1. Əsası, bünövrəsi, təməli, özülü olan; köklü, möhkəm.
2. Kifayət dərəcədə əsası olan, ciddi, tutarlı, inandırıcı, lazımınca əsaslandırılmış. Əsaslı səbəb. Əsaslı sübut. Əsaslı təklif.
– Belə mühüm bir məsələni Telli kimi avam bir qadına qandırmaq üçün əsaslı dəlillər və sübutlar lazım gələcəkdir.
3. Doğru, gerçək, həqiqi; əsli, əsası olan. Əsaslı hadisələr. Əsaslı şayiələr.
4. Dərin, ciddi, çox mühüm, prinsipial. Əsaslı fikir ayrılıqları. Aralarında əsaslı ixtilaf vardır. Əsaslı məsələ.
□ Əsaslı surətdə – kökündən, ciddi surətdə, prinsipial. Fikirlər əsaslı surətdə ayrılır.
– …Göndərilən təftiş komissiyası aylarla oturar, … bu dairə ittifaqın işini əsaslı surətdə yoxlardı.
5. Hərtərəfli, incədən-incəyə.
Baxış bəygildə ildə iki dəfə ev tökülür, əsaslı yıryığış olur.
◊ Əsaslı kapital qoyuluşu iqt. – əsaslı (ən mühüm) inşaat üçün buraxılan vəsait (pul).Əsaslı təmir – binanın (qurğunun, maşının) əsas hissələrinin tam təmiri.
Kabinet çox səliqəli, təmiz, əsaslı təmirdən çıxmış bir otaqdı.
Əsaslı tikinti – xalq təsərrüfatının əsas fondlarının genişlənməsini təmin edən sənaye müəssisələri və mənzil inşaatı.