Ağa Mikayıl hamamı
Ağa Mikayıl hamamı — İçərişəhərdə yerləşən və XVIII əsrə aid olan tarix-memarlıq abidəsi. Hamam Şamaxı sakini Hacı Ağa Mikayıl tərəfindən İçərişəhərin cənub-qərb tərəfində, əsas küçələrdən biri olan Kiçik Qala küçəsində tikilmişdir. Hamamın yerləşdiyi ərazi xalq arasında indi də Hamamçılar məhəlləsi adlanır.
Yarımyeraltı tipə malik hamamlardan fərqli olaraq tamamilə yerüstü tikili xüsusiyyəti daşıyan Ağa Mikayıl hamamı daxildən soyunma və yuyunma zalları, həmçinin kiçik hücrə yerlərinə divarlar yox, sütunlar vasitəsilə bölünmüşdür.
== Tarixi ==
Hamam XVIII əsrdə Şamaxı sakini Hacı Ağa Mikayıl tərəfindən İçərişəhərin cənub-qərb tərəfində, əsas küçələrdən biri olan Kiçik Qala küçəsində tikilmişdir. Hamamın yerləşdiyi ərazi xalq arasında indi də Hamamçılar məhəlləsi adlanır.
Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" operettası əsasında 1956-cı ildə çəkilmiş eyniadlı filmin bəzi hamam səhnələri bu hamamda çəkilmişdir (eyni zamanda çəkilişlər Gəncədəki Çökək hamamda aparılmışdır). Buna görə də, xalq arasında hamam həm də, filmin əsas qəhrəmanının adı ilə "Məşədi İbad hamamı" kimi də tanınır.2011-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Bakı şəhərinin tarixi mərkəzinin ətraflı və əsaslı bərpa planı"na əsasən hamam azərbaycanlı və xarici mütəxəssislərin iştirakı ilə brpa işləri aparılmışdır.
== Memarlıq xüsusiyyətləri ==
Yarımyeraltı tipə malik hamamlardan fərqli olaraq tamamilə yerüstü tikili xüsusiyyəti daşıyan Ağa Mikayıl hamamı daxildən soyunma və yuyunma zalları, həmçinin kiçik hücrə yerlərinə divarlar yox, sütunlar vasitəsiylə bölünmüşdür. Daxili həcmin bu cür təşkil edilməsi sayəsində, yarımyeraltı hamamlara məxsus yaxşı ifadə olunmuş xaçvari plan, dəqiq göstərilmiş kvadratla əvəz edilmişdir.Belə planın əsas xüsusiyyəti odur ki, böyük ərazinin kiçik hissələrə bölünməsi, onların dam örtüyünün də asan inşasına imkan yaradır.