ÇOLPAN
ÇÖLÜ
OBASTAN VİKİ
Çovğun
Çovğun- düzənliklərdə qar yağa-yağa güclü külək əsməsi, küləyin qarı yer səthi üzrə hərəkət etdirməsi və sovurmasıdır. Çovğun hadisələri siklonlarda soyuq cəbhələrin keçməsi ilə bağlı olan kəskin soyuma zamanı yaranır. Qar örtüyünün sovrulması ilə çovğunlar bir sahəni çılpaqlaşdırır, digər sahələrdə isə qar təpəsi yaradır. Çovğunun bir neçə növü vardır: səth çovğunu; alt çovğun; ümumi çovğun. Səth çovğunu çox alçaqdan əsən küləklə yaranır və qar bilavasitə qar örtüyünün səthindən sovrulur. Alt çovğun yumşaq qar böyük hündürlüyə qalxır və görünüşü xeyli pisləşdirir. Alt çovğunun yaranma ehtimalı adətən təzə yağmış qar və kifayət qədər alçaq temperaturlarda daha böyük olur Ümumi çovğun kifayət qədər güclü küləklə və bərk qar yağma ilə müşayət olunur Azərbaycanda çovğun çox az təkrarlanmaya malik olub, yalnız Abşeron yarımadasında qeyd edilir (1959, 1972-ci il). Güclü qaryağmalar və çovğunlarda kifayət qədər hündür qar təpələri yaranmış, dəmiryol nəqliyyatı müəyyən müddətə dayandırılmışdır, şəhər nəqliyyatının normal hərəkəti pozulmuş, qarın ağırlığı və küləyin təsirindən ağacların budaqları qırılmış, neft sənayesinə və heyvandarlığa böyük zərər dəymişdir. Qar örtüyünün dayanıqsız olduğu Kür-Araz ovalığında, ayrı-ayrı yerlərdə 10-20 ildə bir dəfədən çox olmayaraq zəif çovğun hadisələrinə rast gəlmək olar. Abşeron yarımadası və ona yaxın olan yerlərdə, xəzrinin hakim olduğu ərazilərdə orta çoxillik dövrdə çovğunlu günlərin sayı il ərzində 1-3 gün təşkil edir.
İranda çovğun (1972)
İranda çovğun (fars. برف و بوران ۱۳۵۰ ایران‎) - 1972-ci ilin 3 fevral tarixindən 9 fevral tarixinə qədər davam etmiş şiddətli çovğun. İranın şimal-qərb, mərkəzi və cənubi ərazilərində baş vermiş çovğunlar nəticəsində azı 4 min nəfərə yaxın şəxs həlak olmuşdur. Öz həcminə və vurduğu ziyana görə çovğun Ginnesin Rekordlar Kitabına daxil edilmişdir. Təbii fəlakət nəticəsində ən azı 200 kənd yer üzündən silinmişdir, bəzi yerlərdə qarın hündürlüyü 9 metrə qədər yüksəlib. Çovğun dörd illik quraqlıq mövsümündən sonra gəlmişdir. Təbii fəlakət nəticəsində İranda nə qədər insanın həlak olduğu məlum deyil. Qəfil yağan şiddətli qar nəticəsində onlarla dağ kəndinə gediş-gəliş kəsilmiş və nəticədə mühasirədə qalmış insanların bir çoxu soyuq havanın səbəb olduğu xəstəliklərdən və açlıqdan vəfat etmişdilər. Çovğun nəticəsində adətən isti hava şəratinə malik olan və mülayim qışları ilə tanınan İranın cənub hissəsinə belə 8 metr hündürlüyündə qar yağmışdır. İttilaət qəzeti tərəfindən 2010-cu ildə hazırlanmış yeni araşdırma xarakterli hesabatlara görə ən çox insan itkisi Fars ostanının şəhərlərindən və Sipidan şəhristanının mərkəzi olan Ərdəkan şəhərində qeydə alınmışdır.
2014 Nepal qar çovğunu fəlakəti
2014 Nepal qar çovğunu fəlakəti (nep. नेपाल हिमपात) — 2014-cü ilin 14 oktyabrdan mərkəzi Nepalın Annapurna və Dhaulagiri dağlarında və ya ətrafında baş verən və müxtəlif millətlərdən ən azı 43 insanın öldüyü fəlakətdir. Ölənlər va yaralanlar mövsümə uyğun olmayan və son 10 ildə Nepalda baş vermiş qar çovğunlarının ən şiddətlisi hesab edilən qar çovğununa tutulublar. Bu hadisə Nepalda indiyə qədər səyyahların başına gələn ən böyük fəlakət hesab edilir.
1888-ci il böyük çovğunu
1888-ci il böyük çovğunu (ing. Great Blizzard of 1888) - 1888-ci ilin 11-14 mart tarixləri arasında Şimali Amerikada baş vermiş şiddətli çovğun. Amerika Birləşmiş Ştatları və Kanada tarixinin ən şiddətli qar fırtınalarından hesab olunan 1888-ci il çovğunu şərq sahili boyunca Çesapik körfəzi Men ştatının ərazisinə qədər effektiv olmuşdur. Çovğun həmçinin Kanadanın Yeni Şotlandiya, Nyufaundlend və Labrador, Nyu-Bransuik və Şahzadə Eduard Adasındakı həyatı iflic etmişdir. Nyu-Cersi, Nyu-York, Massaçusets, Rod-Aylend və Konnektikut ştatlarının bəzi yerlərində yağmış qarın hündürlüyü 147 sm-ə çatmış, 72 km/saat sürətə çatan küləklər nəticəsində isə çoxlu sayda qar yığınları yaranmışdır. Çovğun nəticəsində dəmiryolları bağlanmış və insanlar bir həftəyə qədər evlərində qalmaq məcburiyyətində qalmışdılar. Dəmiryolu və teleqraf xətlərinin sıradan çıxması nəticəsində şəhər infrastrukturlarına ciddi ziyan dəymişdir. 1888-ci il çovğunundan sonra Şimali Amerikanın bir çox kommunikasiya xəttləri yeraltı şəraitə uyğunlaşdırılmışdır.

Digər lüğətlərdə