Əminağa Sadıqov
Əminağa Sadıqov (18 dekabr 1962, Lerik) — Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, texnika elmləri doktoru, professor. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini.
Əminağa Sadıqov 18 dekabr 1962-ci ildə Lerikdə anadan olmuşdur. 1980-ci ildə Bakı şəhərində 1 saylı respublika fizika-riyaziyyat təmayüllü orta məktəbi bitirərək Dnepropetrovsk Dövlət Universitetinin Tətbiqi-riyaziyyat fakültəsinə qəbul olunmuş, 1985-ci ildə adı çəkilən universiteti bitirmişdir. 1992-ci ildə həmin Universitetdə fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini almışdır. 2013-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunda "Fövqəladə hallarda idarəetmə məsələlərinin həlli üçün riyazi modellər və informasiya texnologiyaları" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və texnika elmləri doktoru alimlik dərəcəsini almışdır. 2010-cu ildə dosent, 2016-cı ildə professor elmi adını almışdır. 2 may 2017-ci ildə "Kompüter elmləri" ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib. 1 may 2019-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının akademik-katibi(vitse-prezidenti) və AMEA Rəyasət Heyətinin üzvü seçilmişdir.
1 dekabr 2020-ci ildə AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru təyin edilmişdir.