YÜK

is.
1. Daşınmaq, aparılmaq üçün hər cür şey, daşınmalı olan mal və s. Yükü boşaltmaq. Heyvanın dalına yük çatmaq.
– Ağ dəvə düzdə qaldı; Yükü Təbrizdə qaldı; Oğlanı dərd apardı; Dərmanı qızda qaldı. (Bayatı).

□ Yük heyvanı – yük daşıyan heyvan.
// İçində şey olan torba, kisə, yeşik və s. Yükləri bir yerə yığmaq.
// Eyni mənada saylarla. [Heydər bəy:] Heç kəs qorxudan gedib gətirə bilmir.
Məgər handa bir rəşid və qoçaq adam cürət edib bir yük, iki yük çıxarda bilər. M.F.Axundzadə.
O ki qaldı danışığımız, cümlətani bir yük buğda olmuşdur. S.Rəhimov.

// Ağır şey; ağırlıq. Bu bir yükdür ki.
Yük maşını – ağır şeylər (yük) daşımaq üçün böyük avtomobil.
Bahadır çayçı dükanının qabağında bir-iki yük maşınına yaxınlaşdı. S.Rəhman.

Yük vurmaq – yük yükləmək. Paroxoda yük vurmaq.
2. Səliqə ilə üst-üstə yığılmış yorğan-döşək, xalça-palaz.
Bu zaman bir quş alaçığın ağzından ildırım kimi şığıyıb yükün altına soxuldu. A.Şaiq.
Bütün avadanlıq evin yuxarı tərəfinə yığılıb, üstünə köhnə palaz çəkilmiş yoxsul bir yükdən ibarət idi. İ.Əfəndiyev.

// Yük yığılan, camaxatan. Yorğan-döşək yükdədir. Yükdən bir yorğan götürdü.
– Kilim, gəbə yükdədi; Gözlərim gədikdədi; Dönüb geri baxsana; Sevdiyin yar dikdədi. (Bayatı).

□ Yük sandığı – üzərinə yük yığmaq üçün iri sandıq.
İki dəst yorğan-döşək, nazbalış, iki yük sandığı, bir neçə mücrü, taxçalara qoyulası mücrülərin altına gümüşdən məmul zirəndazlar tədarük görüləcəkdir. R.Əfəndiyev.

Yük yeri – yük yığmaq üçün divarda açılan yer, şkaf.
3. məc. Ağır vəzifə, məsuliyyətli iş; məsuliyyət. Mən bu yükü öhdəmə götürə bilmərəm. Bu yükün altından çıxmaq çətin olacaqdır.
– Rüstəm kişi, doğrudan da, yükünün ağır olduğunu hiss etdi. M.İbrahimov.

// məc. Yorucu, əziyyətli, sıxıcı iş; qayğı, sıxıntı, ağırlıq. Bu da bizə bir yük oldu. Bu yükün altından məni qurtar.
– Gülsümün yükü və dərd-qəmi gündən-günə artmaqda idi. Ə.Haqverdiyev.

4. fiz. Hər hansı bir cisimdə olan elektrikin miqdarı. Müsbət yük.
◊ Yük etmək (eləmək) – lazım olmayan, artıq bir şeyi özü ilə götürmək.
[Bahar Gülpəridən soruşdu:] Xanım, üç aydan ötrü bir belə şeyi yük eləyib aparmağın nə mənası var? S.S.Axundov.

Yükünü tutmaq1) hər cür lazımi şeylərlə (adətən qiymətli şeylərlə) özünü təmin etmək; mal-dövlət yığmaq.
[Hacı Fərəc:] Yusif səkkiz yaşındadır, gəlib yetişənədək mən yükümü tutaram. N.Vəzirov;

2) dan. çox yemək, doymaq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • YÜK 1. YÜK (daşınmaq, aparılmaq üçün hər cür şey) [Yasavul:] Ağa, murov bir qaçaqçı da yük ilə tutub göndəriblər (M
  • YÜK ağırlıq
  • YÜK yorğan-döşək

Etimologiya

  • YÜK Вьюк şəklində rus dilinə də keçib. Kəlmənin qədim mənası “üstünə qoyulan” (yükləmək) deməkdir və o, yüksək sözü ilə kökdaşdır
YUYUNTU
YÜKALAN

Digər lüğətlərdə