Azəricə
Azərbaycan dili və ya Azərbaycan türkcəsi keçmişdə Azərbaycan Respublikasında sadəcə Türk dili (Güney Azərbaycanda: Türk dili) — Azərbaycan Respublikasının və Rusiya Federasiyası Dağıstan Respublikasının rəsmi dövlət dili. Ural-Altay dilləri ailəsinin türk dilləri şöbəsinin Oğuz sinfinin qərb qrupuna daxildir.
Azərbaycan dilindən Azərbaycan, Güney Azərbaycan, İraq, Gürcüstan, Rusiya, Türkiyə, Ukrayna, Suriya, Əfqanıstan ərazisində istifadə olunur.
Azərbaycan Respublikası ərazisində bu dilin cüzi fərqlənən 4 dialekti (şivə) vardır:
Şərq dialekti — Quba, Şamaxı, Bakı, Muğan və Lənkəran dialektləri
Qərb dialekti — Qarabağ və Qarabağətrafı rayonların dialektləri
Şimal dialekti — Şəki və Zaqatala-Qax dialektləri
Cənub dialekti — Naxçıvan, Ordubad, İrəvan dialektləri
Azərbaycan dili geneoloji bölgüyə əsasən türk dillərinə mənsubdur. Buna görə də, Azərbaycan türkcəsi olaraq adlandırılır. Başqa dil qruplarında olduğu kimi, bu qrupa daxil edilən dillər də bir-birinə leksik, morfoloji və sintaktik cəhətdən çox yaxındır. Dialektlər bir-birindən fonetik xüsusiyyətlərinə görə fərqlənirlər.
Ənənəvi-morfoloji və ya tipoloji təsnifat baxımından Azərbaycan dili iltisaqi (aqlütinativ) dillər qrupuna daxildir. İnsirafi (flektiv) dillərdən fərqli olaraq Azərbaycan dilində bütün söz kökləri leksik və qrammatik mənası olan müstəqil sözlərdir, qrammatik mənalar və qrammatik əlaqələr isə həmişə söz kökündən və əsasından sonra gələn təkmənalı (monosemantik) şəkilçilər vasitəsilə ifadə edilir.
== Təsnifat ==
Azərbaycan dili türk dilləri ailəsinin oğuz qoluna daxildir.