Babaş Əfəndi Mikayılzadə
Babaş Əfəndi Mikayılzadə (1862, Bico, Şamaxı qəzası – 1957, Bakı) — 1862-1957-ci illərdə Azərbaycanda yaşamış, ömrünü İslam dininin təbliği ilə yanaşı, bolşevik və daşnaklara qarşı mübarizəyə həsr etmiş ictimai və din xadimi, "Məsail" imzası ilə şeirlər yazmış şair.
== Həyatı ==
Babaş Əfəndi Mikayılzadə 1862-ci ildə Şamaxı qəzasının Bico kəndində, çoxəsrlik ziyalılıq ocağı olan "Mollalar" nəslində Hacı Molla Bağının ailəsində dünyaya göz açmışdır.
==== Təhsili ====
Uşaq yaşlarından ətrafı çox "dərin" və zəkalı insanlarla zəngin olan Babaş müdərris qohumlarının əhatəsində formalaşmış və zəmanəsinin tanınmış elm adamlarından sayılan dayısı Hacı Əbdülhəmid Əfəndidən əsaslı biliklər almışdı. Gənc yaşlarından zəka və əqli ilə seçilən Babaş Əbdülhəmid Əfəndinin ona olan marağını artırmış, dayısı ona həm də ərəb və fars dillərini mükəmməl öyrətmişdir. Sonra dayısı onu Şamaxıya gətirmiş, onun təhsilini Şirvan Qazisi, İlahiyyat Doktoru Hacı Məcid Əfəndiyə tapşırmışdır. Babaşın yaddaş və idrakına heyran qalan Hacı Məcid Əfəndi ona xüsusi maraq və diqqət yetirmiş, onu daim nəzarətdə saxlamışdır. Şamaxıda ali-ruhani təhsilini başa vuran Babaş, "Hafizi-Quran" kimi buranı xüsusi diplomla bitirmişdir. Şamaxının nüfuzlu din xadimləri onu burada saxlamağa cəhd etsələr də, Babaş Əfəndi doğma kəndi Bicoya qayıdaraq ata-baba ocağının ziyalılıq ənənəsini davam etdirmiş, yaxın qohumlarının, eləcə də kəndin digər yeniyetmələrinin təhsili ilə məşğul olmuşdur. Bu dövrdə Babaş Mikayılzadə həm də ədəbi yaradıcılığa vaxt ayıraraq dini və klassik mövzuda əsərlər yazmış, sevdiyi şairlərdən tərcümələr etmişdir.
==== Bicodan Şamaxıya ====
1907-ci ildə fəaliyyətinin ən qızğın çağında Şirvan Qazisi Hacı Məcid Əfəndi onu Şamaxıya dəvət edir.