Xalq Təsərrüfatı Uçotu Texnikumunu bitirdikdən sonra Voronej Dövlət Universitetinə daxil olan Şəmsəddin Sultanov Böyük Vətən müharibəsi başlandığı üçün təhsilini bitirə bilməmişdir. 1941-ci ildə Sovet Ordusu sıralarına çağırılmışdır. Ordudan tərxis edildikdən sonra o, təhsilini və əmək fəaliyyətini davam etdirmiş, 1950-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir. Rayon partiya komitəsinin təbliğatçısı, şöbə müdiri, katibi, Azərbaycan Kommunist Partiyası Bakı Komitəsinin şöbə müdiri, "Azərneft" Birliyi rəisinin müavini vəzifələrində çalışmışdır.
Şəmsəddin Sultanov 1952-ci ildən ömrünün axırınadək təsərrüfat və sovet orqanlarında rəhbər vəzifələrdə olmuşdur. O, istehsal kooperasiyası, Azərbaycan SSR Ticarət Nazirliyi və Dövlət Plan Komitəsi sistemlərində çalışmışdır. Azərbaycan SSR ticarət nazirinin müavini, ticarət naziri, Azərbaycan İstehlak Cəmiyyətləri İttifaqı idarə heyəti sədrinin müavini, Bakı Şəhər Ticarət İdarəsinin rəisi, Dövlət Plan Komitəsində şöbə rəisi, nazirin birinci müavini vəzifələrini daşımışdır.